Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev təntənəli mərasimdə nitq söyləyib.
İlham Əliyev Dövlət Bayrağı Meydanının yaradılması münasibətilə təbriklərini çatdırıb. Prezident bildirib ki, onun sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
Sonra dövlət bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində meydana gətirilib. Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa keçirib. Xüsusi qurğu vasitəsilə dövlət bayrağı qaldırılıb.
Mərasimdə Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş etdirilib. Toplardan yaylım atəşi açılıb.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub. ABŞ-ın “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Bayraq diəyinin hündürlüyü 162, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Modern.az