İqdırda çeşidli təmaslarda bulunan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bir daha Azərbaycan və Naxçıvana dəstəyini nümayiş etdirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, iqdırlıları referendumda “əvət” deməyə səsləyən Davutoğlu Qafqazlarda sülh və barışın əldə olunmasına toxunub. Davutoğlu yerli sakinlərlə söhbəti zamanı bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla telefonla danışdığını deyib. İqdırdan Ermənistanla sərhədi seyr edən Davutoğlu “Bir az öncə telefonla Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla danışdım. Hər kəs sülh tərəfdarıdır. İnşallah, işğal olunan torpaqlar azad olunar, sülh əldə olunar. Bunun üçün çalışırıq. Qafqazlara sülh və barışn gəlməsini istəyirik” deyib.
Davutoğlu İqdırdan Naxçıvana keçib. Onu burada Naxçıvan Ali Məclisinin sədr müavini Azər Zeynalov və Türkiyənin Naxçıvan konsulu Ayhan Enginar qarşılayıb. Naxçıvan gömrük məntəqəsində açıqlamalarda bulunan Davutoğlu qardaş ölkəyə keçərək salam verməyə gəldiyini bildirib. “Azərbaycan qardaşımızdır. Bizim üçün candan əzizdir”,-deyə Davutoğlu bildirib.
O, Azərbaycan və Naxçıvanın taleyinin Türkiyənin taleyi olduğunu bildirərək əlavə edib:
“Biz hər zaman azərbaycanlı və naxçıvanlı qardaşlarımızın yanında olacağıq. Bu əbədiyyətə qədər davam edəcək. Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm. İşğal altındakı Azərbaycan torpaqlarının işğaldan azad olunması, sayğıya layiq bir barışın əldə olunması vacibdir. Türkiyə hər zaman Qafqazlara barışın gəlməsi üçün çalışmışdır, bundan sonra da davam edəcəkdir. Barış olursa, rifah da gələcək. Barış qısa vaxtda gəlsə, bu bölgə qısa vaxtda inkişaf edəcək. Uzunmüddətli sülh təmin olunarsa, bu torpqlardan bərəkət püskürəcəkdir”
Modern.az