Modern.az

Xocalı qətliamına görə Ermənistandan təzminatı necə tələb etməli? - Hüquqşünaslar CAVAB VERİR

Xocalı qətliamına görə Ermənistandan təzminatı necə tələb etməli? - Hüquqşünaslar CAVAB VERİR

25 Fevral 2015, 13:27


1992-ci ilin 26 fevralında əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədilib. Bəşər tarixində azərbaycanlılara qarşı Ermənistan tərəfindən misli görünməmiş cinayət hadisəsinin törədilməsi, cinayətkarların hələ də azadlıqda olması onu deməyə əsas verir ki, ədalət öz yerini tapmayıb.

Məsələ ilə bağlı Azərbaycan hökuməti BMT-nin Təhlikəsizlik Şurasına və digər beynəlxalq təşkilatlara müraciətlər etməkdədir.

Ermənilər tərəfindən azərbaycanlıların Xocalıda soyqırımına məruz qalmaları  dünyanın bir çox ölkələri tərəfindən tanınıb.

Eyni zamanda, bu gün Azərbaycan hökuməti Ermənistana qarşı təzminat məsələsi qaldırmaq hüququna malikdir.

Maraqlıdır, biz bu hüquqdan necə istifadə etməliyik?

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında Xocalı soyqırımı ilə bağlı çoxlu işlər görüldüyünü deməklə yanaşı, təzminat məsələsində gecikmədiyimizi də vurğulayıb.

“Ermənistandan təzminat tələb etməkdə gecikməmişik. Xocalı soyqrımını törədən insanlar bundan sonra da ədalət məhkəməsinin qarşısında çıxış etməlidirlər. Tam əminəm ki, bu gün Ermənistanın siyasi səhnəsində olan insanlar beynəlxalq tribunal qarşısında  məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan prokurorluğu tərəfindən onların cinayət törətmələri haqqında cinayət işi açılıb. Həmin cinayət işi ilə bağlı müstəntiqlər, işi aparanlar kifayət qədər məlumat toplayıblar.  

Bu gün dünyada Xocalı soyqrımının tanıdılması üçün bütün qurumlar lazımi işlər görür. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası çərçivəsində böyük işlər görüb. Onun gördüyü işlər göz önündədir. Bu cür aparılan işlər nəticəsində gec də olsa, günahkarlar cəzalanacaqlar. Çünki çox vacibdir ki, dövlətlər, dövlət rəsmiləri,  dövlət qurumları bu barədə öz mövqelərini bildirsinlər. Gec də olsa, İsrailin prezidenti  Holokost soyqrımından sonra dünyada Xocalı soyqrımının olduğunu bəyan edib. Yaxşı olardı ki, digər aparıcı dövlətlər də haqqı, ədaləti dünyaya bəyan edə bilsinlər və daha geniş kütləyə çatdırsınlar. Bu işlər tamamlanandan və  Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra dediyiniz hallara yanaşacağıq. Yəhudi xalqına qarşı soyqırımı törədildikdən sonra onların qaldırdığı təzminat məsələsi reallaşıb. Deməli, bu bizim üçün mümkündür”.

Deputat Cavanşir Feyziyev ermənilərə qarşı təzminat məsələsinin tələb edilməsinin yalnız torpaqlar azad olunduqdan sonra mümkünlüyündən danışıb.

“Təkcə təzminat iddiası deyil,  Azərbaycan eyni zamanda Ermənistana və Ermənistan rəhbərliyinə qarşı Beynəlxalq Haaqa Məhkəməsində cinayət işi qaldırılmasını tələb edə bilər. Təzminat tələb edilməsi çox güman ki, torpaqlar azad olunduqdan sonra mümkün olacaq. Amma hal-hazırda Xocalı hadisəsi kimi digər ərazilərdə baş vermiş kütləvi qırğınlar barəsində Haaqa Məhkəməsinə müraciət edərək, bunu törətmiş insanlar haqqında ciayət işi başlanması tələb edilər.  Ümumiyyətlə, ərazi iddiaları və təzminat məsələsi nə qədər tez baş versə, bir o qədər yaxşıdır. Amma tarixdə elə hadisələr var ki, üzərindən 10 illər keçsə belə, həmin hadisə yenidən məhkəmə prosesinə çevrilə bilir. Mənə elə gəlir ki, 10-15 il əvvəl hələ də İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasında yüksək vəzifələr tutmuş adamları, üstündən 40-50 il keçməsinə baxmayaraq, onları taparaq məhkəməyə cəlb ediblər. Onların bir çoxunun 80-90 yaşı var idi. Buna baxmayaraq onlar ilk dəfə tapıldıqdan sonra  beynəlxalq məhkəməyə cəlb olunublar. Ona görə də belə hallar hər zaman olub. Zaman bunların etdiyi hərəkətlərin miqyasını və insanlığa qarşı etdiyi cinayət təhlükəsini azaltmır. İndi və gələcəkdə bu proses ola bilər və biz bunun olmasına çalışmalıyıq”.
Hüquqşünas Əliməmməd Nuriyev isə tribunal yaratmaqla erməniləri məsuliyyətə cəlb etməyin mümkünlüyü deyib.

“Xocalıda yaşayanlar azərbaycanlı və müsəlman olduqları üçün bu baxımdan qətliama məruz qalmışdılar. Həmin hadisədə Ermənistan silahlı qüvvələri, Ermənistan hökuməti, Ermənistan hökumətinin hazırkı prezidenti birbaşa iştirak edib. Bu dəlil və sübutlarla təsdiq olunmuş məsələdir.

Bu məsələ ilə bağlı Azərbaycan hökuməti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində çox böyük işlər görməkdədir. Hazırda məhkəmə qərarının qəbul edilməsinə ehtiyac var. Yalnız BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə tribunal yaratmaqla həmin o caniləri cinayət məsuliyyətinə cəlb etmək mümkün ola bilər. Bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik. Dünyada Xocalı soyqırımı tanınmaqdadır”.

Əlməmməd Nuriyev Xocalı soyqırımının hüquqi  tərəflərinə  toxunaraq, başqa istiqamətdə çalışmağımızın vacibliyindən də danışıb.

“Eyni zamanda, bunu  hüquqi çərçivəyə salmaq vacib məsələdir. Təbii ki bu çətin prosesdir. BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının qəbul edilməsi mexanizmi çox çətindir. Elə dövlətlər var ki, Ermənistanı açıq şəkildə müdafiə edir. Belə olan halda çətinliklər yaradılır. Ona görə də başqa istiqamətdə çalışmalıyıq.  

Avropa İnsan Haqları Məhkməsinə müraciət etmək mümkündür.  Soydaşlarımızın azadlıq və mülkiyyət hüququna xüsusi diqqət var. Bu, davam edən prosesdir. Hazırda Xocalı işğal altındadır. Orda vaxtilə yaşamış soydaşlarımız doğma yurdlarına qayıda bilmir. Onların mülkiyyəti tamamilə məhv edilib. Bununla bağlı Avropa Məhkəməsinə müraciət etməklə təzminat məsələlərini həll etmək mümkündür.

Düşünürəm ki,  tribunal yaradılarsa və bu BMT-nin yaratdığı məhkəmə tərəfindən tanınarsa,  bundan sonra bütövlükdə təzminat məsələsini qaldırmaq olar. Ayrı-ayrı fərdlər çərçivəsində təzminat məsələsini Avropa İnsan Hüquqları Məhkəməsində qoymaq mümkündür.  Sonda onu deyə bilərəm ki, bu məsələlərlə bağlı dünyanın bir çox ölkələrində işlər görülür”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı