Modern.az

Xocalının deputatı məmurlardan danışdı: “Bu sahədə vəziyyət ürəkaçan deyil”

Xocalının deputatı məmurlardan danışdı: “Bu sahədə vəziyyət ürəkaçan deyil”

5 Fevral 2015, 09:35


Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır.

Modern.az saytı ayrı-ayrı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini öyrənib, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəkləri soruşub.

Bu dəfə sullarımıza 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov cavab verir.

- Elman müəllim, siz  işğal altında olan Xocalı şəhərində doğulmusunuz. Eyni zamanda, Qarabağ müharibəsi veteranısınız. Bilmək istərdik ki, deputatlığa namizəd olduğunuz zaman seçki platformanızı necə qurmuşdunuz?

- Qeyd etdiyiniz kimi Xocalı şəhərindənəm. Təbii ki, 4 il əvvələ qayıtsaq deyə bilərəm ki, seçki platformamın ideyası, məqsədi, məzmunu işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı idi. Eyni zamanda,  qanunvericilik qaydası ilə millət vəkili kimi fəaliyyət göstərmək, başımıza gətirilən müsibətləri beynəlxalq aləmə çatdırmaq idi. Mənim fəaliyyət yönümüm əsasən bu istiqamətdədir. Digər əsas bir istiqamət də seçicilərimlə mütəmadi olaraq görüşmək, əlaqə saxlamaq, onların problemlərinin həllinə kömək etməyə və  həyat şəraitlərinin yaxşılaşdırılmasına çalışmaq, dövlətimizin bu istiqamətdə apardığı işlərə dəstək olmaq, Xocalı soyqırımının dünya çapında tanıdılması  üçün işlər görmək və sairədən ibarət idi.

- Seçki platformanızda işğal altında olan torpaqlarımızın qaytarılması üçün görəcəyiniz işlər çoxluq təşkil edib. Ancaq Qarabağ problemi həll olunmamış qalır. Hər halda, verdiyiniz vədlərin nə dərəcədə yerinə yetirilməsi də maraqlıdır?

- Demək olmaz ki, vədlərin hamısı tam olaraq  yerinə yetdi. Hansısa deputat  özündən razı olaraq desə ki, üzərimə düşən öhdəlikləri tam olaraq yerinə yetirmişəm, bu, doğru olmaz. Bunu söyləyən həmin şəxs bir növ  özündən razı və fəaliyyəti bitmiş insan ola bilər. Təbii ki, qarşıya qoyulan məsələlər, öhdəliklər uğrunda çalışırıq, mübarizə aparırırq, işlər görürük. Amma bunlar nə tükənib, nə bitib, nə də tamamlanıb. Hər bir insanın gördüyü iş və üzərinə götürdüyü öhdəliklər o zaman tamamlanır ki, o həyata əlvida deyərək gözünü yumub dünyasını dəyişir.

İnsan nə qədər ki, yaşayır onun öhdəlikləri, vəzifələri, arzuları, niyyətləri də inkişaf edərək irəli gedir. Eyni zamanda, təkcə mənə aid olmayan  bir ali məqsədimiz var. Bu, bütün Azərbaycan xalqına aiddir və dövlətimizin ali məqsədidir. Nə vaxt torpaqlarımız işğaldan azad olunsa, öz doğma yurd yerlərimizə qayıtsaq onda özümüzü rahat hiss edə bilərik. Ən azından düşünərik ki, bu işdə az bizim də töhfəmiz oldu. Hələ ki, yol gedirik.

- Təmsil olunduğunuz dairə 4 rayonun seçicilərini əhatə edir. Yəni 4 rayonun icra hakimiyyəti ilə bütün hallarda fikirlərin üst-üstə düşməsi inandırıcı deyil. Maraqlıdır, həmin rayonların icra başçıları ilə münasibətləriniz hansı səviyyədədir?

- Təmsil olunduğum dairə 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam seçki dairəsidir. Bu dairədə 42 min seçici var.  Münasibətlərimizə gəldikdə, deyə bilərəm ki, bu tayonların icra başçıları ilə normal səviyyədədir. Çünki həmin icra hakimiyyətləri də, biz də bir iş uğrunda mübarizə aparırıq. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması, ölkəmizin daxili və xarici siyasətinin yerinə yetirilməsi, təbliğ olunması cənab Prezidentimizin gördüyü işlərə dəstək olmaq. Ö sahəmizdə xalqımıza,  dövlətimizə xidmət göstərmək.

- Ümumiyyətlə, məcburi köçkünlərlə görüş zamanı əsasən hansı məsələlər müzakirə olunur? Daha çox hansı məsələlərin həll olunması istiqamətində müraciətlər edilir?

- Seçicilərin hamısı məcburi köçkünlərdir. Məcburi köçkünləri narahat edən və maraqlandıran bir çox məsələlər var. Ancaq bunların hamısından başda duran vacib məsələ nə vaxt doğma torpaqlarımıza qayıdacağıq sualıdır. Bu, əsas sualdır. Qalan məsələlər məcburi köçkünlərin məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlıdır. Bu istiqamətdə ölkəmizdə xeyli işlər görülür.

- Deputat olduğunuz dövrdə konkret olaraq hansı işlər görülüb?

- Çox işlər görülüb. 10 il ərzində Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün irili-xırdalı 90 qəsəbə salınıb. Minlərlə insan yeni evlərə köçürülüb. Bu proses davam edir. Yaxın vaxtlarda, yəni 2016-cı ildə məcburi köçkünlər üçün  Bakı-Abşeron ərazisində, Qobu ətrafında 90 minlik şəhərcik salınması  gözlənilir. İstər şifahi, istərsə də yazılı formada edilən müraciətlərdə hər zaman ağrılı bir məsələ olan iş problemi qabardılır. Əsasən 3 məsələ iş, mənzil-məişət şəraiti və bunlardan üstün olan məsələ torpaqların işğaldan azad olunması. İstər dövlət qurumu, istərsə də özəl hansısa idarə, təşkilat, müəssisə olsun fərqi yoxdur. Milli Məclisin sadaladığım yerlərə “bu vətəndaşı tez işlə təmin et” kimi tapşırıq vermək,  rəsmi tələb etmək üçün səlahiyyəti yoxdur. Biz öz vətəndaşımızın müraciətinə  telefonla, görüş vasitəsilə həmin təşkilatların rəhbərlərindən xahiş formasında müraciət edirik. Əgər həmin təşkilatın rəhbəri cənab Prezidentimizin məcburi köçkünlər haqqında dediyi sözlərə vicdanla əməl edirsə, vicdanını və Allahını başının üstündə görürsə, bizim müraciətlərimizə müsbət cavab verir. Əks halda, onlara başqa yolla təsir etmək mexanizmimiz yoxdur. Yəni bu müraciətlərin müəyyən qismi müsbət həll olunur. Müəyyən qismi isə həll olunmur. Bu istiqamətdə vəziyyət o qədər də ürək açan deyil.

- Məcburi köçkün ailələrinin təhsil sistemində də çatışmazlıqlar zaman-zaman gündəmə gəlir. Bu sahədə hansı işlər görülüb?

- Tamamilə doğru qeyd etdiniz. Məcburi köçkün statusuna malik olan insanların övladlarından ali təhsil müəssisələrində təhsil alanlar çoxdur. Onların da xeyli hissəsi pullu təhsil sisteminə düşür. Burda da problemlər çoxdur. Şəxsi münasibətlərimizdən və  deputatlıq səlahiyyətlərimizdən istifadə edib həmin təhsil müəssisələrinin rəhbərləri ilə əlaqə yaradırıq, xahişlər edirik. Bir çoxu xahişlərimizi müsbət qarşılayır, müəyyən mənada kömək edir. Bəziləri var ki, bu məsələyə laqeyd yanaşır. Allahdan arzu edirəm ki, onların da ürəyinə bir rəhm salsın. Onlar da vəziyyəti çətin olan məcburi köçkün uşaqlarının təhsil almasına kömək etsinlər.

- Bu cür problemlərin həll olunması üçün növbəti parlament seçkilərində fəal mübarizəyə qoşulmaq fikriniz varmı?

- Əvvəla, Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2000-ci ildən Milli Məclisin deputatıyam. 2000-ci ildə də namizədliyim partiyamızın dəstəyi ilə olub. Əgər YAP münasib bilsə, məqsədəuyğun hesab etsə mənim bir partiya üzvü, millət vəkili kimi fəaliyyətimi qənaətbəxş qiymətləndirsə, namizədliyimi verəcək. Əks halda, partiyanın Nizamnaməsinə zidd addım atmaram. 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!