Modern.az

Azərbaycanın baş nazirinə erməni millətçisi necə terror planlaşdırıb…

Azərbaycanın baş nazirinə erməni millətçisi necə terror planlaşdırıb…

2 Fevral 2015, 22:11

Nəsib bəy Yusifbəylinin qətlinin sirri açılır

1920-ci ilin mayından sonra müəmmalı şəkildə qətlə yetirilən, cəsədinin harda olduğu bilinməyən Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəylinin qətl səbəblərinə işıq salan yeni tarixi faktlar var. Azərbaycan Mərkəzi Tarix Arxivinin 100-cü fonlunun sənədləri içərisində Nəsib bəy Yusifbəylini öldürməyə cəhd edən erməni millətinə mənsub Aram Budaqovun cinayət işi də saxlanılır. Cəmi 9 səhifədən ibarət olan bu kiçik qovluq nədənsə, indiyədək tədqiqatçıların diqqətindən kənar qalıb.

1919-cu il iyunun 7-də açılan cinayət işində Aram Budaqovun baş nazirə qarşı sui-qəsd planı açıqlanır, şahid ifadələri alınır, terrorda istifadəsi nəzərdə tutulan partalıyıcının ekspertizası barədə məlumatlar verilir.


Bakı Dairə Məhkəməsi prokroru katibinin sui-qəsdçi Aram Budaqovun həbsi ilə bağlı Azərbaycan Məhkəmə Palatası prokuroruna 7 iyun 1919-cu il tarixli təqdimatında Nəsib bəy Yusifbəylinin həyatına qarşı terrorun ssenarisi açıqlanır. Təqdimatda göstərilir ki, hadisə 1919-cu il iyunun 4-də baş verib: “Günorta vaxtı Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri Nəsib bəy Yusifbəyli Baryatinski küçəsində 6 nömrəli evdə yerləşən mənzilindən çıxıb alaqapıdan keçərək onu gözləyən avtomobilə yönəldi və həmin avtomobillə də çıxıb getdi. Bundan 5 dəqiqə sonra Nazirlər Soveti sədrinin qapısındakı Azərbaycan hökumətinin mühafizə bölüyünün süvarisi Əli Hüseyn Dadaşov pilləkənlərlə aşağı, giriş qapısına düşdü. Ə.Dadaşov tualetə getmək istəyirdi. O, giriş qapısının davamı olan və həyətə açılan arxa qapıya tərəf yönəldi. Buradakı qaldırıcı maşının yanında naməlum, şübhəli, üzdən erməniyə oxşayan və əlində nəsə tutmuş adam gördü. Dadaşovun “o əlindəki nədir” sualının cavabında şübhəli şəxs “bu, bombadır” deyib. Söyləyib ki, bu bombanı ingilislər satmaq üçün ona veriblər. Dadaşovun bombanı ona vermə tələbinə həmin naməlum şəxs əməl etməyib, müqavimət göstərib. Müqavimətin səmərəsiz olduğunu görən Dadaşov xidməti silahını ona tuşlayıb. Amma naməlum adam əli ilə mühafizəçinin tüfəngindən yapışıb və müqavimət göstərib. Dadaşov yubanmadan, cəld revolver çıxarıb, alaqapıdakı digər mühafizəçi yoldaşı Mir Qasım Mirağa oğlunu köməyə çağırıb. Onun köməkliyi ilə bomba naməlum adamın əlindən alınıb və onu dərhal Bakı şəhər 5-ci polis bölməsinə gətiriblər”.


Polis bölməsində dindirilmə zamanı müəyyənləşib ki, üzərində bomba tapılan şübhəli şəxs erməni millətindən olan Aram Budaqovdur. Pristav Vakulonun bombanı haradan alması sualına cavabında A.Budaqov partlayıcının ona məxsus olmadığını deyib. Partlayıcı maddənin əlindən zorla alınmasına baxmayaraq bu həqiqəti inkar edən Aram mühafizəçiləri şərləməyə başlayıb. İfadəsində göstərib ki, küçədən sakit tərzdə keçdiyi vaxt süvari mühafizəçilər onu saxlayıb və polis bölməsinə gətiriblər, əşyayi-dəlil olan bombanı da o burada, yəni polis bölməsində görür. Bombanın ona məxsus olmasından imtina edən və ziddiyyətli ifadə verən Budaqovun üzərində axtarış aparılıb. Maraq doğuran və cinayətin mahiyyətini ortaya qoyan məqam A.Budaqovun üzərində tapılan sənədlərdir. Proxovoy küçəsi ev komitəsi tərəfindən verilən vəsiqədən məlum olur ki, A.Budaqov 1918-ci ildə birinci ehtiyat Qırmızı Polkunda hərbi qulluqçu olub və həmin ilin 15 sentyabrında Qafqaz İslam Ordusu Bakını işğaldan azad edən zaman Bakı cəbhəsində döyüşüb. Əslən Şamaxıdan olan A.Budaqovun atası Artyom və anası Zanban 1918-ci ildən sonra Şamaxıdan Bakıya köçüb. Üzərində tapılan sənədlərdən birində qeyd edilir ki, A.Budaqov Qafqaz İslam Ordusunun Bakını işğaldan azad edən vaxt guya “Türklər tərəfindən zərər çəkib”. Xatırladaq ki, Mudros barışığına əsasən Azərbaycanı tərk edən Qafqaz İslam Ordusundan sonra müttəfiq dövlətlərin komandanı kimi noyabrın 17-də Bakıya daxil olan general Tomson 15 sentyabr hadisələrində zərərçəkənlər üçün komitə yaradılmasına nail oldu. Azərbaycan-Türkiyə hərbi qüvvələri tərəfindən həyatı, mal və sərvətləri mühafizə olunan ermənilər yaranmış fürsətdən istifadə edərək ingilis komandanlığını yalan təbliğatlarına inandırmaq istədilər və qismən də buna nail oldular. N.Yusifbəyliyə qarşı terror planlaşdıran A.Budaqovun da özünü “Türklərdən zərər görən vətəndaş” kimi təqdim etməsi və bu cür sənəd alması görünür, 1918-ci ilin noyabrından sonra mümkün olub. Bombanın ona aid olmadığını israrla təkzib edən A.Budaqova qarşı 7 iyunda cinayət işi açılır və şahidlər dindirilir. Cinayətdə istifadə olunacaq bombanın hərbi ekspertlər tərəfindən tədqiqatı aparılır. Mühüm işlər üzrə müstəntiq Komarovski tərəfindən aparılan istintaq araşdırılmasında baş nazir Nəsib bəy Yusifbəyli də ifadə verir. Mühafizəçilər Ə.H.Dadaşov, Mir Qasım Mirağa oğlu, A.Budaqovun atası Artyom, yenə də erməni millətindən olan Mosesov və 5-ci polis bölməsinin rəisi Vakulon istintaqda şahid qismində dindirilir. Arxiv sənədlərindən aydın olur ki, A.Budaqovun baş nazirin həyatına sui-qəsddə istifadə edəcəyi partlayıcı maddənin ekspertizası da keçirilib. Hərbi ekspert Stulovanın da iştirak etdiyi ekspertiza rəyindən bildirilir ki, A.Budaqovun üzərində tapılan partlayıcı silah əl qumbarasıdır. 1915-1916-cı ildə rus ordusunun qərb cəbhəsində ən çox istifadə olunan bu tip qumbaralar güclü partlayıcı qüvvəyə malikdir. Əgər baş nazirə qarşı planlaşdırılan sui-qəsd baş tutardısa, tək bu insan itkilərinə səbəb olmayacaqdı, 10-15 metr məsafədə yerləşən tikililəri dağıdıb ətrafa xeyli ziyan vuracaqdı.

Növbəti istintaq araşdırmalarında əl qumbarasının ona məxsus olduğunu A.Budaqov etiraf edir və bildirir ki, bombanı ona atası alıb. Türkləri Bakıya yaxın buraxmamaq üçün atasının 8 min 600 rubla qumbara aldığını söyləyən Aram qeyd edir ki, indi bu qumbara ona lazım olmayıb və satmaq qərarına gəlib. Maklerlərlə sövdələşib və onu satmaq üçün baş nazir N.Yusifbəylinin yaşadığı binanın qarşısına gəlib və küçədə gözləyib. Elə bu zaman mühafizəçi süvarilərin diqqətini çəkib. Onu həbs edib polis bölməsinə gətiriblər. Göründüyü kimi, ilkin ifadəsi ilə ziddiyyət təşkil edən fikirlər söyləyən A.Budaqovun niyyəti terror törətmək, Azərbaycanın baş naziri N.Yusifbəylini aradan götürmək olub.

Məhkəmə prokuroru Eristovun Azərbaycan Məhkəmə Palatası prokuroruna istintaqın gedişi ilə bağlı göndərdiyi məktubda deyilir: “Zati-alinizə təqdim edərək bildirirəm ki, məhkəmə müstəntiqi tərəfindən cinayətin əlamətləri üzrə cəzalara dair qanununun 567 (967)-ci maddəsi ilə bu ilin 4 iyununda baş vermiş hadisə üzrə istintaqa başlanılıb. İstintaq mənim yoldaşım Qavrilovun müşahidəsi altında aparılıb. Yuxarıda göstərilən hərəkətlərdən savayı məhkəmə müstəntiqi tərəfindən Budaqovun tutulduğu yerə baxış keçirilib. Sizə istintaqın gedişi barədə əlavə məlumat veriləcəkdir”.

Diqqətçəkən məqam ondan ibarətdir ki, 1919-cu ilin iyunun 7-də başlanan cinayət işinə 1920-ci ilin aprelin 29-da (!) xitam verilib. 1920-ci ilin aprelin 28-də bolşeviklərin Azərbaycan Cümhuriyyətini devirməsindən 1 gün sonra “əsassız iddialarla həbs olunan” Aram Budaqov azadlığa çıxıb.

1918-ci ilin mayından sonra təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün Gürcüstana köçmək istəyən Nəsib bəy Yusifbəyli Kürdəmir ətrafında müəmmalı şəkildə qətlə yetirilir. Qətlin Nəsib bəyin dostu Qarxunlu Əşrəf bəy tərəfindən törədildiyi barədə şayiələr dövriyyəyə gətirilir. Məsələ burasındadır ki, N.Yusifbəylinin qətli ətrafındakı müzakirələrdə hələ də günahkarın Qarxunlu Əşrəf bəyin olduğunu iddia edənlər və bu şayiəyə inananlar var. Aşkarlanan bu yeni fakt da onu düşünməyə əsas verir ki, hələ baş nazir kimi erməni bolşevikləri tərəfindən müşahidə altına alınan və həyatına sui-qəsd planlaşdırılan Nəsib bəyin qətli ətrafındakı müəmma aradan qalxsın. Faktlar onu deməyə əsas verir ki, 1920-ci ildə İstanbulun Parapales otelinin önündə erməni terrorçusu tərəfindən qətlə yetirilən Behbud bəy Cavanşir və Gürcüstanda qətl olunan Fətəli Xan Xoyski kimi Nəsib bəy Yusifbəyli də erməni terrorunun qurbanıdır. Aram Budaqov kimi erməni millətçisinin Azərbaycan Cümhuriyyətinin devrilməsindən sonra Nəsib bəyin qətlə yetirilməsində iştirakı şübhəsizdir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!