Modern.az

Bakıda ortaq türk əlifbası müzakirə edilib

Bakıda ortaq türk əlifbası müzakirə edilib

Qarabağ

7 Sentyabr 2010, 16:20

Sentyabrın 7-də Atatürk Mərkəzində “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçıları qismində Yeddi Dövlət – Bir Millət Konseyi və Dünya Gənc Türk Yazarlar Birliyi çıxış edib.

Tədbirin aparıcısı, Yeddi Dövlət – Bir Millət Konseyinin üzvü Ramiz Əskər giriş sözündə türk xalqlarının qədim tarixi, ortaq dəyərləri və böyük türk coğrafiyasındakı üç dil qrupu – oğuz, qıpçaq, karluklar haqqında bilgi verib. O, öz çıxışında ortaq türk əlifbası müzakirələrinin hələ 20 il öncədən sürətlənməsi haqqında da fikirlərini dilə gətirib. Türk xalqlarının tarixi dil abidələri olan “Kitabi Dədə Qorqud”, “Kutadqu Bilig”, “Manas”, “Divanü Lüğət it-Türk” barədə danışan Ramiz Əskər ən qısa zamanda ortaq türk əlifbasının qəbul edilməsi vacibliyini vurğulayıb.

Daha sonra söz alan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı ortaq dəyərlərimiz, virtual aləmdə aparılan müzakirələr, qarşılıqlı münasibətlər və bu məsələlərdə ortaq türk əlifbasının oynaya biləcəyi rol haqqında fikirlərini səsləndirib. O, bir neçə il öncə ortaq əlifba olaraq “Orxon-Yenisey” əlifbasını gördüyünü, ancaq praktikliyi baxımından latın əsaslı əlifbanın daha məqsədəuyğun olduğunu söyləyib. Eyni zamanda bağımsız türk dövlətlərinin hazırda imkanlarının artdığını da dilə gətirən Əkbər Qoşalı ən qısa zamanda ortaq əlifba məsələsinin həll ediləcəyinə ümidli olduğunu bildirib.

Tədbirdə əsas məruzəçi kimi çıxış edən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət isə məsələyə tarixi yöndən baxmağın vacibliyini söyləyib. O hələ 150 il öncə böyük Azərbaycan fikir adamı Mirzə Fətəli Axundzadənin də əlifba islahatı üçün ciddi çalışdığını vurğulayıb. Axundzadənin öncə ərəb əlifbasını islah etmək, sonra isə latın əlifbasına keçmək üçün Osmanlı və İran padşahlarına məktublar yazdığını, Osmanlı xanədanının məsələyə müsbət yanaşdığını, ancaq İran tərəfinin pozuculuq etdiyini söyləyən Azər Həsrət bu hərəkatın çar Rusiyasının süqutundan sonra da davam etdiyini bildirib. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultaydan sonra türk xalqlarının latın əlifbasına keçdiyini, sonradan isə Sovetlərin siyasəti nəticəsində kirilə keçməsini və ardından da kiril əlifbası üzərində oyunlar oynandığını dilə gətirən Konsey başqanı bütün bunların “parçala, hökm sür” siyasəytinin tərkib hissəsi olduğunu dedi. Çıxışının sonunda o, ortaq türk əlifbası layihəsinin hazırandığını və onun üzərində müzakirələrin aparılmasını istədiyini bildirib.

Çıxışçılardan şair Musa Ələkbərli, Türk Aydın, Yusif Nəğməkar, Müşfiq Çobanlı, Çingiz Bayramlı, İlqar İlkin, Aqil Camal, Firudin Əhmədov, Aydın Mədətoğlu, Seymur Həsənli və Tariyel Faziloğlu da ortaq türk əlifbasının tətbiqinin çoxdan vacib olduğunu söyləyərək bu yöndə aparılan işlərdə hər cür dəstəyə hazır olduqlarını bildiriblər. Tədbirin sonunda önümüzdəki həftə İstanbulda keçiriləcək Türk Zirvəsinə məsələylə bağlı müraciət ediləcəyi qərarlaşdırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır