Modern.az

“Vüqar Hüseynovu buraxsınlar, camaatın pulunu qaytarsın” - Mühafizəçilərin ŞİKAYƏTİ

“Vüqar Hüseynovu buraxsınlar, camaatın pulunu qaytarsın” - Mühafizəçilərin ŞİKAYƏTİ

Aktual

29 Yanvar 2015, 11:31


“Azər Mühafizə” MMC-nin Şəmkir rayonu üzrə nümayəndəsi İlham Babayev, Tovuz rayonu üzrə bölgə nümayəndəsi Şahin Quliyev, Samux rayonu üzrə bölgə nümayəndəsi Zaur Xıdırov, Gədəbəy rayonu üzrə bölgə nümayəndəsi Simnar Əhmədov Modern.az saytının redaksiyasına şikayətlə müraciət ediblər. 

Onlar biliriblər ki, “Azər Mühafizə” MMC-yə qəbul olunarkən baş ofisə depozitlə pul qoyublar. Həmin depozitə uyğun olaraq hər birinə əmək haqqı müəyyən edilib.

Şikayətçilər deyir ki, işə Bakı şəhəri Binəqədi rayonun Biləcəri qəsəbəsində yerləşən baş ofis tərəfindən qəbul ediliblər və depozitləri də ora veriblər. “Əmək haqlarımız vaxtında verilirdi. Lakin 2014-cü il oktyabr ayından 2015-ci il yanvarın 20-dək çalışmağımıza baxmayaraq, əmək haqlarımızı ala bilməmişik”.

Şəmkir rayonu üzrə nümayəndə İlham Babayev bildirib ki, şikayətləri “Qala” mühafizə şirkətindəndir.
“Bizə dedilər ki, kim işə düzəlmək istəsə, pulu gətirin baş ofisə. Orda iş sistemi belədir ki, depozit qoyulur, sonra 36 gündən bir olaraq depozitin yarı fazini maaş olaraq alırsan. İşə düzələnlərin kimisi 1000, 2000, 5000, 10000 manat depozit qoyaraq, aybay maaşını aldı. Oktyabr ayından etibarən maaşlar ləngidi və yanvar ayının ortalarında baş ofisin rəisi Vüqar Hüseynov həbs edildi. Bundan sonra depozit qoyan vətəndaşlar hamısı bölgə rəsilərinin üstünə qalxaraq öz depozitlərini tələb etməyə başladılar. Baxmayaraq ki, pulu baş ofisə veriblər, ancaq pullarını bizdən tələb etdirlər, çünki onları işə biz cəlb etmişik. 
Vüqar Hüseynov öz vəkili vasitəsilə məlumat göndərib ki, bir ay müddətinə polis nəzarətində olmaqla azadlığa buraxıla bilər: “Deyib ki, əgər bir aylıq azadlığa çıxarsa, hər kəsin pulunu özünə qayataraq. 
Biz mühafizə şirkətinin əməkdaşları olaraq baş ofisin rəisi Vüqar Hüseynovdan şikayətçi deyilik. Biz sadəcə xahiş edirik ki, onun bizə olan borclarını ödəməsi üçün şərait yaradılsın”.

 Tovuz rayonu üzrə bölgə nümayəndəsi Şahin Quliyev bildirib ki, yeni ildən əvvəl Vüqar Hüseynov Tovuz rayonunda olub: “Şəxsi heyətə sıra baxışı keçirdi. Bütün şəxsi heyətin qarşısında kişi kimi söz verdi ki, yanvar ayının 10-a qədər noyabr-dekabr maaşlarını verəcək. Yanvar ayının əvvəlində maaşlar barədə soruşmaq üçün baş ofislə əlaqə saxladım. Vüqar Hüseynov mənə bildirdi ki, ayrı-ayrı rayonlara maaşların nə vaxt veriləcəyi cədvəli tutulub. Tovuda yanvarın 18-də veriləcək. Sonra da rəis tutuldu. Bizsə çarəsiz qalmışıq. Depozit qoyan insanların hamısı əsgərliyi yenicə bitirənlərdi. Rayona, evimizə gedə bilmirik. Həmin uşaqların valideynləri bizdən pullarını tələb edirlər, ailə üzvlərimizi incidirlər.
Onlar da öz növbəsində haqlıdır. Çünki eləsi var ki, kredit götürüb, sələmə girib bu işə düzəlib.
Vüqar Hüseynov bizə bildirdi ki, pullar bankdadır, yanvar ayından sonra bütün maaşlar ödəniləcək. Biz də səbr etdik, gözlədik, gah dedi “bank məni aldatdı”, gah dedi “bank pulları vermir” və s. Sonra da həbs olundu. Tək istədiyimiz odur ki, onun işçilərin pullarını geri ödəməsi üçün şərait yaradılsın”. 

Gədəbəy rayonu üzrə bölgə nümayəndəsi Simnar Əhmədov deyir ki, hər kəsi inandıran Daxili İşlər Nazirliyinin lisenziyasıdır:
“Sənədin üstündə nazirliyin lisenziyası, cənab Ramil Usubovun imzası, möhürü var. Biz buna necə şübhə ilə yanaşa bilərdik axı... Özəl şirkət olsa da, Daxili İşlər Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. 
Nazirlikdən məlumat aldıq ki, iş hazırda Baş Prokurorluqdan Daxili İşlər Nazirliyinin İstintaq idarəsinə göndərilib, müstəntiq Vüqar Tağıyevə tapşırılıb, başqa məlumatımız yoxdur”.

“Rəis Vüqar Hüseynov həbs olunubsa, onun işlərini icra edəcək şəxslər yoxdurmu” sualına cavab olaraq şikayəçilər deyir ki, işləri icra edəcək müavinlərdir ki, onlar da həbsdədir. 


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mühafizə şirkətlərinə lisenziya verilməsi Prezidentin “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu və onun tətbiqi barədə” Fərmanı (2007), eyni zamanda “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” (2002) Fərmanına əsasən tənzimlənir.

“Hər iki fərmanda məsələ birbaşa olaraq icra hakimiyyəti orqanı kimi Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu sahədə fəaliyyət göstərən istənilən hüquqi və fiziki şəxs ilk növbədə nazirliyə ərizə ilə müraciət etməlidir. Normativ aktlarda qeyd olunmuş sənədlər toplandıqdan sonra həmin məsələyə baxılır. Həmin sənədlərdə tələb olunan bütün göstəricilər qaydasında olduğu təqdirdə müraciət edən hüquqi və fiziki şəxsə lisenziya verilir”. 

Baş verənlərlə bağlı Baş Prokurorluq da “Qala” BTX və “Azər Mühafizə” MMC-nin  direktoru Vüqar Hüseynov barədə məlumat yayıb. Həmin məlumata görə, Vüqar Hüseynov bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı adamları işə düzəltmək adı ilə aldadıb.
Həmin adamlardan guya, cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Onlara ötən ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən ödəyib. Sonradan isə “yoxa çıxıb”.
Buna görə də Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqı Bakı Şəhər Baş Polis İdarəsi aparır. 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!