Modern.az

“Parlamentdə "qadınların, gənclərin sayı azdır" kimi fikirlərlə razı deyiləm”

“Parlamentdə "qadınların, gənclərin sayı azdır" kimi fikirlərlə razı deyiləm”

7 Sentyabr 2010, 17:51

Modern.az saytının suallarını Milli Məclisin (MM) İnsan Hüquqlari Komitəsinin sədri Rəbiyyət Aslanova cavablandırır.

 

- Rəbiyyət xanım, rəsmən parlament seçkilərinə start verildi. Bu seçkilərlə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Parlament seçkiləri Azərbaycanın demokratikləşməsi yolunda atılan növbəti addım olacaq. Bu, müstəqillik əldə etdikdən sonra Azərbaycanda keçiriləcək dördüncü parlament seçkisi olacaq. Bu seçkilər Azərbaycanın milli qanunvericiliyinin daha da təkmilləşməsi yolunda görüləcək işlərdən xəbər verir. Ümumiyyətlə, seçkilər hər bir xalqın, hər bir millətin həyatında çox önəmli bir hadisədir. Dövlətin sabahı, dövlətçiliyin inkişafı, cəmiyyətin demokratikləşməsi üçün bu seçkilər hər bir Azərbaycan vətəndaşının prosesə münasibətini göstərir və bu dəfə də Azərbaycan vətəndaşı öz mövqeyini ortaya qoyacaq. Azərbaycan vətəndaşının həm seçkiyə, həm seçdiyi insana, həm seçidiyi insanın fəaliyyətinin nəticəsinə münasibəti artıq əvvəlki illərdən qat-qat fərqlənir və bu gün Azərbaycan seçicisi öz seçdiyi insana qarşı həddindən artıq tələbkardır. Yəni mən kimi seçəcəyəm və seçdiyim insan mənim arzularımı, etimadımı doğruldacaqmı, doğrultmayacaqsa, onu niyə seçirəm? Bu, çox vacib və bu prosesin bir az da ciddiləşdiyindən, çətinləşdiyindən xəbər verən məsələdir...

- Sizcə, seçkilər çətinmi olacaq?

- Bəli, hesab edirəm ki, seçkilər heç də asan olmamalıdır. Çünki həm seçici məsələyə ciddi münasibət bəsləməli, həm də seçilmək iddiasında olan insan başa düşməlidir ki, onun seçicisi sadəcə səs verməyəcək, ona ciddi tələblər irəli sürəcək. Bu insan öz nüfuzuna, öz fəaliyyətinə, öz ağlına, öz bacarığına və dövlətçiliyə xidmətinə görə həmin yerdə əyləşməyə layiqdir, yoxsa yox. Bu, məsuliyyətdir. Mən həmişə deyirəm ki, əgər dövlətin öz məsuliyyəti varsa, hər bir vətəndaşın da öz məsuliyyəti var. Bu gün Azərbaycan vətəndaşı çox məsuliyyətli olmalı, mən kimi seçirəm, mən Azərbaycan parlamentində oturmaq şərəfini kimə həvalə edirəm, bunu fikirləşməlidir. Qoy, seçici fikirləşsin, mən kimi seçirəm, kimə səs verəcəyəm və bu insan Azərbaycan dövlətinə, onun milli maraqlarına, mənafelərinə nə qədər sədaqətlidir?

- Yeri gəlmişkən, son zamanlar parlamentdə qadınların və gənclərin sayının, çəkisinin  artacağı ilə bağlı təkliflər ortadadır. Sizin bu məsələyə yanaşmanız necədir?

- Mən həmişə kvotanın əleyhinə olmuşam. Çünki kvota bir məhdudiyyət deməkdir. Əgər kvota varsa, o zaman deyək ki, parlamentdə 30 faiz qadın olmalıdır. Ancaq Azərbaycanda peşəkar və  dövlətinə, vətəninə çox sədaqətli xeyli sayda xanımlarımız var. Bəlkə o qadınlar parlamentdə yerlərin 50 faizini götürəcək? İndi niyə kvota tətbiq edərək onların çəkisini azaldaq? Bu məsələni eynilə gənclərə də şamil edirəm. Ona görə bu məsələdə kvota müəyyən etməyə ehtiyac yoxdur. Ancaq parlamentdə qadınların sayı azdır, gənclərin sayı yetərli deyil, kimi fikirlərlə razı deyiləm. Əsas odur ki, əsl parlamentar adına layiq insan olsun, bunun artıq kişi, yaxud qadın, yaşlı və ya gənc olmasının bir önəmi yoxdur. Burada yaş senzi, cinsi mənsubiyyət və sair məqamlar lazım deyil. Bununla belə, bəli, yaxşı olardı ki, bizdə də parlamentarilərin ən azı 50 faizi qadın olsun. Ancaq, bu, daha çox Skandinaviya ölkələrinə xas bir məqamdır, orada parlamentarilərin 40 faizini qadınlar təşkil edir. Bizdə də nə vaxtsa bu məsələ ola bilər. Ona görə mən Azərbaycan seçicisinə Şərq-Qərb düşünçə tərzindən bir az uzaqlaşıb, çox sivil, universal bir düşüncə tərzi ilə seçkiyə getməyi arzulayıram.

- Bir xanım millət vəkili kimi qadın həmkarlarınızın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Mətbuatda xanım millət vəkilləri haqqında yazılan fikrin, ajiotajın tamamilə əleyhinəyəm. Bilirsiniz, bunu haradasa Azərbaycan qadınına qarşı bir təxribat kimi qiymətləndirirəm. Biz azıq, amma biz çox bacarıqlı xanımlarıq. Hər bir xanım bir bölgədən seçilib, hər bir xanımı öz bölgəsində dəstəkləyən seçiciləri var və bu xanımın ünvanına hər hansı bir xoş söz deyilməyəndə o seçiciləri əslində təhqir etmiş, o seçicilərin könlünə dəymiş oluruq. Mənə elə gəlir ki, bu və ya digər xanım millət vəkilinin fəaliyyətini onun seçicisindən, seçicilərindən soruşmaq lazımdır. Ona görə jurnalistlərdən də xahiş edirəm ki, parlamentdə çox ləyaqətlə təmsil olunan xanım millət vəkilləri haqqında çox hörmətlə, sayğı ilə yazılar yazsınlar.

- Son olaraq, indiki tərkib parlament üzvlərindən kimləri dördünçü çağırış MM-də təkrar görmək istəyirsiniz?

- Mən beş il bir yerdə çalışdığım həmkarlarıma çox böyük hörmət bəsləyirəm və bunların içərisində parlamentin çox  güclü nüvəsini təşkil edən millət vəkilləri var. Yeri gəlmişkən, bəzən söyləyirlər ki, parlamentdə səsi çıxmayan millət vəkilləri də var. Mən bu fikirlərlə o qədər razı deyiləm. Bəlkə onun səsi burada çox çıxmır, amma onun öz təmsil etdiyi bölgədə gördüyü işlər o qədər çoxdur ki, bu, onunla fəal, aktiv hesab edilənlər arasında bərabərlik işarəsi yaradır. Bu baxımdan, mənim növbəti çağırış parlamentdə kimi görüb-görməməyim burada o qədər əsas deyil. Bu, daha doğrusu, mənim subyektiv fikrim, mövqeyim ola bilər. Sadəcə, mən bir vətəndaş, bir seçici kimi bu məsələ ilə bağlı öz fikrimi bildirə bilərəm. Bir vətəndaş, bir seçici kimi parlamentdə çoxsaylı intellektualları görmək istərdim. Bu, çox vacib və önəmlidir. Parlamentdə peşəkar iqtisadçıları, qanunvericilik bazamızın əsas qurucuları, yaradıcıları olan peşəkar hüquqşünasları, o cümlədən güclü, modern düşüncə tərzinə malik olan insanları görmək istərdim. O insanları parlamentdə görmək istərdim ki, onlar qabaqcadan proqnoz verməyi bacarsınlar, Azərbaycanın sabahı üçün yeni ideyaların daşıyıcısı olsunlar. Növbəti parlamentə kim gələcəksə, kim seçiləcəksə, anlamalıdır ki, onun çalışacağı növbəti illər -  2010-2015-ci illər olacaq. 2005-2010-cu illər arasında dünya dəyişdi, Azərbaycan dəyişdi, baş verən hadisələr çox sürətli oldu. Bu dövr ərzində biz dəyişdik, dövlətimiz dəyişdi. Dövlətimiz dəyişdikcə, dünyada mövqeyi də dəyişdi, gücləndi. Ümumiyyətlə, hər bir dövrün özünəməxsus çağırışları olur. İndi növbəti çağırışa cavab verməyi bacaran insanlar lazımdır. Bir sözlə, 2010-2015-ci illərin məsuliyyəti çox böyükdür və bir seçici, bir vətəndaş kimi mən bu məsuliyyəti çiynində daşıya biləcək insanları növbəti çağırış parlamentdə görmək istərdim.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir