Modern.az

Prezidentliyə eks-namizəd: “Surət Hüseynovun qorxusundan stolun altına girən Rasim Daşdəmirov 6 il Gəncənin icra başçısı işlədi” - MÜSAHİBƏ

Prezidentliyə eks-namizəd: “Surət Hüseynovun qorxusundan stolun altına girən Rasim Daşdəmirov 6 il Gəncənin icra başçısı işlədi” - MÜSAHİBƏ

Müsahibə

5 Fevral 2015, 13:14

“Zobik” adamlarını vəzifəyə təyin etməyən Hacı Vaqifə sillə vurmuşdu,  Hacı Vaqif isə tapançasını çıxarıb “Zobik”in düz alnından güllələmişdi”


“Heydər Əliyevi Gəncədə Surət Hüseynovla görüşə gedəndə öldürmək istəmişdilər”

Uzun müddətdir siyasət meydanında görünməyən, 1998-ci ildə prezidentliyə namizəd olmuş Azərbaycan Kommunist Partiyasının keçmiş sədri Firidun Həsənov Modern.az saytına müsahibə verib.

- Uzun müddət Kommunist Partiyasının sədri olmusunuz və 1998-ci ildə bu partiyadan prezidentliyə namizədliyinizi irəli sürmüsünüz. 1998-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə görə siz məğlub olmusunuz. Sizi həmin seçkidə iştirak etməyə nə vadar etdi? Çoxluq tərəfindən dəstəklənəcəyinizə inanırdınız?

- İnanmasaydım həmin prosesdə iştirak etməzdim. Kütlənin əksəriyyəti sosial ədalət prinsipinə bu gün də sadiqdir. Amma məlum oldu ki, kommunist ideologiyası özünü doğrultmur. Bunu 1998-ci ildə keçirilən prezident seçkisinin nəticələri də göstərdi. Məhz buna görə də mən və tərəfdarlarım 2000-ci ildə qurultay çağırıb Yeni Azərbaycan Partiyasına keçdik. 2000-ci ildən hakim partiyanın Səbail rayon təşkilatının İdarə Heyətinin və Siyasi Şurasının üzvüyəm.

- Nəzərə alaq ki, YAP-ın ideologiyası ilə kommunizm xətti bir-birindən fərqlənir. YAP-a keçməyinizin səbəbi bir az qaranlıq qaldı. Birdən-birə belə gedişi zəruri edən nə idi?

- Azərbaycan cəmiyyətinin ziyalılardan ibarət böyük əksəriyyəti kommunist şinelindən çıxanlardır. Əgər kommunizm ideologiyası lazım olsa idi, mərhum dövlət başçısı Heydər Əliyev bu xətti davam etdirərdi. Arxivlərə baş vurdum, siyasi prosesləri yaxından izlədim və gördüm ki, kommunizm ideologiyasının reallaşması mümkün deyil. Heç kommunizm ideologiyası indiki şəraitdə lazım da deyil. Keçmiş prinsipləri və arxivləri daha da dərindən araşdırandan sonra belə qərara gəldim ki, öz siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyasında davam etdirməliyəm.

- Bu gün Azərbaycanda bir neçə sol yönümlü partiya fəaliyyət göstərir. Hətta Kommunist Partiyasının kimin rəhbərliyi ətrafında birləşməsi də xeyli mübahisələrə səbəb olur. Rauf Qurbanov və Telman Nurullayev ayrı-ayrı cəbhədə yer tutub və hər ikisi iddia edir ki, Kommunist Partiyasının sədridir. Bu prizmadan sol təmayüllü təşkilatların fəaliyyətini necə şərh edirsiniz?

- Mən hamının mövqeyinə hörmətlə yanaşıram. Telman Nurullayev əvvəllər Kommunist Partiyasının Xətai rayon təşkilatının sədri olub. Mən isə həmin vaxt, daha doğrusu, 1996-cı ildən 2000-ci ilə qədər Kommunist Partiyasının sədri idim. Onlara son çıxışımda dedim ki, bu cür siyasi gediş özünü doğrultmayacaq. Həmin vaxtlar Kommunist Partiyasına inam var idi. İndi isə insanlar müstəqilliyin və inkişafın bəhrəsini gördükcə, artıq kommunizm ideologiyasına inanmırlar. Siz dediyiniz qruplaşmaların fəaliyyətləri ilə bağlı məsləhət vermək istəmirəm. Özləri bilərlər, nə istəyirlər onu da etsinlər. Bircə onu deyə bilərəm ki, solçuluq ideologiyası ilə keçmiş ənənə və prinsiplərin bərpası ayrı-ayrı şeylərdir. Amma bu gün Azərbaycandakı kommunistlərin siyasi qanadlarının istəkləri keçmişi qaytarmaqdır. Bu isə lazım deyil.

- 1998-ci ildə  prezident seçkisində məğlub olduqdan sonra sizə başqa partiyalarda təmsil olunmaq üçün təkliflər gəldimi?

- Heç bir təklif olmadı. Biz o vaxt dövlət səviyyəsində formalaşdırılan Məşvərət Məclisində iştirak edirdik. Bundan sonra bu qurumun nizamnaməsini daha da dərindən öyrəndim və birmənalı olaraq Yeni Azərbaycan Partiyasına keçmək qərarına gəldim. Başqa partiyalar isə məni və tərəfdarlarımı öz sıralarına qoşulmağa dəvət etmədi.

- Keçmiş kommunist kimi necə düşünürsünüz, Azərbaycanda fəhlə sinfi deyilən təbəqə varmı?

- Azərbaycanda zəhmətkeş sinif təbəqəsi var. Bu qədər tikinti və inkişaf zəhmətkeş sinfin əziyyətlərinin nəticəsidir. Əvvəlki struktura uyğun olmasa da, Azərbaycanda fəhlə sinfinin olmasını göstərən amillər var. Fəhlə sinfini bilavasitə aşağı təbəqəyə aid etmək olar.



- Dediniz ki, YAP-ın Səbail rayon təşkilatında təmsil olunursunuz. Amma siyasi aktivliyiniz elə də nəzərə çarpmır.

- Rayon təşkilatında aktiv siyasi fəaliyyətlə elə də çox məşğul ola bilmirəm. Amma iclaslarda iştirak edirəm və mənə verilən tapşırıqları yerinə yetirirəm. Hakim partiyanın daxili və xarici siyasi kursuna sadiqəm. Hazırda hakim partiyanın rəhbər strukturlarında deyiləm ki, siyasi aktivlik göstərəm.

Əvvəllər partiya sədri, prezidentliyə namizəd idim və ictimaiyyət məni tanıyırdı. Buna görə də siyasi proseslərdə aktivlik nümayiş etdirirdim. Fəaliyyətim daim dövlətçilik prinsiplərinə riayət etməkdən ibarət olub.

- Sizcə, Azərbaycanda sol yönümlü partiyaların birgə fəaliyyəti mümkündür?

- Bu, prinsipcə mümkündür. İndiki dövrdə bir çox ölkədə sol siyasi ideologiyaya mənsub olanlar hakimiyyətə gəlir. Yaxşı yadımdadır, Kommunist Partiyasının sədri olanda Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyüqanovla görüşəndə deyirdim ki, solçuluq Avropada daha yüksək səviyyədədir. İndi Azərbaycanda fəaliyyət göstərən sol partiyaların səviyyəsi müəyyənləşməlidir, camaat da bilməlidir ki, kimin arxasınca gedir. Mən uzun müddət Gəncə rayonunun birinci katibi işləmişəm. Yəni cəmiyyət məni əvvəldən tanıyırdı, indiki kommunistlərin isə fəaliyyətləri məhdud olub və bu gün də belədir.

- Gennadi Zyüqanov bu gün də Rusiya kommunistlərinin lideri statusundadır və siz dediniz ki, onunla tez-tez görüşürdünüz. Zyüqanovla görüşlərinizdə nələrdən danışırdınız?

- Biz sosializm cəmiyyətinin prinsipləri haqqında söhbətlər edirdik. Mən həmişə Zyüqanova  milli sosialist partiyasının tərəfdarı olduğumu bildirirdim. Deyirdim ki, müstəqillik əbədi və daimidir. Zyüqanov da bilirdi ki, mənimlə yalnız milli mövqedən danışmaq mümkündür və imperiya siyasətini qəbul etmirəm.

- Bayaq söylədiniz ki, Gəncədə birinci katib işləmisiniz. Bu, hansı illəri əhatə edir?

- Gəncədə 1987-1992-ci illərdə katib olmuşam.

- Azərbaycanda və SSRİ məkanında siyasi proseslərin gərginləşdiyi zamanlarda siz Gəncədə vəzifədə idiniz. Siz hansı hadisələrin şahidi olmusunuz?

- 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Hacı Vaqifi (Vaqif Vəliyev – red.) qətlə yetirdilər. Mən o zaman Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini idim. 1992-ci ildə Gəncə şəhərinin birinci katibi olmuşam, sonradan birinci katiblər icra başçısı oldular. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlməmiş prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov məni işdən çıxarmışdı. Sonra bir müddət mənimlə Kommunist Partiyası sıralarında oldu. Məni o vaxt vəzifədən niyə çıxardığını soruşdum. Dedi ki, guya imza çəkilən sənədlərin arasında mənim də adımı yazıblar.

İşdən çıxandan sonra Gəncə Elm Mərkəzində altı ay elmi işçi kimi çalışdım. Hacı Vaqif məni dəvət edib dedi ki, şəhəri yaxşı tanıdığımdan onunla işləyim. Hacı Vaqif icra başçısı olanda onun birinci müavini idim və demək olar ki, şəhəri mən idarə edirdim. Hacı Vaqif sənədləri, möhürləri mənə həvalə etmişdi.

Nə isə, hadisələrin gərgin vaxtında Hacı Vaqifi qətlə yetirdilər. Həmin dövrdə Heydər Əliyev Milli Məclisin sədri idi və Bakıdan elan etdi ki, Gəncənin icra başçısı və müavinini öldürüblər. Həmin hadisədə Hacı Vaqiflə yanaşı, onun sənaye üzrə müavini işləyən Eldar adlı şəxs də  öldürüldü. Amma ictimaiyyəti elə bilmişdi ki, məni öldürüblər. Əslində isə həqiqətən də məni öldürməyi planlaşdırmışdılar.

- Niyə məhz sizi öz ölüm siyahılarına salmışdılar?

- Çünki həmin hadisədən təxminən bir həftə öncə şəhər aktivini çağırıb bildirdim ki, Gəncə şəhərini ermənilərə, ruslara və digər qüvvələr verə bilmərik. Dedim ki, vəziyyətdən çıxış yolunu Heydər Əliyev tapa bilər. Lakin Heydər Əliyevin adını çəkən kimi iclas dağıldı. Hacı Vaqif dedi ki, düz eləmədin. Ona bildirdim: “Surət Hüseynov kimdir ki, əhalinin qayğısına qalsın”.

Hacı Vaqiflə Surət Hüseynov isə heç cür yola gedə bilmirdi. Hacı Vaqif şəxsiyyətli bir insan idi. Deyirdi ki, vəzifəsindən getmək və yerinə məni gətirmək istəyir. Cavabım belə olmuşdu: “Surət Hüseynov kimdir ki, ona tabe olum?! Mənim iki prinsipim var. İstəyirsən işin getsin, Heydər Əliyev tərəfdarı və kommunist olduğumu nəzər al”.

Şəhər aktivinin iclasında düz kamera qarşısında danışırdım. Bizim yanımızda əyləşən, protokol yazan ümumi şöbənin müdiri kameranı görən kimi stolun altına girdi. Çünki Surət Hüseynovun qorxusundan kadrlara düşmək istəmirdi. Həmin adam daha sonra altı il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Daşdəmirov Rasim idi.  Halbuki, mən Heydər Əliyevin adını çəkdiyimə görə və Surət Hüseynovun qorxusundan stolun altına girmişdi. Amma belə oldu ki, mən həyatımı təhlükəyə qoysam da, Rasim Daşdəmirova vəzifə verildi!

Hacı Vaqif öldürüləndən bir gün sonra minlərlə insanı mitinqə çıxarmağa nail oldum və onların əksəriyyətinin əlində Heydər Əliyevin plakatları var idi. Heydər Əliyev özü də deyirdi ki, fəaliyyətimlə yaxından tanışdır. Heydər Əliyev dünyasını dəyişən kimi məni yaddan çıxardılar.

- Hacı Vaqif öldürüləndə siz onun müavini idiniz. Hadisəni necə xatırlayırsınız?

- Eldar təzə müavin təyin olunmuşdu. O, gəlib mənə dedi ki, fəaliyyətə başlaması üçün maşınımı və kabinetimi ona verim. Dedim ki, sənin sərəncamın təzə verilib, Hacı Vaqiflə müzakirədən sonra bu məsələni həll edəcəyəm. O isə bildirdi ki, bu qətiyyən gecikməməlidir və hökmən təzə vəzifəsinin icrasına başlamalıdır. Elə bil ki, onu əcəl hərləyirdi.

Axırda ona dedim ki, gedib Hacı Vaqifin yanında kiminsə olub-olmadığını dəqiqləşdirsin. Mənim kabinetim Hacı Vaqifin kabineti ilə üz-üzə idi, aralarında haradasa on metr məsafə olardı. Eldar getdi və qayıdıb mənə dedi ki, “Moskva” Nəsrəddin ləqəbli müəssisə rəhbəri və Ağstafa rayonunun icra başçısı Allahverdiyev Hacı Vaqifin yanındadır.

Eldar dedi ki, Hacı Vaqifin yanına gedir və işi bitən kimi mənə xəbər göndərəcək. Eldar gedib Hacı Vaqifin yanında oturur. “Moskva” Nəsrəddin və Allahverdiyev Hacı Vaqiflə görüşdən sonra yanıma gəldilər. Beş-on dəqiqə söhbətdən sonra onlar getdilər. Bundan sonra mən Eldarın məsələsini həll etmək üçün Hacı Vaqifin yanına getmək istəyirdim ki, yanıma bir qaçqın gəldi və məndən problemini həll etmək üçün kömək istədi. Şöbələrə həmin adama kömək göstərmələrini tapşırdım. Yenə Hacı Vaqifin yanına getmək istəyirdim, köməkçim gəlib söylədi ki, bankla bağlı hansısa sənədə imzamı qoymalıyam. Bu vaxt televiziyada Milli Məclisin iclası gedirdi, saat haradasa, axşam 6-nın yarısı idi. Milli Məclisin iclasına baxanda hiss etdim ki, nəsə partladı. Köməkçimə dedim ki, tez baxıb görsün nə məsələdir. Bu çıxdı, yarım dəqiqə keçməmiş qayıdıb bildirdi ki, Hacı Vaqifi öldürüblər. Həmin vaxt bizə xidməti tapança verirdilər. Mən də onu həmişə üstümdə saxlayardım, amma bu dəfə tərslikdən seyfdə idi. Çölə çıxanda gördüm ki, əli avtomatlı, hərbi formalı bir adam söyə-söyə gedir. Əlimi belimə atdım, amma yadıma düşdü ki, tapança seyfdədir. Tapança üstümdə olsa idi, ona atəş açacaqdım. Otağa gəlib, seyfi açıb tapançanı götürdüm. Zal hissədən onun qarşısına çıxmaq istədim, amma gördüm ki, artıq yoxdur.

Hacı Vaqifin otağına gəlib gördüm ki, Surət Hüseynovun yaxın adamlarından olan “Zobik”in başına güllə vurulub və o xalçanın üstünə uzanıb. Gördüm ki, Eldar da qardaşının qucağında can verir və qarnı güllə ilə deşik-deşik edilib. Həmin vaxtı qardaşı da yaxınlıqda imiş.

Hacı Vaqifə yaxınlaşdım, əlimi vurub yoxladım, gördüm ki, bədəni hələ istidir, ölməyib. Təcili tibbi yardım gəlib Hacı Vaqifi xəstəxanaya apardı.

- “Zobik”in Hacı Vaqifin kabinetində nə işi var idi?

- Hadisə belə olub. Eldar Hacı Vaqifin yanında olanda “Zobik” də ora gəlib. Hacı Vaqifə deyib ki, onun istədiyi adamları vəzifəyə təyin etsin. Hacı Vaqif də deyib ki, heç kimə özbaşına vəzifə verə bilməz. “Zobik” də bundan əsəbiləşib Hacı Vaqifə bir sillə vurur. Hacı Vaqif də şəxsiyyətli adam olduğundan tapançanı çıxarıb “Zobik”in düz alnından güllə ilə vurur. Orada olan “Zobik”in cangüdəni avtomatla yanında olan adamların hamısına atəş açır. Hətta güllə qapını dəlib Hacı Vaqifin mühafizəçisinin baldırına dəymişdi. Daha sonra Hacı Vaqifi və onun müavinini öldürəni tutdular, məhkəməsi oldu və ona 15 il iş verdilər.

Hacı Vaqif xəstəxanaya aparılarkən mən də getdim. Gördüm ki,  “Zobik”in tərəfdarları ilə dövlət adamları əllərində avtomat bir-birinə qarşı dayanıblar.  Mən onların ortasından keçməli idim, lakin atəş açacaqları barədə xəbərdarlıq etdilər. Lakin heç kim atəş açmadı. İçəri keçəndə bildirdilər ki, Hacı Vaqif artıq ölüb. Dedilər ki, Hacı Vaqifin adamı olduğumdan “Zobik”in tərəfdarları məni öldürəcəklər. Ona görə də məni arxa qapıdan çıxardılar.

Bu hadisələrdən sonra məni istintaqa cəlb edən müstəntiq dedi ki, məsələ onluq deyil. Saat 12-də evə zəng etdim, dedilər ki, artıq həyətdə yasımı vermək üçün çadır qurublar. Elə biliblər ki, öldürülən müavin mənəm.

Bütün bunlardan sonra barəmdə cinayət işi açıldı. Müstəntiq şəxsən özü məni evimə apardı və səhər saat 6-da qapımız döyüldü. Qapını açıb gördüm ki, həmin müstəntiqdir. Mənə dedi ki, istintaqla bağlı bəzi sənədlərə dəyişiklik ediblər. Cavabım belə oldu: “Çox gözəl, baxa bilərəm hansı dəyişiklik olunub. Əgər məni Surət Hüseynov kimi birisi mühakimə edəcək və həbs edəcəksə, nə istəyirsinizsə yazın”. İstintaq zamanı sənədlər saxtalaşdırılırdı.

Sənədə baxmadan onu imzaladım.

Bayaq haqqında söhbət etdiyim kadrlara baxıblar, bu qərara gəliblər ki, ya öldürülməliyəm, ya da tutulmalıyam.

Həmin ərəfədə Əli Ömərov baş prokuror oldu. O, baş prokuror olmamışdan qabaq mənə deyirdi ki, “əgər Heydər Əliyev hakimiyyətə gəlsə, ən azından nazir olacağam”. O, Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün məndən köməklik istəyirdi.

Əli Ömərov artıq baş prokuror olanda yanına getdim. Dedim “necə olur ki, indi baş prokuror kimi məni tutdurursan?!”. Dedi ki, bu onluq məsələ deyil. Əsl marionetka idi. Dedim, onda Surət Hüseynova bildirsin ki, mənimlə işi olmasın. İşimi polisdən ayırıb, hərbi məhkəməyə verdilər. Altı ay ev dustağı oldum. Həmin müddətdə məhkəməyə müraciət etdim və icra başçısı müavini üçün ayrılan əmək haqqını almağa başladım. 

- Qiyamçı polkovnik Surət Hüseynov sizdən nə zaman əl çəkdi?

- Mənə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi işləyən İmam Mustafayev kömək etdi. O, ağsaqqal, hörmətli bir adam idi və məni tanıyırdı, ailəvi münasibətlərimiz var idi. İmam Mustafayevin Surət Hüseynovla da əlaqəsi yaxşı idi. İmam Mustafayevə olanları danışdım və o, bütün bunların ədalətsiz olduğunu vurğuladı. İmam Mustafayev Surət Hüseynovun yanına gedib məndən əl çəkməsini xahiş etdi. Bundan sonra Surət Hüseynov və adamları məndən əl çəkdilər.

Təxminən üç il bundan öncə, barəmdəki cinayət işi ilə bağlı məhkəmə oldu və şahid qismində dindirildim. Daha sonra həmin cinayət işi ləğv edildi. Hacı Vaqifi öldürəni isə Rusiyadan tapıb gətirmişdilər.

- Surət Hüseynovla görüşüb vəziyyəti başa salmaq üçün özünüzün təşəbbüsünüz olubmu?

- Heç bir təşəbbüsüm olmayıb. Ümumiyyətlə, mən Surət Hüseynovla heç zaman görüşməmişəm. Bircə dəfə Hacı Vaqifin yanına iclasa gələndə onu kənardan görmüşəm. Amma onunla nəsə danışmamışam. Onun olduğu iclaslarda iştirak etməmişəm.

- Deyirsiniz ki, Heydər Əliyevin qatı tərəfdarlarından idiniz. Bu zaman bir paradoks yaranır. Həmin zamanlarda YAP yaranmışdı, bəs siz nəyə görə bu təşkilata üzv olmaq əvəzinə, Kommunist Partiyasının rəhbəri oldunuz?

- Biz o vaxtlar Milli Elmlər Akademiyasında toplaşırdıq. Ramiz Mehdiyev, Ramiz Əhmədov, mən və başqaları bir araya gəlib müzakirələr aparırdıq. Ramiz Mehdiyev həmin vaxt Elmlər Akademiyasında elmi işçi işləyirdi. Məşhur 11 nömrəli otağa yığışırdıq və Ramiz Mehdiyev həmişə mənə “gəncəli balası” deyirdi.

Ramiz Mehdiyevin sədrliyi ilə biz Sosial Ədalət Partiyasını yaratdıq. Ramiz Əhmədov onun müavini oldu. Mən isə bu partiyanın Gəncəbasar üzrə rəhbəri seçildim. Bu fəaliyyət davam edirdi. Sonra Ramiz Mehdiyev YAP-a keçdi. Ramiz Əhmədov isə bu partiyanın sədri oldu. Mən dəfələrlə Ramiz Əhmədovun əleyhinə çıxış edirdim. Deyirdim ki, bu siyasətlə irəli getmək olmaz. Mən ayrıca fraksiya yaratdım və qurultay çağırdıq. Ramiz Əhmədov isə həmin vaxt Tiflisə qaçdı. Qurultayda məni milli yönümlü Kommunist Partiyasının sədri seçdilər. Biz bu partiya ilə Məşvərət Məclisinə qoşulduq. Ramiz Əhmədovu isə partiya sıralarından çıxartdılar.

- Yeni bir ziddiyyət ortaya çıxır. Ramiz Əhmədov Kommunist Partiyasının adından 2000-ci il parlament seçkisində iştirak edib deputat mandatı qazanmışdı. O, partiya sıralarından xarici edilmişdisə, Ramiz Əhmədov Kommunist Partiyasının deputatı necə ola bilərdi?

- Mən rəhbərlik etdiyim partiyadan prezidentliyə namizəd oldum. Parlament seçkiləri zamanı isə eşitdim ki, sədri olduğum partiyanı ləğv ediblər və Ramiz Əhmədovun rəhbərlik etdiyi fraksiyanı təzədən siyasi səhnəyə qaytarırlar. Hər iki Kommunist Partiyası paralel fəaliyyət göstərirdi. Moskvaya da paralel səfər edirdik.

Nə isə. 2000-ci il parlament seçkisində Ramiz Əhmədovun rəhbərlik etdiyi Kommunist Partiyası Milli Məclisdə iki mandat qazana bildi. Biri Ramiz Əhmədov, digəri isə mən hələ Kommunist Partiyasının Gəncə şəhər təşkilatının sədri olanda, Gənclər Təşkilatının sədri vəzifəsindən azad etdiyim adam idi. Bu, Rauf Qurbanovdur. Onu partiyaya mən gətirmişdim, amma fəaliyyətini bəyənmədiyimə görə kənarlaşdırdım. Ramiz Əhmədov mənim acığıma onun da deputat olmasına şərait yaratdı.

2000-ci ildə gördüm ki, mənə qiymət verən yoxdur. Elm adamı olduğuma görə “Odlar Yurdu”  Universitetinin rektoru Əhməd Vəliyevə iş üçün müraciət etdim. Əhməd müəllim məni işə götürdü. İl yarım müəllim işləyəndən sonra Əhməd Vəliyev məni kafedra müdiri təyin etdi.

- “Odlar Yurdu” Universitetində hazırda hansı kafedranın müdirisiniz?

- Bu, beynəlxalq münasibətlər və ictimai fənlər kafedrasıdır. Professor titulu ilə fəaliyyət göstərirəm.



- Masanın üzərində sizin Heydər Əliyevlə görüş zamanı çəkilən fotonuzu görürəm. Bayaq da bildirdiniz ki, onunla görüşünüz olub. Bu görüş nə vaxt baş tutmuşdu?

- Heydər Əliyevlə 1998-ci ilin may ayının 10-da, onun doğum günündə görüşdüm. O zaman Heydər Əliyev Məşvərət Məclisinə daxil olan siyasi partiyaların sədrlərini qəbul edirdi. Heydər Əliyev Gəncə hadisələrini yaxşı xatırlayırdı və bilirdi ki, mən onun hakimiyyətə gəlməsinə çalışmışam. Həmin görüşdə hal-əhval tutduq. Problemlərimlə maraqlandı. Sonda mənə uğurlar arzuladı.

- Ölkədə və regionda baş verən proseslərlə maraqlanırsınız?

- Hamısını izləyirəm, özlüyümdə təhlil edirəm. Mən yalnız YAP-ın mövqeyindən çıxış edirəm.

- 1998-ci ildəki məğlubiyyətdən sonrakı seçkilərin heç birində iştirak etmədiniz. Qarşıdan parlament seçkiləri gəlir. Siyasi səhnəyə qayıtmaq üçün deputatlığa namizədliyinizi irəli sürəcəksiniz?

- Hakim partiya məsləhət görsə, deputatlığa namizədliyimi irəli sürəcəyəm. Əminəm ki, namizədliyimi versəm, Gəncədən deputat seçilə bilərəm.

- Surət Hüseynovun əleyhinə kəskin mövqe nümayiş etdirənlərdən və  Heydər Əliyevin alovlu tərəfdarlarından biri olduğunuzu vurğulayırsınız.  Heydər Əliyev Surət Hüseynovu baş nazir təyin edəndə heç təəccüblənmədiniz?

- Mən dahi şəxsiyyət Heydər Əliyevin atdığı addımları anlayırdım. Bilirdim ki, Surət Hüseynovun baş nazir olması müvəqqətidir.

Heydər Əliyev hadisələrin gərgin vaxtında Gəncəyə gəlmişdi. O, Gəncədə “Azos” deyilən yerdə  Surət Hüseynovla görüşə getmişdi. Bu zaman Heydər Əliyevə hücum etmək, öldürmək istəyiblər, amma Surət Hüseynov buna imkan verməyib. Deyib ki, ağsaqqal, hörmətli adamdır. Surət Hüseynovun bu addımına görə Heydər Əliyev onu baş nazir təyin etdi. Əsl ağsaqqallıq, müdriklik budur. Heydər Əliyev heç zaman yaxşılığı unutmayan şəxsiyyət olub.



Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir