Modern.az

Ehsan da bir mədəniyyətdir

Aktual

7 Fevral 2015, 22:00

Anar Turan

Ehsan son aylar  mətbuatda ən çox yer ayrılan, haqqında danışılan ifadələrdən birinə çevrilib. Demirəm haqlı və ya haqsız. Mətbuatın işi nəticəsindən asılı olmayaraq, istənilən məsələni qabardaraq onu ictimai müstəviyə çıxartmaqdır. Bunu hələ ki, IV hakimiyyət nümayəndələri az-çox edirlər. Ehsanın bu qədər gündəmə daxil olmasının səbəbləri əslində çoxdan bəllidir. Sadəcə, bu məsələ artıq kuliminasiya  həddinə çatıb. Əminliklə demək olar ki, bir neçə ildən sonra Azərbaycan cəmiyyətində “kredit partlayışı” ola bilər. Çünki, bu gün az qala hər bir ailənin kredit borcu var. Krediti o zaman götürərlər ki, evində dilək sayıla biləcək məişət əşyası çatışmır və ya cehiz almaq istəyirsən pulun yoxdur və s. Amma indi qəbir daşı üçün, yas və ya toy məclisini dəbdəbəli  yola vermək üçün bankdan kredit alırlar. Axı bütün bunlar nəyə görədir? Məgər biz etdiklərimizin ilk növbədə Tanrı dərgahında bəyənilməsi üçün çalışmalı deyilikmi ?


Artıq bir müddətdir ehsan məclisləri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyyə xarakterli bəyanatlarını izləyirik. Şübhəsiz ki, bu işə Qafqaz Müsəlmanları İdarəsi də münasibət bildirərək israfın aradan qaldırılması üçün cəmiyyətə müraciət etdi. Bəzi yerlərdə bunu dövlətin məcburi müdaxiləsi kimi də qiymətləndirənlər oldu. Lakin dövlətin qadağası əgər qadağa olsaydı belə, bu məsələdə haqlı idi. Çünki bu qərar xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edərdi. Xalq onu müflis vəziyyətinə gətirən bu cür israfı, əlbəttə ki, qəlbən qəbul etmir. İsraf rəqabəti adətən fərdlər arasında gedir və sonra kütləviləşir. Yaşadığımız cəmiyyətdə bu xüsusilə belədir.  Bu yola sürüklənən və sonda ən çox müflisləşən isə yenə də kasıblar olur.


Axı bu ehsan nədir? Bunu etməzdən öncə necə edilməsini bilmək yəni bu qədərmi çətindir? Ümumiyyətlə, “ehsan” sözünün etimalogiyası və yaranma zərurətinə nəzər salsaq görərik ki, bu dəbdəbə deyil, əslində, böyük bir mədəniyyətdir. Ehsan faydalı işi görmək və onu gözəl şəkildə yerinə yetirməkdir. Bir xoş təbəssümün, bir doğru yolu məsləhət görən sözün özü də ehsandır. Axı mədəniyyətin yüksəlişi  insana münasibətlə ölçülür. Belə olan təqdirdə, təbii ki, ehsan elə münasibətin özüdür.


Bu sözü deyəndə niyə hamının gözünün qarşısına hüzn məclislərində verilən yemək süfrəsi gəlir - anlamaq olmur. Bunun belə olmasının səbəbi, sizcə, bugünkü yas məclisləri və ya bu sözün fəlsəfi mahiyyətini cəmiyyətə düzgün izah etməyən əksər ruhanilər, ziyalılar deyilmi? Axı masalar üstündə quş südündən can dərmanına kimi təamlar bolluğu ehsanın fəlsəfi mahiyyətini tam açmır. Və yaxud da qəbir daşlarının qranitdən və ya qara  mərmərdən qoyulması insanın savabını artırmır.

 
Ay müsəlmanlar, birdəfəlik bilin ki, İslam dəbdəbəni bəyənmir. Bu barədə müqəddəs kitabımız Qurandan tutmuş, bütün hədis kitablarında, böyük din alimlərinin əsərlərində kifayət qədər yazılıb. İslamın böyük şəxsiyyətlərinin heç biri nə toyunu nə də yasını bizim verdiyimiz, təqdim etdiyimiz kimi etməyiblər. Bu gün bir sıra gənclər evlənə bilmirlər, çünki, dəbdəbəli toy etməyi düşünürlər. Bu düşüncəni isə onların beyninə salan bizim cəmiyyətimizin müasir durumudur. Əslində isə evlənmək qədər sadə və asan iş yoxdur. Əgər mənəviyyat sarıdan məsələyə baxsaq, bu belədir. Bu gün bəzi hüzn və toy məclislərində  naz-nemət süfrələrinin yarısı ehtiyacı olanlar üçün açılsa, məgər nəcib görünməzmi? Məgər qarşısına növ-növ təamlar düzülən insanlar aclıqdanmı çıxıb? Məgər bu qədər israf olunan pula yetimlərin qarnını doydurmaq və ya onlara pal-paltar almaq çətin işdirmi? Təsəvvür edirsiz, üşüyən bir uşağa qış paltarı almaq və ya onu isti yeməklərə qonaq etməyin savabı nə qədər böyükdür! Budur, ehsan! Peyğəmbərimiz (s. )də məhz bunu buyurub. Yoxsa el görsün ki, mən anamın, atamın yasında süfrəyə naz-nemət düzdüm, baş daşı əvəzinə heykəl qoydurdum, bu da olsun ehsan. Belə şey yoxdur. Cəmiyyətimizdə bir qədərsizlik, israfçılıq sindromu var. Heç kim heç nəyin qədərini bilmir. Nəticədə isə zərər çəkən ailələrin büdcəsi, qazananlar isə camaatı soyan işbazlar olur.


Hz. Əli (ə.) deyir ki, insanlar işlərini ehsanla etmələrinə görə dəyər qazanır. Yəni bu dəyəri toxun yox acın, adamlı yox adamsızın, paltarlı yox paltarsızın ehtiyacını ödəməklə qazanmaq gərək. Necə ki, Allah Qurani-Kərimdə buyurur: “Allahdan qeyrisinə ibadət etməyin, valideyinlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan edin...”. Ehsanı yalnız yas çadırlarına məhdudlaşdırmaq bu gözəl sözə qarşı haqsızlıq deyilmi? Hansı ki, bunu hər kəs, hər gün edə bilər. Bir təbəssümdən tutmuş, dəyərli məsləhətə, maddi köməyə qədər... 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir