Modern.az

İtaliyanın Bakıdakı səfirliyinin viza şöbəsinin rəhbəri: “Əvvəllər ölkənizdən qaçanlar çox idi, indi azalıb” - MÜSAHİBƏ

İtaliyanın Bakıdakı səfirliyinin viza şöbəsinin rəhbəri: “Əvvəllər ölkənizdən qaçanlar çox idi, indi azalıb” - MÜSAHİBƏ

9 Fevral 2015, 10:53

Luçiano Lazaraçina: “Burada çox zaman insanlar pullarını banka qoymur”


“Əgər 3-4 nəfərə 3 saat ərzində viza versəm, bütün Azərbaycan gələcək ki, “mənə də üç saat ərzində viza ver””

Avropaya səfər etmək arzusunda olanlar bu qitənin ölkəmizdəki səfirliklərinə müraciət edərək, şengen vizası almaqla istəklərinə nail ola bilərlər. Amma bir sıra səfirliklər bəzən heç bir əsas göstərmədən də viza verməkdən imtina edir.

Son zamanlar Azərbaycandan İtaliyaya üz tutanlar daha çoxdur. Ona görə yox ki, azərbaycanlıları italyanlara çox bənzədirlər və yaxud Neapolu bir zamanlar Bakıyla müqayisə edirdilər. Çünki İtaliya səfirliyi yeganə diplomatik korpusdur ki, çox az hallarda şengen vizası ilə bağlı müraciət edənlərə “yox” deyir və səfərə getmək istəyənlər vizaya qısa zamanda sahib ola bilirlər. Deyilənləri nəzərə alıb, İtaliyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin rəhbəri Luçiano Lazaraçina ilə görüşərək, həm də yeni yaradılmış Visametric İtaliya Viza Mərkəzi, onun fəaliyyəti barədə söhbət etdik.
Beləliklə Luçiano Lazaraçinanın Modern.az saytına müsahibəsini təqdim edirik.

 - Cənab Lazaraçina, Bakıdakı Visametric İtaliya Viza Mərkəzi nə zaman və nə üçün yaradıldı?

- Mərkəz keçən ilin avqust ayından fəaliyyət göstərir. Visametric İtaliya Viza Mərkəzi tək Azərbaycanda deyil, İtaliyanın səfriliyi olan bütün ölkələrdə açılıb. Mərkəz səfirliyə kömək məqsədilə yaradılıb. Yəni bu mərkəz İtaliya səfirliyi tərəfindən təsdiq olunmuş yeganə şirkətdir. Bu ofisdə sadəcə olaraq sənədlərin qəbulu həyata keçirilir. Gün ərzində yığılmış sənədlər səfirliyə göndərilir, sonra baxılır, kimə viza verilib-verilməyəcəyi qərara alınır. Viza nə vaxt və neçə müddətlik veriləcək, bütün qərarlar konsulluqda baş verir.

Sənədlərin qəbulu üçün öncədən qeydiyyatdan keçmək lazımdır.  Visametric İtaliya Viza Mərkəzinin dörd dildə (www.visametric.az) internet saytı fəaliyyət göstərir. İstənilən şəxs istər qeydiyyata düşmək üçün saytın müvafiq bölməsindən ərizəni doldura, yaxud mərkəzə zəng edə, yaxud da birbaşa ofisimizə gələ bilər. Mərkəzdə 5 pəncərə istifadəyə verilib. Əgər müraciət edənlərin sayı çox olarsa, digər pəncərələrdən də istifadə edilir. Gələn şəxs qeydiyyatdan keçib nömrə alıb öz növbəsini gözləyir. Bəzən insanlar uşaqlarla gəlməli olurlar. Biz bunu nəzərə alaraq gözləmə salonunun bir künçündə balacalar üçün ayrıca guşə ayırmışıq ki, uşaqlar bu vaxt ərzində darıxmasın, həmçinin valideynlərini, qonaqları incitməsinlər. Gözləmə salonundakı müraciətçilər isti və soyuq su içə, ayaqyolundan istifadə edə bilərlər. Onu da deyim ki, gözləmə salonunda qonaqlara və menecerlərə mane olmamaq üçün telefondan istifadəyə icazə verilmir.

- Əvvəllər viza almaq üçün ərizələri səfirliyin konsulluq şöbəsi qəbul edirdi. İndi bu prosesi bu mərkəz həyata keçirir. Mərkəzin konsulluqdan fərqi, nə kimi üstün çəhəti var?

- Mərkəz yaradılmamışdan əvvəl viza üçün müraciət edənlər səfirliyə üz tutmalı olurdu. Bayram ərəfəsində də yüzlərlə insan müraciət edirdi. Səfirliyin viza şöbəsinin əməkdaşlarının sayı məhdud olduğundan, fiziki olaraq bunu çatdıra bilmirdik. Səfirliyə, işimizə kömək olsun deyə, bu mərkəz yaradıldı. Bayaq da dediyim kimi sənədlərin qəbulu və geri qaytarılması səfirlikdə deyil, bu mərkəzdə həyata keçirilir. Yəni indi insan axını bura gəlir.

- Yeni viza prosedur qaydaları müvəqqəti xarakter daşıyacaq, yoxsa bu daimi olacaq?

- Nə qədər ki, İtaliyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərəcək, bu mərkəz də onunla birgə fəaliyyətini davam etdirəcək. Və ya o vaxta qədər ki şengen vizası bizə gərək olmayacaq. Yəni Azərbaycan Avropa İttifaqına daxil olacaq.

 - Mərkəz daha çox hansı tipli səfərlər üçün viza verir?

- Bir çox tipli vizalar üçün ərizələr qəbul edilir. Bunların arasında daha çox turizm vizası üçün müraciət edənlərin sayı deyərdim 60 faiz təşkil edir. İşgüzar səfərlər üçün müraciət edənlər 30 faizdir. 

- Digər şengen ölkələri kimi burda da eyni sənədlər tələb edilir?

- O biri ölkələrdən fərq yoxdur.  Mən insanlara kömək etməyə çalışıram. Bankdan arayış təqdim olunmasını tələb edirik. Amma mən son 6 ay ərzində bankdan çıxarış tələb etmirəm. Çünki bilirəm ki, burada çox zaman insanlar pullarını banka qoymur. Nəğd puldan istifadə etməyə üstünlük verirlər. Bu kimi məsələlərdə güzəştlər edirik. 4 ildən çoxdur Azərbaycanda olduğum və insanların mentalitetini bildiyim üçün çalışıram kömək edim.



- Bank hesabında nə qədər pulun olub-olmaması tələb edilirmi? 

- Yəni dediyim kimi, bankdan arayış tələb olunur, hesabdan çıxarış tələb olunmur.  Vacib olan o deyil ki, bank hesabınızda sizin nə qədər pulunuz var.  Vacib olan odur ki, qarşınızda dayanan şəxsi tanıya biləsən. Kimdir, nəçidir, vacib adamdırmı, işi varmı, tələb olunan bütün bu şərtlər yerinə yetirilibsə analiz bir az başqa cür olur. Psixoloji olaraq da baxırsan ki, bu insan sabah ölkədən qaça, digər şengen ölkələrinə immiqrasiya edə bilər, yoxsa yox. İşimin  əsas məğzi odur ki, qarşımda dayanan insanın ora getmək məqsədini anlaya bilim. Azərbaycandan əvvəl Çində, Rumıniyada və digər ölkələrdə çalışmışam. Təcrübəli olduğu üçün başa düşürəm kim alış-verişə, gəzməyə gedir, kim qaçqın, kim qalmaq məqsədilə.  Mənim üçün ən vacib olan odur ki, bu insanlar ora gedib qaçqın kimi qalmasınlar. Visametric İtaliya Viza Mərkəzi yaranmazdan əvvəl hamı səfirliyə gəlirdi və onları bir-bir görürdük. Kim necə geyinib, kim özünü necə aparır, necə davranır, kim necə danışır və s. Bunlar məndə insanlar barədə təəssürat yarana bilirdi. İndi biz insanları görmürük. Düzdür, bəzi şeylər üçün prosedur qaydalar asanlaşıb. İndi viza üçün müraciət edənlər arasında “yox” cavabını az adamlar alır. Çünki əvvəllər ölkədən qaçanlar çox idi, amma indi onların sayı azalıb.

- “Yox” cavabı hansı şəxslərə şamil edilir və bu neçə faiz təşkil edir?

- Başqa çıxış yolu qalmayanda mən “yox” cavabı verirəm. Dediyim kimi əvvəlki illərə nisbətən “yox” cavabı çox az faiz təşkil edir.

- Səfirlik keçən il Azərbaycan üçün 10 minə yaxın viza verib. Bu da o deməkdir ki 2014-cü ildə ölkənizə 10 minə yaxın turist səfər edib. Viza verilməsində kvota varmı?Yəni nə qədər insana viza vermək iqtidarındasınız? Məsələn, bu 10 min deyil, 20 min ola bilərmi?

- Viza verilməsində heç bir limit yoxdur.  İtaliya nəinki Azərbaycanda, dünyada yeganə səfirlikdir ki, sənəd qəbul edən pəncərələrimiz il ərzində 5 gün açıq olur. Digər ölkələlərdə olan İtaliya səfrilikləri həftənin iki gününi işləyir.

- Bu nəylə əlaqədardır, viza ilə bağlı müraciətlər çoxdur, yoxsa işinizi ləngitmək istəmirsiniz?

- Biz işləməyi sevirik, öz işimizdə proffesionalıq. Başqa bir səfirlik yoxdur ki 3 gün ərzində viza versin. Onsuz da biz bu işi görməliyik və çalışırıq ki yaxşı edək, vaxt itgisi olmasın, insanlar narazı qalmasın, işimizi bacardığımız qədər tez başa çatdıraq. Məsələn tutaq ki, bizə 10-15 adamın sənədi gəlib. Bunu vaxtında etməsək, istirahətimizə vaxt ayırsaq, bütün bu sənədlər yığılacaq üst-üstə. Bu iş görüləcəksə, onu uzatmağın mənası nədir.

- Birinə bir neçə saat ərzində təcili viza lazımdırsa, bu problemi həll edə bilirsinizmi?

- Təbii ki. Əgər bu işgüzar səfərdirsə, hansısa nazir üçün lazımdırsa əlbəttə, 4-5  saata həll olunur.



- Söhbət hansısa nazirdən getmir, onsuz da onar üçün bu problem olmayacaq. Sadə bir vətəndaş təcili viza üçün müraciət edirsə, ona kömək edirsinizmi?

- Əgər işgüzar səfərdirsə, bütün sənədləri yerindədirsə, dəvətnamə son gündə gəlib və ya nəyə görəsə gecikibsə, bu mümkündür. Amma mən hamıya bunu edə bilmərəm axı. Azərbaycanlıların mentalitetini başa düşdüyüm üçün əgər 3-4 nəfərə 3 saat ərzində viza versəm, bütün Azərbaycan gələcək ki, “mənə də üç saat ərzində viza ver”.  İstisna hallarada verə bilərik. 3 gün minimum vaxtdır və bundan heç bir səfrilik istifadə etmir.

- Çox zaman dostluq, kiminsə himayədarlğı, tanışlıq kim variantlarında istifadə edirlər. Vizayla bağlı məsələlərdə belə hallarla qarşılaşmısınızmı?

- Həmişə balansı saxlamağa çalışıram. Məsələn, hansısa nazirlikdən biri zəng edir ki, bu mənim dostumdur, qohumumdur, təcili səfəri var. Çalışıram ki, kömək edim və kömək də edirəm. Amma bu sadə hal olmamalıdır, hər gün zəng edib mənə eyni şeyi deməməlidirlər. Son zamanlar bu hal çoxalıb. Tək məni deyil, səfiri, birinci müavini də tanıdıqları üçün bir az təzyiq var. 

- Cənab Lazaraçina, son iki ilin statistikasına nəzər saldıqda, görürük ki, İtaliyaya səfər edənlərin sayı nəinki azalıb, əksinə çoxalıb. Yəqin ki, bu il İtaliyaya səfər edənlərin sayı keçən illəri ötüb keçəcək. Çünki qarşıdan “Milan Ekspo 2015” Beynəlxalq Sərgisi gəlir...

-  Düşünürəm ki, 2015-ci ildə də İtaliyaya səfər edənlərin sayı artacaq. 2013-cü ildə  8197 adama viza verilib, 72 nəfərə isə viza verməkdən imtina edilib. 5164 turizm, 1511 işgüzar xarakterli, 965 dəvətnamə və s. tipli vizalar verilib. 2014-cü ildə isə 9912 nəfərə viza verilib, 190 nəfər “yox” cavabı alıb. 6774 turist, 1662 işgüzar xarakterli, 602 dəvətnamə və digər tipli vizalar verilib.  Müqayisə etdikdə görürük ki, keçən il turistlərin sayı 31,18 faiz çox olub. Bu da o deməkdir ki İtaliyaya getmək istəyənlərin sayı xeylidir.

- İtaliya səfirliyindən şengen viza alanların ilk olaraq ölkənizə getməsi şərtdirmi?

-  Əlbəttə. Bu biz istədiyimizə görə yox, şengen razılaşmasına görədir. İtaliya səfirliyindən viza alınıbsa, mütləq olaraq şengen ərazisində daxil olduğunuz ölkə birinci olaraq İtaliya olmalıdır. Daha sonra başqa ölkəyə getmək olar. Məsələn biri bizdən vizanı götürür, beş günlük gedir İtaliyaya, sonra 20 gün gedib Almaniyada qalırsa, o zaman o adam viza üçün gedib Almaniya səfirliyinə müraciət etsin.  

 

Laçın SƏMLA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi