“Reklam üçün ayrılacaq büdcə Dövlət Dəstəyi Fonduna veriləcək. Reklam pulları Fond tərəfindən redaksiyalara ayrılacaq” - deyən Səfərli bildirib ki, reklam vəsaitləri dünyanın hər yerində də olduğu kimi, ölkəmizdə də qəzetlərin yayımına, çıxma sayına və reytinqinə görə paylanacaq.
“Yayım şirkətlərindən tələb elədiyimiz arayışlar gələcəkdə bizim reklam büccəsinin paylanılmasında lazım olacaq. Odur ki, qəzetlər indidən öz mühasibat sənədlərini qaydasına salsınlar, öz tirajları, yayımları üzərində işləsinlər”-deyə o məsləhət verib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun daha bir yeni təklifi qurumun hər il elan etdiyi qrant layihələri ilə bağlıdır. Səfərlinin sözlərinə görə, qəzetlərin yüksək tirajına görə, qrantın miqdarını təyin etmək istəyirlər.
“Ola bilsin tirajı yüksək olan qəzetlərə o birilərindən çox verilisin. Məsələn, elan olunan musabiqənin maksimum qrantı tirajı 3 mindən yuxarı və satışı mindən yuxarı olan qəzetlər üçün nəzərdə tutula bilər. Ondan aşağı qrantı isə 1500 tirajı olan və satışı 500-də yuxarı olan qəzetlər alarlar. Bu müzakirə olunmalı təklifdi”-deyə Fondun icraçı direktoru bildirib.
Mail Ağaxanov