Modern.az

Tovuzda məişət zorakılığı əleyhinə tədbir keçirilib

Tovuzda məişət zorakılığı əleyhinə tədbir keçirilib

30 Avqust 2010, 23:01

Avqustun 30-da Tovuz rayonunda "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın məqsədi məişət zorakılığı barədə qadınları maarifləndirmək və bu sahədə qəbul edilən qanunlarla qadınları tanış etməkdir.

"Milli Məclisdə qəbul olunan məişət zorakılığı ilə bağlı qanun cəmiyyətdə çox böyük maraq doğurub və bu məsələ ilə bağlı çoxlu görüşlər və tədbirlər keçiririk. Lakin biz qərara gəldik ki, qanunun icrası və onun müzakirəsi ilə bağlı bütün rayonlarda konfrans formasında görüşlər keçirək. Bununla da insanlar daha yaxından dərk etsinlər ki, bu qanun nə üçün qəbul olunub", - Hüseynova deyib.

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Tağıyev rayonda qadınların cəmiyyətdə rolu barədə məlumat verərək bildirib ki, Tovuzda 159 764 nəfər əhalidən 79 400 nəfərini qadınlar təşkil edir. Təhsil sahəsində 4069 nəfərdən 3016 nəfəri, tibb sahəsində çalışan 2122 nəfərdən 1809 nəfəri qadındır. Tovuzda 375 bələdiyyə üzvündən hazırda 115 nəfəri qadındır. 12 bələdiyyə orqanına isə xanımlar rəhbərlik edir.

Millət vəkili Qənirə Paşayeva çıxışında məişət zorakılığına qarşı mübarizənin vacibliyindən danışıb. O qeyd edib ki, bəzi ölkələrdə zorakılıq halları olsa da, belə hallar gizlədilir.

"Lakin bu formada zorakılıq bir az da artacaq. Biz isə bu sistemin əksinə olaraq zorakılıq hallarına rast gələn kimi ona qarşı mübarizə aparmalıyıq ki, xoşagəlməz hallar artmasın".

Q.Paşayeva bildirib ki, ona daxil olan ərizələrin əksəriyyəti əmlak məsələləri ilə bağlı olur.

"Boşanma vaxtı əmlak bölgüsündə daim mübahisələr olur. Məhz belə halların qarşısını almaq üçün mütləq vacibdir ki, nikaha daxil olan şəxslər arasında əmlak məsələləri ilə bağlı nikah müqaviləsi imzalansın. Bu isə gələcəkdə ailələrin xoşagəlməz hallarla qarşılasmasının qarşısını alar", - deputat qeyd edib.

Deputatın sözlərinə görə, nikah zamanı məcburi tibbi arayış və nikah müqaviləsinin tətbiqi vacibdir.
 
Millət vəkili vurğulayıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən bir sıra millət vəkilləri Ailə Məcəlləsində müəyyən dəyişikliklərin aparılması təklifi ilə çıxış edirlər. Bu təkliflər arasında erkən nikahlara qarşı mübarizə aparılması istiqamətində nəzərdə tutulan addımlardan biri kimi qızların rəsmi nikah yaşının da oğlanlarla eyni həddə -18 yaşa qaldırılması da var. Və bu, çox ədalətlidir, çünki hər bir gənc qız orta məktəbi 18 yaşında bitirir. Eyni zamanda, Məcəlləyə dəyişiklik arasında məcburi tibbi arayışın verilməsi və nikah müqaviləsinin imzalanması da var.

Deputat deyib ki, parlamentdə yaxın gələcəkdə Məcəlləyə dəyişikliklər edilməsi zamanı bu mövzuların geniş müzakirə olunacağına və cəmiyyətimizi bu istiqamətdə narahat edən problemlərin aradan qaldırılacağına inanır.

Sonda Hicran Hüseynova bildirib ki, məişət zorakılığı ilə mübarizə aparmaq üçün qadınların hüquqlarını yaxşı bilmələri vacibdir və bu sahədə mütəmadi olaraq maarifləndirici tədbirlər keçiriləcək.

Tədbirdə Qazax, Gədəbəy, Tovuz, Şəmkir Ağstafa rayonlarının fəal qadınları iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir