Modern.az

Yol adamı

Yol adamı

Təhsil

25 Fevral 2015, 14:45

  

Xəbəri mənə tələbə yoldaşım verdi. Elə-belə, qəhərsiz-filansız. Bircə kəlmə: Həsən müəllim getdi. O, ölüb və yaxud vəfat edib - demədi: getdi, vəssalam. Az sonra biləcəm ki, söhbət ölümdən gedir. Və ondan sonra ağlıma gələcək ki, elə Həsən müəllim və onun kimi bu dünyadan köç edənlər insanlar üçün ən düzgün ifadəni tələbə yoldaşım seçib.  

Və haradansa tələbəlik illərimi,hamımızın bənzəmək istədiyimiz adamların siyahısını xatırladım: İsmayıl Şıxlı, Afad Qurbanov, Rəhim Əliyev, Alməmməd Alməmmədov, İsrail Mustafayev...

Siyahıda O da vardı...

Ona öz aramızda “Ələddinin sehrli çırağı” deyirdik. O, imkansız və kimsəsiz tələbələrin himayədarı olaraq bu adı qazanmışdı. Sözünü ərkyana, ötkəm deyir və dediyinin də üstündə dururdu. Şəxsən mən həmin ötkəmliyi bu günə qədər unutmuram.

Həsən Mirzəyev onda fililogiya elmləri namizədi, dosent olmaqla bərabər, həm də indiki Pedaqoji Universitetdə Fililogiya fakültəsinin dekan müavini idi. Deyirlər ki, alim olmaq asandır, insan olmaq çətin. Sonralar, lap sonralar öyrənəcəm ki, onun alim olmağı da asan olmayıb, qətiyyən asan olmayıb. Dərələyəz mahalından tək-tənha uzaq Bakıya gələn, burada özünü təsdiq edən o Kişi bütün həyatı boyu da təsdiq etdi ki, hə,həyatın başlıca mənası insan olmaqdır.

Ətrafındakı gənclik ona öz himayədarı kimi baxıb. Sənədlər həmin himayədarlığın genişliyini belə göstərir: Həsən Mirzəyev 60 əsərin elmi redaktoru, 15-nin rəyçisi, 5-nin məsləhətçisi olub. Həsən Mirzəyev 15 elmlər doktoru və elmlər namizədinin oponenti olmaqla nə qədər elmlər doktoru və elmlər namizədi yetişdirib, 24 magistr, 85 diplomçunun da elmi rəhbəri olub. Onun elmi araşdırmalarının miqyası çapda belə görünür: bu, 1020-dən artıq yazıdır - onun 200-dən çoxunu elmi əsərlər təşkil edir. Həmin yazılar 25 kitab, 8 tədris proqramı kimi işıq üzü görüb. 1987-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasından sonra isə indiki Azərbaycan Pedaqoji Universitetinin - evi qədər doğma ocağın professoru, ”Müasir Azərbaycan dili” kafedrasının müdiri seçilib.

Onda çoxumuz - elə mən özüm də bilmirdim ki, müasir Azərbaycan dilinin leksik, linqivistik, semantik, ümumiyyətlə, qrammatik imkanlarının genişliyindən danışan bu insanın mənəvi zənginliyi haradan qidalanır. Professor Həsən Mirzəyevlə sonrakı ünsiyyətim o mənbəni aşkarladı. Bu, misilsiz sərvətimiz olan folklorumuzuymuş. Onu da bildim ki, professor 4 dastanımızı sinədən deyə bilir.

O, siyasətə də belə gəldi. Düzdür,siyasətçi olmadığını özünəməxsus xəfif təbəssümlə xatırlatsa da, siyasətə gəlməyinin səbəbini də detallarla danışmağı sevirdi.

Azərbaycanın ağır günündə xilası Heydər Əliyevdin siyasətə qayıdışında görən insanların birincilərindən o oldu - professor Həsən Mirzəyev. Məşhur “91-lər” siyahısına birinci imzanı da o atıb - siyahını görmüşəm. Sonralar Həsən Mirzəyev millət vəkili seçildi. Hamı nəyi gördü: prinsipial mövqe bildiriləsi məqamlarda o, yenə qabaqda olurdu. O, ümumiyyətlə belə idi: həyatı boyu daldalanmadı, təqdir olundu-olunmadı, öz mövqeyini bidirirdi. Həmin mövqeyi ilə də o ,bu dünyada 88 il yaşadı və qazandıqları yalnız professor, millət vəkili, əmək veteranı, respublika ali məktəb əlaçısı, əməkdar elm xadimi adları olmadı. YAP Siyasi Şurasının üzvü, “Şərəf”, “Şöhrət” ordenləri də onun qazandıqlarının tam olmayan siyahısıdır.

O, el adamı idi və Həsən Mirzəyev üçün “el” anlayışı Azərbaycan Respublikasının sərhədlərini aşaraq Təbrizə, Borçalıya, Dəmir qapı Dərbəndə qədər gedib çıxırdı.

O, yol adamı idi. Və mən də, yeni yolun mübarək, Həsən Mirzə - deyirəm.

Firuz Kazımoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə