Modern.az

“Girov fərdi deyil, bütün Azərbaycanın problemidir”

“Girov fərdi deyil, bütün Azərbaycanın problemidir”

31 Yanvar 2015, 11:01

2014-cü il iyunun 29-da Dilqəm Əsgərov və Şahbaz Quliyev yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər.

Müəyyən qurumlar, dövlət rəsmiləri girovlarımızın azad olunması üçün çalışırlar. Maraqlıdır, Qarabağdan olan deputatlar özəl olaraq hansı addımlar atırlar? 

Ağdam kənd seçki dairəsindən deputat seçilən Bəxtiyar Sadıqov: “Bu məsələdə hər bir deputatın fərdi qaydada nəsə etməyə çalışması effekt verən hal deyil. Bu iki azərbaycanlının biri Rusiya, digəri Azərbaycan vətəndaşıdır. Onlar doğmalarının yatdığı torpaqları ziyarət etmək üçün ora gediblər. İkincisi isə onları heç kimin tanımadığı qondarma bir qurumun məhkəməsi mühakimə edib. Girovluqda olan insanlarımız faktiki olaraq heç bir sərhəd keçib, heç bir qanun pozmayıblar. 

Rusiyanın xarici işlər nazirliyi açıqlama verdi ki, öz vətəndaşları ilə bağlı Ermənistana müraciət edəcəklər: “Ancaq etmədilər. İnsan haqları gələndə yaxasını cıran bütün beynəlxalq qurum və təşkilatların biri hüququ pozulmuş azərbaycanlıların haqlarını müdafiə etmədi. Buna görə də bu məsələ sistemli şəkildə dövlətin də dəstəyi olmaqla müəyyən ictimai qurumlar, hüquq müdafiə təşkilatları ilə birgə səylə hüquqi prosedurları gözləməklə həyata keçiriməlidir. Bununla bağlı addım atılıb. Avropa Məhkəməsinə müraciət edilib. Məsələnin hüquqi yolu budur, razılaşdırılmamış addımlar atanda ermənilərin legitimliyi, məhkəmə qərarının tanınması kimi hal yaşana bilər. Elə etməliyik hər şey hüquqi cəhətdən əsaslandırılmış, səriştəli şəkildə olsun və arxasında təkidlə durmaq lazımdır. Buna görə də biz fərdi qaydada müraciət etməmək qərarına gəlmişik. 

Dövlətin də, prezidentin də mövqeyi bəllidir. Cənab prezident elə bir tribunadan səslənib ki, artıq bunun hansısa bir Qarabağlı deputatın etməsi məqsədəmüvafiq deyil. Girov məsələsi birimizin deyil, Azərbaycanındır”. 

Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmiş Elman Məmmədov:“Azərbaycanlılar girov düşəndən münasibət bildiririk, məsələ bizim gündəmimizdən çıxmayıb. Təbii ki, səsləndirdiyimiz hər bir fikir də yerinə çatır. Eyni zamanda parlamentin bu istiqamətdə mövqeyi bəllidir. İstər Qarabağlı deputat ol, istər olma, hər birimiz Azərbaycan vətəndaşııq. İstər deputat ol, istər olma, bu, hər bir azərbaycanlını narahat edir. Mənə elə gəlir ki, bu Azərbaycanın proeblemidir, cənab prezidentimiz də daim bunu gündəmdə saxlayır. 

Bildiyiniz kimi İlham Əliyev bu məsələdə işlərin ən yüksək səviyyədə aparılması üçün çalışır. İnşallah hər birimizin ürəyindən keçən odur ki, girovlar azad olsun. Bizim dinc sakinlərimiz öz torpaqlarında işğalçılar tərəfindən girov götürülüb. Ancaq bizim əlimizdə Azərbaycana təcavüz etmiş, əlində silah ölkəmizə qarşı təxribat törədən erməni hərbiçiləri var.

Hər şeyin bir yolu var, onlar mütləq azad olacaqlar. Bu yöndə biz icmamızın adından müxtəlif təşkilatlara müraciət etmişik”. 

Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş İmamverdi İsmayılov: “Ermənilər ikili mövqe tuturlar. Ona görə də biz qeyd-şərtsiz girovların azad olunmasını tələb edirik. Onlar öz vətənlərinə gediblər, heç bir qanun pozmayıblar. Ermənistan Azərbaycan torpaqlarında azərbaycanlıları girov götürür. Amma bir xarici təşkilat bunu Ermənistandan sormur ki, sənin Azərbaycan ərazilərində nə işin var? Ermənilər mütləq şəkildə Azərbaycan aid olan ərazilərdən çıxarılmaldır. Bunun alternativi yoxdur”.

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır