Modern.az

“Quraqlıq Azərbaycanın kənd təsərrüfatına ciddi problemlər yaradacaq”

“Quraqlıq Azərbaycanın kənd təsərrüfatına ciddi problemlər yaradacaq”

11 Fevral 2015, 16:04

“Bəzi bölgələrə yağıntılar düşsə də, əvvəlki illərlə müqayisdə çox aşağıdır. Hazırda Gəncə -Qazax bölgəsində quraqlıq müşahidə edilir. Şəki-Zaqatala bölgəsinə bir müddət əvvəl güclü qar yağsa da, orda da quraqlıqdır”.

Bu barədə Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib.

O qeyd edib ki, baş verən iqlim dəyişikliyi bizim ölkəmizdən də yan keçməyib.
“Ötən illərdə olduğu kimi yağış, qar yoxdur, suvarma işləri vaxtında aparılmır. Fermerlər bunu suvarma suyunun olmaması ilə əlaqələndirirlər. Apardığımız monitorinqlər onu deməyə əsas verir ki, kənd təsərrüfatında bu il ciddi problemlər olacaq. Noyabr ayında başa çatması planlaşdırılsa da, səpin dekabr ayına qədər uzadıldı, səpindən sonra isə suvarma aparılmadı. Payızlıq buğdada kollanma fazası başa çatmayıb. Quraqlıqdır, zərərvericilərin sayı çoxalır. Ümumiyyətlə, aqrotexniki qaydalara riayət olunmaması və iqlim şəratiti problemə doğru aparır”.

Ekspeet deyir ki, bu bir çox yerlərdə erkən kartof əkinləri başlayıb: “Tovuzda, Şəmkirdə, dağətəyi zonalarda faraş kartof əkilməyə başlayıb. Oradakı fermerlər həmin kartofun bir hissəsinin daxili bazarda satışını planlaşdırsalar da, əsas hissəsini Rusiya bazarlarına göndərəcəklər.

“Faraş” tez yetişən mənasını verir. Belə ki, əkilən kartofun üstü örtülür və məhsulun yetişməsi üçün şərait yaradılır”.

Bu il “Kənd təsərrüfatı ili” elan olundu. Bunun hansı müsbət tərəflərini müşahidə edə biləcəyik?

Vahid Məhərrəmovun sözlərinə görə, “Kənd təsərrüfatı ili” elan etməklə nəyəsə nail olmaq mümkündürsə, onda hər günü, hər saatı buna həsr etmək olardı:

“Əslində kənd təsərrüfatının inkişafı üçün ciddi qanunlar qəbul edilməli, aqrar-siyasət müəyyənləşdirilməli, kəndlilərin bazara çıxışı asanlaşdırılmalıdır, onlara lazım olan istehsal vasitələri əlçatan olmaldır.

Düşünürəm ki, bütün problemlər hətta illər öncəsindən yığılıb qalıb. Əvvəlki nazir İsmət Abasov də peşəkar deyildi, indiki nazir də bu işin bilicisi deyil. Heydər Əsədov nəsə etməyə çalışır, amma mütəxəssis olmadığı üçün nəticə uğurlu alınmır.

Heydər Əsədov bu sahənin mütəxəssisi deyil. Onun birinci müavini də kənd təsərrüfatı mütəxəssisi deyil, yeni müavini də həmçinin. Nazirliyə gətirilən yeni kadrların da təcrübəsi yoxdur. Əla nəticə üçün komanda olmalıdır. Əvvəlki nazirin komandası olsa da, özü zəif idi. Hazırkı nazir Heydər Əsədov inkişafa can atsa da, nə özü kənd təsərrüfatı üzrə peşəkardır, nə də ətrafındakılar. Ona görə də hansısa problemlərin həllinin gözlənilməsi əbəsdir. Fermerlər vaxtında suvarma aparmayanda nazirliyin mütəxəssisləri xəbərdarlıq etməli idi. Ümumiyyətlə, maarifləndirmə işi aşağı səviyyədədir”.



Ekspert ciddi narahatlıq üçün əsasların artdığını vurğulayıb: “Bizim idxaldan asılılığımız artmaqdadır. Yüksək çinli dövlət məmurları şişirdilmiş rəqəmlərə istinadən pozitiv proqnozlar verirdilər, əbəs yerə... Çünki prezident özü də son konfransda çıxışı zamanı etraf etdi ki, taxıl sahəsində idxaldan asılığımız var. Bu o deməkdir ki, problemlər yığılıb qalıb və onu “Kənd təsərrüfatı ili” elan etməklə aradan qaldırmaq mümkün olmayacaq.

Nəzərinizə çatdırım ki, bu il əvvəlki ilə nisbətən 100 min hektar az sahədə taxıl əkilib. Əkin sahələrinin azalması ilə yanaşı, qeyd etdiyim problemlər də mövcuddur. Müşahidə olunan odur ki, taxıl normal inkişaf fazasını keçməyib.

Ümumiyyətlə bu il payızlıq taxıl bitkilərində birinci üç inkişaf fazası normal keçmədi Hazırda kollanma fazası başa çatmalı idi, amma bu baş verməyib.

Monitorinqlərin nəticəsi onu göstərir ki, builki bitkilər də çox zəifdir. Bu isə bitkilərin məhsuldarlığına çox təsir edəcək”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir