Arxiv
16 Fevral 2015, 13:01 | MÜSAHİBƏ
Deputat Nizami Cəfərov: “Bəzi xalq artistlərimiz elə oyunlardan çıxırlar ki..” - MÜSAHİBƏ

“Mənim o deputatdan xoşum gəlmir ki, dördüncü dəfə deputat olmaq üçün kampaniya təşkil edib desin ki, mən filan işi görəcəyəm”


“Böyük mədəniyyət adamına ad veriləndə, həm də mənəviyyatını nəzərə almaq lazımdır”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az saytının əməkdaşlarının suallarını cavablandırıb:

- Milli Məclisin Mədəniyyət komitəsinin sədrisiniz. İstərdik elə ilk olaraq Azərbaycanda mədəniyyət sahəsindəki vəziyyəti şərh edəsiniz...

- Azərbaycanda bu gün çox güclü mədəniyyət siyasəti yürüdülür. Onun da əsas 3 prinsipi var. Azərbaycan xalqının indiyədək yaratdığı mədəniyyəti qorumaq, öyrənmək, araşdırmaq, dünyada yaymaq,  Azərbaycan insanının mənəvi enerjisinə çevirmək, bu millətə aid olan heç bir mədəniyyət, incəsənət hadisəsinin nə itməsinə, nə də kiminsə mənimsəməsinə imkan verməmək birinci prinsipdir. Bu, dövlətimizin mədəniyyət sahəsinin əsasını təşkil edir. İkincisi, yaradıcı insana - yazıçıya, bəstəkara, müğənniyə, rəssama xüsusi qayğı göstərməkdir. Bu bizim dövlət siyasətimizdə çox güclüdür və  çox az-az ölkələrlə müqayisə oluna bilər ki, ayrı-ayrı fərdi yaradıcılara bu cür diqqət göstərilir. Bir vaxtlar deyirdik ki, mədəniyyət xalqa, kütlələrə məxsusdur. Azərbaycan poeziyasını təbiidir ki, Hüseyn Cavid, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə  yaratmalıdır. Bir Üzeyir Hacıbəyov kifayət edir ki, Azərbaycan musiqisi yüz illərlə özünü kasıb hiss etməsin. Ona görə də yaradıcı şəxsiyyətin roluna xüsusi diqqət və qayğı göstərilməlidir.

Üçüncü prinsip - cəmiyyətdə, müasir dünyada gedən proseslərdən irəli gəlir. Bu da ondan ibarətdir ki, sənət əsəri istehlak olunmalı, sənət əsəri maddi vəsait gətirməlidir. Sənət əsəri yazıçıya, onun müəllifinə nəsə qazandırmalıdır. Bununla yanaşı, həm də öz işini davam etdirə bilsin, maddi çətinlik çəkməsin və dövlətdən asılı olmasın. Dövlət həmişə kömək edib və edəcək. Ancaq bir məsələ var:  heç bir dövlət o mədəniyyətin inkişafını tam yuxarıdan aşağıya maliyyə ilə təmin edə bilməz. Bunun üçün də mədəniyyət, incəsənət əsərləri satılmalıdır. Ancaq bunun içində pis nəsə axtarılmamalıdır. Artıq bizim mədəniyyət siyasətində prinsipə çevrilib ki, bu müəyyən qədər ağır məsələdir. Biz müstəqilliyimizi yeni qazanmışıq və bu gün Milli Məclisdə də mədəniyyət sahəsi üçün büdcə müzakirələri olur. Daha çox maliyyə tələb edəndə, bizim həmkarlarımızdan buna qarşı çıxan da olur və bildirirlər ki,  yazıçı yazsın, əsərini satsın, özünü dolandırsın. Yoxsa, başqa cür necə ola bilər? Bu əsas 3 prinsiplə dövlətimizin mədəniyyət siyasəti inkişaf edir. Biz mədəniyyətin inkişafı haqqında qanunlar qəbul edirik. Çox yaxşı haldır, bu gün Azərbaycanda mədəniyyət o qədər sürətlə inkişaf edir ki, biz o qanunları yaradıb inkişaf səviyyəsinə çatdıra bilirik. Biz mükəmməl dəbdəbəli qanunlar hazırlaya bilərik, ancaq həyata keçməz. Yaxşı olar ki, elə mədəniyyətin özü inkişaf etsin. Müəyyən qədər qanunvericilikdə geri qalmaq olar.

- Dövlətin mədəniyyət siyasətinə, konsepsiyasına cəmiyyətin reaksiyası adekvatdırmı? Çünki bəzən cəmiyyət mədəniyyət qanunlarından yararlanmır, yaxud cəmiyyəti o qanunlarla tənzimləmək mümkün deyil...

- Sosial-iqtisadi, hüquq sahəsində qanunvericiliyi həyata keçirmək, tətbiq etmək asandır. Çünki prinsiplər var. Sən hansısa cinayət törətmisənsə, ona adekvat da cəza verilməlidir. Ancaq sən bilmirsən ki, keyfiyyətsiz bir əsər yazan yazıçını necə cəzalandırasan. Keyfiyyətsiz şou-biznes aləmi tutub gedir. Biz onu qadağan edə bilmirik. Halbuki, şou-biznes, yüngül şoular cəmiyyətin mənəviyyatına bir cinayətkarın əməlindən daha çox mənfi təsir göstərir. Amma onu qanunvericiliklə nizamlamaq olmur. Çünki burada demokratiya söhbəti ortaya çıxır ki, “mən belə danışıram”. Ona görə də mədəniyyət haqqında qanunlar daha çox tövsiyə xarakterlidir, lakin hüquqi tərəfləri də var. Mədəniyyət qurumlarının fəaliyyətini tənzimləyə bilirik. Muzeylərin, kitabxanaların fəaliyyəti qanunla tənzimlənir. Biz mədəniyyətin inkişafını qanunla təşkil ediriksə, istər-istəməz daha çox tövsiyə xarakterli olur. Azərbaycan cəmiyyətinin mədəni səviyyəsi həmişə yüksək olub.

- Bəzən görürük ki, fəxri adlar verilən insanlar tamaşaçılarına qarşı o qədər də məsuliyyətlərini bilmirlər. Onlardan həmin adlar geri alına və ya hər hansı cəza tədbiri tətbiq edilə bilərmi?

- Biz ad da çəkə bilərik. Ancaq buna ehtiyac yoxdur. Çünki, bunların hamısı cəmiyyətin gözü önündə baş verir. Bizim bəzi xalq artistlərimiz elə oyunlardan çıxırlar ki! Təhqir edirlər, məhkəməyə düşürlər. Əgər dövlət incəsənət xadimini qiymətləndirib ona dövlətin adından ən yüksək mükafatları və adları verirsə, həmin adam ona layiq olmalıdır. Çünki o istedaddır, o da səviyyə deməkdir. Onun hərəkəti elə bir səviyyədədir ki, anormal işlərlə məşğul olmaya bilər. Bir böyük mədəniyyət adamına ad veriləndə, həm də mənəviyyatını nəzərə almaq lazımdır. Mənəvi cəhətdən qaydasında olmayan adam nə qədər yaxşı oxusa da, ona o ad verilməyəcək. Sonradan nəsə iddialar ortaya çıxır. Dəfələrlə müzakirə olunur ki, belə adamlardan fəxri adlar geri alınsın. Amma bu həddindən artıq kəskin və son tədbirdir. Biz cəmiyyətimizin səviyyəsindən razıyıq. Ona görə bu kimi tədbirlərə əl atmırıq. Bir zamanlar Qara Qarayev, Fikrət Əmirov arasında sənət səviyyəsində intriqalar olub. İndi də ziddiyyətlər var və olacaq. Amma fikir ayrılıqları dedi-qodu səviyyəsində təzahür edirsə, bu,  dözülməzdir. Ancaq cəmiyyətimiz dərhal onları qınayır və onlar haqqında mənfi fikir əmələ gəlir. Əgər cəmiyyətdə “onlardan fəxri adlar niyə alınmır” sualı yaranırsa, bunun özü onlar üçün böyük bir cəzadır.

- Bəzən fəxri adlar verilməyən insanlar belə verilişdə uyğunsuz, etik çərçivələrə sığmayan hərəkətlər edirlər və bu da cəmiyyətdə narazılıq doğurur. Bu yaxınlarda televiziya kanallarının birində 2 bacının milli pulumuz olan bir manatlıq əskinası  cırmasını, xanım aparıcının efirdə şpaqat açmasını buna  misal göstərmək olar. Bu baxımdan Milli Televiziya və Radio Şurasının cəza tədbirlərini necə qiymətləndirirsiniz?

- Bu məsələ ilə bağlı qanunda dəyişiklik etdik. Müəyyən qədər cəzalar artırılır. Burada heç kimin marağı yoxdur ki, kiməsə cəza verilsin, demokratiya pozulsun. Məqsəd odur ki, televiziyalar məsuliyyət hiss etsinlər. Çünki onlar  reytinq dalınca qaçır. Ancaq görürük ki, bunda maraqlı olan insanlar da var. Bu olmasaydı, həmin verilişlərə reklam verilməzdi. Bir qüsuru cəmiyyətin belə anormal şeylərə marağında da görmək olar. Azərbaycan televiziyası olmasa da, başqa xarici kanallardakı bu tip verilişlərə baxacaqlar. Narkomaniyaya, qadın alverinə maraq varsa, bu cür nöqsanlara da cəmiyyətdə maraq olacaq. Burada məsuliyyət televiziyaların üzərinə düşməlidir. Elə şeylər var ki, cəmiyyətdə onun yetişməsi üçün münbit yer var. Ona görə də biz diqqət yetirməliyik.

- Bizim yaradıcı təşkilatlarımız olan Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və digər təşkilatlar dövlətin dəstəyinə uyğun məhsullar verə bilirlərmi?

- Əgər dövlət maliyyə vəsaiti ayırırsa, onun qarşılığını da görməlidir. Ən azından gözləyir.  Bu cəmiyyətin gözü qarşısında baş verir. İndiki şəraitdə nə Yazıçılar Birliyi, nə də Bəstəkarlar İttifaqı konyukturaya getmir. Nə qədər mümkündürsə, dövlət Yazıçılar Birliyi üçün, ədəbi orqanların çap olunmasına vəsait ayırır. Ona görə də vaxtı-vaxtında “Azərbaycan” jurnalı da, “Ədəbiyyat” qəzeti də, “Ulduz” jurnalı da çap olunur. Bizim nə yaradıcılıq enerjimiz varsa, orada əhatə olunur. Heç kim deyə bilməz ki, mən bir əsər aparmışam, çap etməyiblər.

- Siz hər ay “Ədəbiyyat” qəzeti, “Azərbaycan”, “Ulduz” jurnallarını alıb mütəmadi olaraq oxuyursunuz. Oradaki keyfiyyət sizi peşəkar filoloq kimi qane edirmi? Sizcə, vaxtı-vaxtında çap olunmaq keyfiyyəti tam yüz faiz təmin edə bilir?

- O birinci şərtdir ki, dövlət mətbuata vaxt ayırır, mətbuat da vaxtında lazımi həcmdə çap edir.  Bu texniki göstəricidir. Ola bilərdi ki, vəsait ayrılsın, həmin orqanlar da özbaşına buraxılsın, ya vaxtında çıxmasın, ya cəmiyyətə çatdırılmasın, lazımi tirajla çıxmasın. Bunlar birinci şərtdir və  dövlət də hesabat istəyəndə, birinci yada düşən o işlər odur. İqtisadi sahədə də belədir. Dövlət pul ayırır, yollar çəkilir. Birinci şərt odur ki, tikilir. Keyfiyyət isə sonra gəlir. Burada uzaqbaşı 1 aydan sonra bilinir ki, keyfiyyətlidir, ya yox. Ancaq ədəbiyyat sahəsi elə deyil. Bu gün bir az maraqlı olur, sabah yox. Amma 3 yazıdan biri yaxşı olursa, bu, keyfiyyət deməkdir. Əvvəllər “Ədəbiyyat qəzeti”ndə işləyəndə 1 aylıq nömrələrini yığıb müzakirə etdilər. Yazıçılar Birliyində dedilər ki, qəzet yaxşı çıxmır. Biz də təzyiq etmədik. Səni tənqid edəndə, deməməlisən ki, niyə belə oldu? O zaman biz qəzeti qarşımıza qoyduq. Qəzetdə ən azı 10-15 xalq yazıçısının yazısı var idi və dedik ki, ədəbiyyatımız budur. Bundan peşəkar adamlar yoxdur. Bunlara keyfiyyətsiz deyirsinizsə, biz qəzet haqqında yox, ədəbiyyat haqında düşünməliyik. Bu gün də elədir. Elə hesab edirəm ki, həm Yazıçılar Birliyi, həm də Bəstəkarlar İttifaqında müxtəlif təzahürlər var, onların hamısında kimisə sıxışdırmaq yoxdur. Bəzən hökumətin əleyhinə olan ədəbiyyat da çıxır. Burada demokratik münasibət var. 


- Gənc yazarlardan kimləri oxuyursunuz?

- Bu gün də ədəbiyyatda ən çox oxunan, yenə də Elçin, Anar, Fikrət Qoca, Vaqif Səmədoğludur.  Gənclərə gələndə, zövqüm əvvəl gələnlərlə formalaşıb. Gənclər daha sərbəstdirlər, onların düşüncələrində fəlsəfi axtarış güclüdür. Hansısa bir model üzərində dayanmırlar. Yalançı ideologiya, sosiologizm yoxdur. Fəlsəfilik, dünyagörüşlük var. Bu nə dərəcədə incəsənət olur, deyə bilmərəm. Gənclərdə ədəbiyyata maraq əvvəlkilərdən güclü deyil. Gənc yazarlardan ad çəkmək istəmirəm. Ad hələlik heç nə deyil. Çoxunda gənclik üslubu var. Tənqiddə elə bilirəm ki, üslublar fərqlənməyə başlayır.

- İsa Hüseynovun həyat yoldaşı Firuzə xanımdan müsahibə götürmüşdük. İsa müəllim son günlərində Firuzə xanıma gileylənirdi ki, onunla o qədər də maraqlanmırlar. Ancaq mənim fəlsəfəmi başa düşən yeganə adam Nizamidir. İsa Muğanna ədəbiyyatda çox fərqlənirdi. Onun Saf Ağ elmi, Odər fəlsəfəsi faktlara söykənən bir fəlsəfədir, yoxsa çox güclü yazıçılıq fantaziyasının məhsuludur?

- Kimsə iddia etsə ki, mən İsa Muğannanı dərindən başa düşürəm, düzgün olmaz. İsa Hüseynovu sona qədər dərk etmək çox çətindir. Onun yazdıqları haqqında tarixçimiz Ziya Bünyadov tənqidi məqalə yazmışdı ki, İsa Muğannanın yazdığının hamısı fantaziyadır. Fkrimcə, İsa Hüseynov yazdıqlarına elm deyirdi. Burada normativ elmdən söhbət gedə bilməz. O, dünyanı izah etmək üçün bütöv bir konsepsiya qurub. Dinlərin münasibəti, yaradılış, insan-cəmiyyət necə idarə olunur, müxtəlif dinlərin təqdim etdiyi model İsa Hüseynovun dedikləri ilə paralel ola bilər. Bu mənada dini-fəlsəfi metafizikadır. Buna etiraz edə bilmirsən. İsa Muğanna metodoloji sistem təqdim etdi. Sən bu sistemin ayrı-ayrı hissələrinə etirazını bildirməklə metodoloji sistemi dağıda bilməzsən. Gərək ayrı metodoloji sistem yaradasan. Hər bir dini dünya görüşlərində mükəmməl normativ göstərişlərlə yanaşı, həm də obrazlılıq var. Cəmiyyətə harmoniya vermək üçün emosional texnologiyalar lazımdır. İsa Muğanna humanistdir, insanlığa, bəşəriyyətə yardım edə biləcək iddia ilə ortaya çıxıb. Ədəbiyyata da intellekt gətirib. Bir sıra meydana çıxmış romanları oxuyursan, o intellekti görə bilmirsən. İsa müəllim mələk kimi təmiz insan idi. Heç bir şeydə gözü olmayan adam idi. Yazdıqlarını özünü sığortalamaq üçün və ya başqa bir səbəblə deyirdi ki, bunları mən yazmıram və bütün bunlar ona ün şəklində gəlir. Bu uydurmaydısa belə, çox gözəl bir uydurma idi. Ağıllı fikirlər ona gəlirsə, ona “sağ ol” demək lazımdır. Hər bir yazıçını, onun üslubunu bilirdi. Bir dəfə gecə mənə zəng etdi ki, hara baxırsan, ədəbiyyatda elmilik zəifləyir. Zarafatla dedim ki, indi gecdir, sabah duranda məşğul olaram. Mənə dedi ki, sən də hər şeyi lağa qoyursan. O tək öz yazdığına yox, ümumən ədəbiyyata qarşı çox məsuliyyətli idi.

- Mədəniyyət, elm adamlarının siyasətə meyli də diqqət çəkir. Bunlardan biri də Rüstəm İbrahimbəyov oldu. O, Azərbaycanda Ziyalılar Birliyini və Milli Şuranı yaratdı. Siz isə bir neçə il bundan qabaq ona qarşı çıxanlardan biri olmusunuz. Bu mənada, mədəniyyət adamlarının fəaliyyətini siyasətdə sınamasına necə baxırsınız?

- Müzakirələrimiz, hətta təhqirlər səviyyəsinə də qalxmışdı. Rüstəm İbrahimbəyov tanınmış idi. Deyirdilər, dünyanın hər yerində məşhurdur. Amma elə olmasa da, tanınırdı. Əsərləri Azərbaycanda çap olunurdu. Amma bu da onun öz mövqeyi idi. Biz az-çox siyasi xadimik. Sən xalqın ziyalısı adlanırsansa, məsuliyyəti götürmüsənsə, milli-ictimai rəyi də nəzərə almalısan.   Məni narahat edən o idi ki, xalqı təhqir edir. Dedi ki, qaçqınlar, köçkünlər gəlib Bakıya doluşdular və  əvvəlki şəhəri tanıya bilmir, guya Bakının elitası sıradan çıxıb. Bakının elitası azərbaycanlılar idisə, Bakıdan heç bir azərbaycanlı köçmədi, öz-özünə məhv olası deyil.  Erməni buradan köçüb gedirsə, erməni burada elita yaradırdı? Bu fikirlər məni qane etmədi. O cür ağır vəziyyətdə sən öz xalqının nümayəndəsinə deyəsən ki, gəldin elitar şəhəri xaraba qoydun, bunu Allah da qəbul etməz. Həmin insanın maddi vəziyyəti pisdir, müəyyən gərginliklər olacaq.  Ancaq deyə bilməzsən ki, çıx get. Sonra hakimiyyət iddiasına düşdü. 

Bundan başqa, müəyyən iddialar ortaya çıxdı. Bəziləri birbaşa nədənsə inciyən kimi başladılar ki, biz guya erməniləri qırmışıq (Əkrəm Əylisini nəzərdə tutur - red).  Ədəbiyyat, incəsənət, mədəniyyət adamı siyasətə qoşulanda, gərək bir az milli mövqe ilə humanist mövqeyi və bugünkü dünyanın konyukturasını əlaqələndirə bilsin. Biz də istəyirik ki,  bütün millətlər dost olsun. Amma görürsən ki, istəməklə nəsə olmur.

- Siyasi fəaliyyətinizin əsas hissəsi Milli Məclislə bağlıdır. Amma son zamanlar çıxışlarınızı az görürük. Bunun səbəbi nədir?

- 3 çağırış  Milli Məclisin deputatı olmuşam. Birinci çağırışda  daha çox danışmağa ehtiyac var idi. İkinci də bundan bir az az, üçüncüdə isə daha da az. Mən o vaxt danışıram ki, ya hansısa qanun layihəsi təqdim edirəm, ya da burada danışmağa ehtiyac var. O vaxt danışmıram ki, nəyisə təkrar deməyə ehtiyac yoxdur.  

Milli Məclisin özündə də təkmilləşmə gedir. Fikirlərdə, mülahizələrdə bir-birini anlamaq halları çoxalıb. Bir vaxtlar yeri gəldi-gəlmədi polemikalar olurdu. Bu gün isə Milli Məclisin özü də kamilləşir. Artıq hər sözü deməyə ehtiyac yoxdur. Milli Məclisdə kifayət qədər yetkin insanlar var və xeyli müzakirə də komitələrdə gedir.

Milli Məclisdə həmişə danışmaq və özünü göstərmək sindromu olub. İndi çox az adam qalıb ki, hər gün, hər məsələ müzakirə olunanda özlərini göstərirlər. Onlar kənd təsərrüfatı, siyasət, bələdiyyə, sosial, mədəniyyət məsələlərindən danışırlar. Hər şeydən danışmağı isə cəmiyyət qəbul etmir. 

- 3 çağırışda, Milli Məclisin deputatı olmusunuz. Bəs 4-cü dəfə necə, deputat olmaq istəyirsiniz? Nəzərə alaq ki, bu il parlamentə 5-ci çağırış deputat seçkiləri keçiriləcək.

- Birinci, ikinci dəfə deputat olmaq istəyəndə, adam istəyir özünü göstərsin ki, “bəli mən də burda varam”. Artıq dördüncü dəfə üçün özünü göstərməyə ehtiyac yoxdur, çünki görünürsən. Mənim o deputatdan xoşum gəlmir ki, dördüncü dəfə deputat olmaq üçün kampaniya təşkil etsin və desin ki, mən bu filan işi görəcəyəm. Mənim 5-ci çağırış Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün xüsusi cəhd etmək fikrim yoxdur. Nə varsa, budur.  İlk öncə partiyamızın qərarı əsas rol oynayır.  Yeni Azərbaycan Partiyası rəhbərliyi nə məsləhət görsə, onu da edəcəyik.

- Siz həm də elm xadimisiniz. Bu qədər ictimai işinizin çoxluğu elmi fəaliyyətinizə nə dərəcədə ziyan vurdu?

- Yaponiyadan cavan türkoloq gəlmişdi. Dedi ki, sizin elminiz düzgün qurulmayıb. Dedi, mən burada tatar-monqol dövrü ilə bağlı mütəxəssisə sual verdim ki, monqol tatarlarının Azərbaycana gəlməyi Azərbaycan xalqının tarixində müsbət, ya mənfi rol oynayıb? Dedi, mənim bu barədə 4-5 kitabım var. O xahiş edib ki, bunu 15 dəqiqəyə izah edin. Professor 2 saat izah etsə belə ,  türkoloq yenə bir nəticə çıxara bilməyib. Mənim sahəm riyaziyyat deyil, kimya, fizika deyil ki, cəmiyyətdən kənarda olsun və laboratoriyada işləyim. Mənim laboratoriyam cəmiyyətdir. İctimai işdə insanı görürəm, qanunvericilikdə sahəm də ədəbiyyatdır, tarixdir. Mənim üçün qüsur olardı ki, gedib bir kənarda kitab yazam. Bu gün təkrar nəşrlərlə yüzə qədər kitabım çıxıb. Son zamanlarda yazdığım daha praktikdir, nağıl deyil. Mənim üçün ən maraqlı əsərlərimdən biri dövlət dili haqqında qanunu yazmaq oldu. Bu mənim işimdir. İstər-istəməz bunu elmlə yazmalısan. Çox vaxt görürəm, bizim professorlar  nə Yazıçılar İttifaqının tədbirlərində iştirak edirlər, nə də oradakı müzakirələrdən xəbərləri olmur. Sonradan müasir Azərbaycan ədəbiyyatından universitetdə mühazirə deyirlər. Bu mühazirəni də 10-15 il deyirlər. Deyə-deyə nəsə yaradırlar. Ancaq həmin modellər praktikada özünü doğrultmur.


- İşləriniz çoxdur, indi də müəllim kimi auditoriyada dərs keçirsiniz?

- Son 5 ildir ki, yox. Ancaq aspirantlarım var. Son 5 ilə qədər auditoriyada çox olmuşam. Bu mənim üçün qaçılmaz bir şey idi. Ancaq tədricən gördüm ki, oradan çıxmaq lazımdır. Yenə də o müəllimlik hissi güclüdür.

- Bir müddət Müsavat Partiyasının üzvü olmusunuz. Hazırda isə Müsavat Partiyası daxilində baş verən siyasi gərginlik ictimai müzakirəyə çıxarılıb. Keçmiş müsavatçı kimi bu prosesləri necə dəyərləndirirsiniz?

- 80-cı illərin sonlarında az-çox cəmiyyəti düşünən insanlar ya Azərbaycan Xalq Cəbhəsində idilər, ya da Müsavatda. Üzvlük isə şərti idi. Əsas məsələ milli müstəqilliyin qazanılması, onun qorunmasına nail olmaq idi. 90-cı illərin əvvəllərində əsas hədəf o idi ki, müstəqilliyi qazanaq, bu prosesdə iştirak edək. Sonra bir il müddətinə Müsavat Partiyasında Divan üzvü oldum. Orada da Mədəniyyət komissiyasının sədri idim. Amma mənim işim partiyada xüsusi nüfuz sahibi olmaq deyildi.

1993-cü ilin əvvəllərində gördüm ki, ayrı proseslər gedir. Gördüm ki, sözün aqressiv mənasında siyasət məsələsi çıxdı. Artıq hakimiyyət üğrunda qızğın mübarizə gedirdi. Mənim də hakimiyyət uğrunda mübarizə ilə işim yox idi. Bunu partiyada da bildilər. Ona görə də oradan rahat ayrıldım. O zaman da oradakı fəal adamlarla aram yox idi. Onlar yalnız müstəqillik, azadlıq uğrunda yox, başqa şey uğrunda mübarizə aparırdı. İndi də həmin adamların çoxu Müsavat Partiyasındadır. Lakin təbii ki, orada da ziyalılar var idi və sonradan onlar da partiyadan ayrıldılar.  Şəxsi münaqişələr, iddialar başladı, vəziyyət mürəkkəbləşdi.  Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətimiz müstəqilliyini elan etdi.

- Sizinlə açıq konflikltlərə girirdilər?

- Xeyr! Partiyada bir neçə iclasda olmuşam. Proqram hazırlanmasında iştirak edirdim. Elə şeylər var idi ki, gizli həll olunurdu və mənim bundan xəbərim olmurdu.

- Keçmiş silahdaşlarınızla münasibətləriniz qalıb?

- Demək olar ki, yox.

- Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zənginliyini oturaq şəkildə çatdıra bilirmi?

- Bir vaxtlar  Azərbaycanda gedən prosesləri dilçilik səviyyəsində izləmək asan idi. O vaxt dilə ayda, ildə bir söz daxil olurdu. Çox asan idi. 80-ci illərin sonunda akademiyanın dağılma təhlükəsi oldu və dilçilik institutunun nəsə görəcəyi söhbətini etmək də çətin idi. Müəyyən işlər görüldü. Azərbaycan dilinin məsələsi ilə bağlı ilk konstitusiyamız qəbul olunanda, dilin adı ilə bağlı mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə müzakirələr aparılırdı. Ən çox dilçilər iştirak edirdi. Bəzən deyirlər ki, söhbət dilin adı ilə bağlıdır. Heydər Əliyev bu məsələlərdə onu önə çıxardı ki, dil strateji məsələdir, önəmlidir. Dil məsələsinə diqqət artırıldı. 2001-ci ildə dövlət dilinin təkmilləşdirilməsi ilə bağlı məşhur bir fərman imzalandı.  2000-ci ildən bu günə bu məsələ ilə bağlı ciddi işlər getdi. Orfoqrafiya lüğətləri buraxıldı. Azərbaycanda gedən dil prosesləri izlənilir.

Dilçilik İnstitutu Dövlət Televiziya və Radio Şurası, Mətbuat Şurası ilə birgə monitorinq keçirdi. Hansı sözlər gəlib, hansı sözlər yaranmalıdır, hansılar qəbul olunmalıdır, bunlar müzakirə olundu. Deməzdim ki, Dilçilik İnstitutu tam bu prosesləri tam əlinə alıb. Strukturlar yaranır. Tərcümə Mərkəzi bu proseslərlə məşğuldur. Dövlət dilinin inkişafı ilə bağlı da ayrıca dövlət proqramı mövcuddur. Orada göstərilir ki, hansı qurumlar dillə bağlı məsələlərə baxmalıdır. Bizim cəmiyyətimiz tələb edir ki, hər sahə müzakirə olunsun. Bütövlükdə Dilçilik İnstitutunun işləməsi üçün motivlər var. Bu gün suallara yaxşı cavab verilmirsə, sabah veriləcək.

- Bir məsələ də soyad sonluqları ilə bağlı idi. Bu məsələ necə yekunlaşıb?

- Nəticə odur ki, ayrıca komissiya işlədi. Bütün soyad formaları təhlil olundu. Məlul oldu ki, bu günə qədər “ov,” “yev ”soyadları 80 faiz təşkil edir. Bu, kifayət qədər böyükdür. Bu o demək deyil ki, Azərbaycan xalqı o soyadların tərəfdarıdır. Sadəcə olaraq, bu texniki məsələdir. Müəyyən sənədlər lazımdır. Mexaniki olaraq belə davam edir. Ancaq yaxşı deyil. 10 faiz “zadə”, 10 faiz isə “lı, li, lu, lü” ilə olan soyad sonluqlarıdır. Bu tövsiyələr hazırlandı. Əvvəl “zadə”yə etiraz olundu ki, türk mənşəlidir. Amma onu nəzərə aldıq ki, həm geniş yayılıb, həm də Azərbaycan xalqına xüsusi təzyiqlə           qəbul etdirilmir. Həm də ziyalılar bu formanı götürüblər. Bu bir mədəniyyət kimi qəbul olunub. Bu məsələdə biz demokratik yolu tutduq. Hüquqi tərəf üçün qərara gəldik ki, nə zaman hüquqi sənəd olsa, bu yeni doğulan uşaqlara aid olunacaq. Yeni doğulan uşaqların heç bir öhdəliyi olmur, amma yaşlı adamın müəyyən öhdəliyi var və ona müəyyən sənədlər lazım olur. Bu da Nazirlər Kabinetində aydınlaşdırılır. Bu o qədər də asan məsələ deyil. Odur ki, güman edirik ki, yaxın vaxtlarda ayrıca sənəd qəbul olunacaq. Milli soyad formalarını yavaş-yavaş qəbul edirlər.

- Türkiyə-Azərbaycan parlamentlərarası işçi qrupunun sədrisiniz.  2013-cü ilin dekabrında Türkiyədə başlayan böyük rüşvət və korrupsiya əməliyyatlarının uzantıları Azərbaycana qədər gəlib çıxdı.  Azərbaycandakı bir sıra deputat, nazirin Türkiyədəki “paralel hökumətlə”, Gülən şəbəkəsi ilə bağlılığını iddia edən məsələlər ortaya çıxdı.  Sizcə, bu iddiaların əsası var idi?

- Faktların əsası olmasaydı, bu hadisələr baş verməzdi. Təbii ki, əsasları var idi. Türkiyə və Azərbaycan bir-birinə sıx bağlıdır. Bu elə bir münasibətdir ki, orada hər hansı bir proses baş verirsə, Azərbaycandan reaksiya olur. Hətta nöqsanlı hallarda belə, əlaqələr var. O vaxt Türkiyənin prezidenti Süleyman Dəmirəlin belə bir sözü var idi: “Azərbaycana iynə batanda, bizə çuvalduz batar”. Azərbaycan-Türkiyə münasibətləri təsadüfi deyil. İstər-istəməz böyük hadisələrlə yanaşı, problemləri də birlikdə həll edirik.

- Sizcə, Azərbaycanda Gülən şəbəkəsinə məxsus olanlardan dövlətin önəmli strukturlarında vəzifə tutanları varmı?

- Mən bilən, o məsələ Azərbaycanda yüksək səviyyədə həll olunub. Bu məsələ elədir ki, dünyanın hər yerində baş verir. Əsas odur ki,  xalqımızın iradəsi var, əsas Azərbaycanın çox güclü təhlil etmək, ortaya çıxan hər hansı problemi aradan götürəcək iradəsi var və bunu Türkiyə də qiymətləndirir. Xalqımız üçün təhlükəli məqam ortaya çıxarsa, o məsələ dərhal həll olunacaq. Kiminsə saman altdan su yeritmək imkanı yoxdur.

Ulduz İBRAHİMOVA
Aqşin KƏRİMOV
Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda karantin qaydalarını pozduğuna görə 127 obyekt cərimələndi 24 Sentyabr 2020, 23:28 Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02