Modern.az

“Azərbaycan Kinematoqrafçılar İttifaqına təzyiqlər dayanıb” - MÜSAHİBƏ

“Azərbaycan Kinematoqrafçılar İttifaqına təzyiqlər dayanıb” - MÜSAHİBƏ

26 Fevral 2015, 11:20

İttifaqın katibi: “İflic olan üzvümüz dövlətdən maliyyə dəstəyi almaq üçün ittifaqdan gedib”

Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqına 1980-ci illərdən rəhbərlik edir. 2013-cü il yanvarın 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət evindəki ofisindən çıxarılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Modern.az saytının suallarını cavablandırıb.

- Azərbaycan Kinematoqrafçılar İttifaqında indi vəziyyət necədir?

- İttifaqa qarşı təzyiqlər az da olsa səngiyib, demək olar dondurulub. İndi bizim əsas işimiz “Azenko” şirkəti ilə ittifaq arasında olan məhkəmə çəkişməsidir. Şirkət ittifaqın Mingəçevirdəki üç korpuslu istirahət mərkəzini qanunsuz olaraq sökdükdən sonra məhkəməyə müraciət etdik. Ekspertizadan ərazinin kommersiya dəyərini çıxartmışıq. Ərazinin kommersiya dəyəri yarım milyon manata yaxındır. Bu barədə rəsmi qaydada ekspertiza aktı var və biz bu aktı məhkəməyə təqdim etmişik. Bundan əlavə, məhkəməyə bir neçə fota da təqdim etmişik ki, bu da söküntülərdə “Azenko” şirkətinə məxsus maşınların iştirakını sübut edir. Şirkət ittifaqa məxsus istirahət mərkəzinin sökməsini təkzib  etmir. Məhkəməyə verdiyi rəsmi məktubda bu işdə iştirak etdiyini boynuna alır. Məhkəmədə bir dəfə arqument gətirdilər ki, bunu bizə Mingəçevir şəhər İcra Hakimiyyəti tapşırıb. İcra hakimiyyəti belə bir tapşırıq vermədiyini bildirdi. Sonra şirkət bildirdi ki, bina qəzalı vəziyyətdə olduğu üçün uçub. Amma məhkəmənin Fövqəladə Hallar Nazirliyinə göndərdiyi sorğuya cavab gəldi ki, binanın qəzalı vəziyyətdə olmasına dair heç bir sənəd yoxdur. Binada köçkün ailələri yaşayırdı və ittifaq buna heç vaxt narazılıq etməyib. Köçkünlər yeni evlərlə təmin olunduqdan sonra “Azenko” şirkəti həmin ərazidə söküntüyə başlayıb, hətta yeni tikəcəyi obyektin təməlin də qoyub.

- Məhkəmədən hansı nəticəni gözləmək olar?

- Qərarın necə olacağı barədə öncədən şərh vermək istəmirəm. Biz, sadəcə  Azərbaycan Kinematoqrafçılar İttifaqına məxsus olan sökülmüş istirahət mərkəzinin kompensasiyasını tələb edirik. “Azenko” qüdrətli bir şirkətdir. Onlar bir az səbirlə davranıb hər işi qanuni yolla görə bilərdilər. Onlar icra hakimiyyəti səviyyəsində istədiyi qərarı, icazəni ala bilərdilər. Şirkət özünə o qədər arxayın olub ki, heç bir rəsmi icazə olmadan söküntünü aparıb. Məhkəmə iki ilə yaxındır davam edir. Tələbimiz ittifaqa məxsus olan mülkə görə kompensasiya ödənilməsidir. Dövlət tərəfindən qiymətləndirmə işinə lisenziyası olan daşınmaz əmlak üzrə ekspert şirkəti mülkü dəyərləndirib. Nə qədər maddi ziyan dəydiyinə dair dəqiq rəy yazılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 40 ildən artıq kinonun qulluğunda dayanan ictimai birlikdir. İttifaqın balansında olan mülk səhvən sökülüb. Biz də istəyirik ki, bu səhvi “Azenko” şirkəti ilə bir yerdə düzəldək. Savaş ruhunda yox, barış ruhunda həll edək.

- Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət evindən çıxarılandan sonra fəaliyyətini harada davam etdirir?

- İttifaq Hökumət evindən zorla çıxarılandan sonra Bakı şəhər İcra Hakimiyyəti yerlə təmin edəcəyi barədə söz vermişdi. Ancaq bu sözlər havada qaldı. Bakı şəhər İcra Hakimiyyətinin Kino İttifaqına qarşı başqa bir işdə də əli var. Belə ki, bizim Bakı şəhər İcra Hakimiyyəti ilə bir torpaq sahəsinin icarəsi haqqında müqaviləmiz var. Bu müqavilə məhkəmə yolu ilə ləğv edilib. Məhkəmə qərarı qüvvəyə mindiyinə görə biz bu torpağın icarəsinə görə vergi ödəməməliyik. Amma iki il bundan öncə məhkəmə qərarı qəbul edildiyinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti bu qərarı yerinə yetirmir. İcra hakimiyyətinin qəbul şöbəsinin rəhbəri mənə bildirdi ki, məsələ ilə bağlı digər şöbələrə müraciət edin. Hansı şöbəni dedisə, bildirdim ki, hamısına müraciət etmişəm. Sonda mənə dedi ki, onda bizdən yuxarılara  şikayət edin. Ədliyyə Nazirliyinin məsul məmuruna etdiyim müraciətdə mənə dedi ki, Bakı şəhər İcra Hakimiyyətinin onlarla belə məhkəmə qərarları var ki, icra etmir və onlar məcbur olub prezidentə müraciət edəcəyik. Təsəvvür edirsiniz, nazirlik  Bakı şəhər İcra Hakimiyyətindən prezidentə şikayət edir. İcra hakimiyyəti bizə yazıb ki, bu qərarın ləğv edilməsi haqqında şikayət verilmə müddətinin bərpa edilməsi barədə apelyasiya şikayəti vermək istəyirik. Apelyasiya müddəti çoxdan keçib. Əgər siz yenidən müraciət edib qərarı ləğv etmək istəyirsinizsə, qərarı icra etməlisiniz. İki il bundan öncə  məhkəmə qərarı  qüvvəyə minib. Amma icra hakimiyyəti məhkəmənin qərarını icra etmir.

- İki il əvvəl ittifaqdan istefa  edənlərin sayı artırdı. Hazırda Kinematoqrafçılar İttifaqının neçə üzvü var?

- Bəzi bədxah adamları qəflət yuxusundan oyatmaq istəmirəm. Üzvlərin sayını açıqlamayacağam. Amma dəqiq deyirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı yaşına və üzvlərinin sayına görə ən böyükdür. Aidiyyəti olan rəsmi orqanların təzyiqləri çoxdandır dayanıb. Buna baxmayaraq, “Azenko” şirkəti, eləcə də Bakı şəhər İcra Hakimiyyəti ilə anlaşılmaz situasiyalar da var. Təşkilata aktiv təzyiqlər olmasa da, heç bir yardım da olunmur. Neçə illərdir Azərbaycan kinosunda fəaliyyət göstərmiş pensiya yaşında olan insanlara yardımla bağlı müraciətlər edirik, amma nəticəsi olmur. Bu yaxınlarda ittifaqdan bir üzvümüz ayrıldı. Onun çıxma səbəbi iflic olmasıdır. Müalicə olunması üçün dövlətdən maliyyə dəstəyi almaq istəyirdi. Onu da bilirdi ki, ittifaqın üzvü olduğuna görə bu vəsaiti ala bilməyəcək. Buna görə də o, məcburiyyət qarşısında qalıb ittifaqdan ərizəsini verib getdi.

- Kino İttifaqının maddi durumu necədir?

- Azərbaycan Kinematoqrafçılar İttifaqına dövlətin heç bir yardımı olmur. Maddi yardım etmək istəyən adamlar da ehtiyat edir. Buna görə də təşkilatın maddi vəziyyəti sıfırlanmış durumdadır. Nə xəstələnən üzvlərimizə köməklik edə bilirik, nə də dünyasını dəyişən üzvlərimizin dəfnində layiqli iştirak edə bilirik. Amma “Azenko” şirkətinin ittifaqın mülkiyyətinə qarşı etdiyi bu əməldən sonra məhkəmə qanuna uyğun, normal bir qərar qəbul etsə, ümid edirəm ki, bizim təşkilatı işlərimiz qaydasına düşər.

- Təşkilat hazırda nə işlə məşğul olur?

- Bizim əsas fəaliyyətimiz iki istiqamətdədir. Ofisin olmaması və maddi durumun aşağı olması səbəbindən fəaliyyətimiz məhduddur. Kino ittifaqının Şəki Yaradıcılıq Evi fəaliyyət göstərir. Hər il yayda həmin yaradıcılıq evi aktiv fəaliyyətə başlayır. Hətta deyə bilərəm ki, elə bir maddi vəsait ayrılmamasına baxmayaraq əməkdaşlarımız oranı göz bəbəyi kimi qoruyub saxlayır. Hər il yaradıcılıq evinə yeni gedən üzvlər ora valeh olur. Düzdü,r ora beş ulduzlu otel deyil, amma oranın atmosferi, şəraiti, qidanın keyfiyyəti sözlə ifadə olunmur.

Bundan əlavə, biz il boyu çəkilən filmlərin keyfiyyətini və mövzularını analiz edirik. Bunun nəticəsi olaraq fərqlənən kinematoqrafçılarımıza pul mükafatlarını və diplomları yaradıcı şəxslərə təqdim edirik. Ötən illərdə Fəxrəddin Manafov, Fuad Poladov, gənc rejissor Tahir Əliyev, animasiya ustası Firəngiz Qurbanova, səs rejissoru Əsəd Əsədov, sənədli kino ustası Ziya  Şıxlinski  mükafata layiq görülüblər. Hər il kino günündə biz mükafat veririk.  Bu il də biz müşahidələr, analizlər aparırıq. İnşallah, kino günündə mükafatlarımızı təqdim edəcəyik.

- İttifaqın sədri Rüstəm İbrahimbəyov təşkilatla maraqlanıb əlaqə saxlayırmı? Kino İttifaqına maddi dəstək göstərirmi?

- Təbii ki, Rüstəm İbrahimbəyovla çox sıx əlaqədəyik. Rüstəm müəllimin Azərbaycanda fəaliyyəti məhduddur. Buna baxmayaraq, mümkün imkanlar səviyyəsində dəstəyini göstərir. Bu dəstəyin nəticəsidir ki, hər il kino mükafatını verə bilirik,  Şəki Yaradıcılıq Evinin fəaliyyətini davam etdiririk, üstəgəl, məhkəmə işlərini apara bilirik. Məhkəmə işləri də xərcdir. Məktublaşma, vəkil məsləhəti. Hər il iki-üç dəfə Şəkiyə, Mingəçevirə gedirəm. Bunlar hamısı Azərbaycan Kinematoqrafçılar İttifaqı və Rüstəm İbrahimbəyovun birbaşa rəhbərliyi və dəstəyi sayəsindədir. İttifaqın üzvlərinin də Rüstəm İbrahimbəyova olan etimadı yüksəkdir. Bu, sırf yaradıcı təşkilatdır. Ümid edirik ki, ittifaqın ətrafında subyektiv səbəblərdən olan anlaşılmazlıq bu il mütləq həll olacaq. Bu il bizim üçün düyünlərin açılacağı il olacaq. 

- Rüstəm İbrahimbəyovun Bakıda Kino İttifaqı üçün ofis almaq ehtimalı varmı?

- Rüstəm müəllim oliqarx deyil, o kinematoqrafçıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqı sırf yaradıcı təşkilat olaraq həmişə dövlət orqanları ilə sıx, məhsuldar işləyib. İttifaqın əsas  missiyalarından biri nədir? Öz üzvlərinin problemlərini dövlətə çatdırmaq və bu işdə kömək etmək. Hesab edirəm ki, İttifaqın ətrafındakı anlaşılmazlığı dövlət orqanları ilə birlikdə həll etməliyik. Ədliyyə Nazirliyi ittifaqda dəfələrlə yoxlamalar apardı. Amma sonda görüldü ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sırf yaradıcılıq işi ilə məşğul olan təşkilatdır. Öz nizamnamə tələblərindən bir addım da kənara çıxmayıb. Ancaq kino deyib, kino uğrunda vuruşub, məqsədi də kino olub. Üzvlərimiz də dövlətçiliyə bağlı insanlardır. Buna görə də problemin də həll olmasının yalnız dövlətdən gözləyirlər.

Yeganə OQTAYQIZI 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər