Modern.az

Kəmhövsələ “sərəncam”, finala çatan parçalanma

Kəmhövsələ “sərəncam”, finala çatan parçalanma

11 Fevral 2015, 14:19

Yəqin ki, hamının yaxşı yadındadır. Əbülfəz Elçibəyə sual edəndə ki, “Hakimiyyət müavininizi ələ alıb sizə qarşı qoyur, sizsə dinmirsiniz” – özünü qəsdən bilməməzliyə vurub, söhbətin kimdən getdiyini xəbər alaraq, Əli Kərimlinin adını dilə gətirməkdən qaçır, üstəlik, onu hamının gözündə böyüdən ifadə işlədirdi:  “Əli Kərimlini ələ almaq olar? O, adam axtarır ələ alsın”. Halbuki partiyanın səlahiyyətli orqanları xəyanətin içərisində idi. Az qalmışdı,  möhür də müavinin əlinə keçsin. Cavab, əslində ikibaşlı ifadəydi və Əbülfəz bəy islah yolunu seçərək, qılıqlı üslubdan yapışıb, Xalq Cəbhəsini açıq müstəvidə gedən savaşdan, partiyanı iki yerə bölünməkdən  qorumağa səy edirdi.  AXCP-nin oxşar abbreviatura altında üç yerə parçalanması  onun ölümündən sonra baş verdi ki, bu, artıq kimin hara işləməsindən asılı olmayaraq, məhz lidersizlik gerçəyində onsuz da  labüd bir prosesə çevrilirdi. 

Lidersizlik reallığını yaşayan Müsavat üçünsə  gözlənilən bu president olduğu kimi baş vermir. Bəlkə də heç ssenari bu şəkildə yazılmayıb, bəlkə də ssenari var, amma onun ictimai səhnə qazanması üçün siyasi rejissoruna və aktyorlarına söz verilən vəsait yetərli vəd olunmayıb. Çünki nüfuzlu liderlər olmayan yerdə partiyalar onsuz da siyasi-mənəvi böhran keçirir. 

Ola bilsin, ortalıqda bənzər president ona görə yoxdur ki, sadiq başqan indiki başqanla bir tandem kimi hərəkət edib  Qubad İbadoğlu yarasını gizli saxlamadı, onun höcətliyinin  kökünü dartıb üzə çıxardı və  müqavimətə  müqavimət siyasət çinarında Müsavat budağının rəsmi formada iki yerə baltalanıb  alternativləşməsinin qarşısını kəsdi.   

Dağılmanın qarşısı isə açıqdır.    

İndi ən vacib sual budur: Qubad bəylə bağlı verilən qərar doğru idimi?


Əlbəttə ki, burada böyük yanlışlıq oldu. Çünki Qubad İbadoğlunun partiyada qalması ilə burada baş verəcək hadisələr  və təşkilatdan xaric edilməsi ilə Müsavatı gözləyən sonuclar arasında rahatca bərabərlik işarəsi qoymaq olardı.  Ziddiyyətlərə təslim olmamaq  şərtilə elə bir dözümlülük göstərmək, qınayıcı üslub və ibarələr  seçmək olardı ki, o, portfelini qoltuğuna vurub özü getmək məcburiyyətində qalsın. Ya da onun daxili düşmənə çevrilməsi az təhlükəli  olsun.  Axı  onun əlində mühüm qərarlar verən partiya strukturları və həlledici səslər yox idi! Küll-ixtiyar, söz savaşından irəli gedən gücə sahib deyildi! Başqa tərəfdən, seçiminin  ortada çox açıq mesaji da var idi - Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR).

Abbreviaturaya fikir versək, Qubad  İbadoğlu əllərini keçmişə-cümhuriyyət tarixinə uzatmaqla,  Müsavat firqəsinə aid A,D,R başlıqlarını (Azərbaycan Demokratik Respublikası), bəlkə də məxsusi seçməklə, əslində sırf eyni adla olmasa da, ideoloji əlaqə müstəvisində Müsavatın alternativini formalaşdırmağa və bunu çalxalandıqca artan  narazıların bazasında yaratmağa tədarük gördüyünə   aydın siqnal vermişdi. Düzdür, gedib ordakı kreslosunda oturmağa tələsmirdi, çünki oranın taleyi Müsavatın dəhlizlərində hazırlanırdı və qopmanın miqyasını böyütmək üçün oturduğu budağı bir az da silkələməyə ehtiyac var idi.

Partiyadakı  kəmhövsələ, başılovlu  “sərəncam” bu məsələni  daha da tezləşdirdi, İbadoğlunun üzərinə olan ictimai tənqidlərin səmtini Arif Hacılının üzərinə yönəltdi. Birinciyə ADR üçün məhdud da olsa,  müsavatçı daşımaq şansı yaratdı. Həm də niyə məhdud ki? Qurultaydakı səsvermənin nəticəsi ilə götürsək, 200-dən yuxarı səs onun daxili müxalifətçiliyini, yəqin ki,  birmənalı müdafiə edir.

Bundan başqa, radikal qərarlar özgələrə görk mənası ilə partiyada demokratik ab-havanı çətinləşdirir ki, belə bir sistemdə narazı insanların qalması da mənasızlaşır. Bu, artıq parçalanma ssenarisinin baş tutması, başqa sözlə, finala çatması deməkdir. Fərq etməz, ortaya oğurlanan adla Ədliyyə Nazirliyinə mübahisələrlə gedib çıxacaq  alternativ qoyuldu, yoxsa, sadəcə dağılma prosesi.  Müsavatın əvvəlki vəziyyəti artıq çox ciddi şəkildə deformasiyaya uğrayır.

Sözsüz ki, partiyanın rəhbərliyinə bu lazım deyildi. Göründüyü kimi,   yaranın hövlnak kəsilib atılması, günahkarları başçıları ilə birlikdə “çarmıx”a çəkmək Müsavata sabitlik, ədalət səltənəti vəd etmədi,  problemləri yüngülləşdirmədi. Əksinə, kin-küdurət dolu baxışları artırdı, nifrəti ən yüksək həddinə çatdırdı. Partiyanın demokratiya sərhədlərindən uzaqlaşıb, avtoritarizm sərhədlərinə yaxınlaşması təəssüratlarına yol açdı. 

Nə qədət toxtaqlıq verilsə də, ortada istefalar var, tanınan siyasi insanların etiraz bəyanatı var və qəbul edilməlidir ki, parlament seçkiləri ərəfəsində Müsavat özünə amansız bir hökm hazırladı.  Halbuki seçki prosesinin önəmliliyi nəzərə alınaraq, Qubad İbadoğlunun diversantlığına müvəqqəti məhəl qoymamaq,   ya da, etirazı müəyyən qədər səngitməklə, bumeranq effektlərə şərait yaratmamaq da olardı. Çünki qəzəb, hirs-hikkə  dalğası ilə gələn istefalar təkcə kütləvi olmur, həm də amansız olur...  

Amma bu sətirlər Qubad İbadoğlunun günahlarını əsla yumur və onun üzərindəki ictimai şübhələri silib atmır. Əlbəttə, o, başından kiminsə Müsavata uzanan iştahasını ifadə edirdi. İndi maraqla gözlənilənsə finala çatan ssenarinin, dağılma zəfərinin qarşılığında onun başına necə bir tacın qoyulacağıdır...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?