Modern.az

Ali məktəblərdə imkansız tələbələrə hansı imtiyazlar var?

Ali məktəblərdə imkansız tələbələrə hansı imtiyazlar var?

Ölkə

7 Sentyabr 2010, 18:14

Bu gün Azərbaycandakı ali təhsil müəssisələrində xeyli sayda valideyn himayəsindən məhrum olan, kimsəziz tələbələr oxuyur. Test üsulu ilə ali məktəblərə qəbul olunan belə tələbələrin başqa həmyaşıdları ilə müqayisədə daha çox mənəvi və maddi dəstəyə ehtiyacı var. Bəs ali məktəblərin özlərində bu cür tələbələrə hansısa güzəşt və imtiyaz verilibmi, kömək göstərilirmi? Modern.az saytının əməkdaşı bu sualla ali təhsil ocaqlarına müraciət edib. 

Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Oqtay Səmədov: “Bizim universitetdə ailə vəziyyəti çətin olanlara, imkansız tələbələrə maddi yardım olunur. Bu yardımlar müxtəlifdir. Təhsil haqqı ödənişi ilə bağlı güzəştlər var. Məsələn tələbə ödənişdən 50 faiz, 75 faiz və tam azad ola bilər. Həmkərlar ittifaqı, əllilərə yardım, Axundov adına, Heydər Əliyev adına,  Mirzə Kazımbəy adına, Bakıxanov adına, Məmməd Tağıyev adına təqüdlərimz də var. Əllilərə Yardım Cəmiyyəti hər il 30 tələbəyə yardım edir. Məmməd Tağıyev bizim filoloq alimimiz olub. Bizdə Rusiyanın xətti ilə də verilən təqaüdlər var ki, bunlar Mendeleyev, Lomonosov təqaüdləridir. Bu təqaüdlərdən ən yüksəyi 150 manat dəyərindədir. Ən azı isə 30 manat dəyərindədir”. 

Memarlıq və İnşaat Universitetinin rektor köməkçisi Rövşən Səmədov: “Bizim universitetdə imkansız tələbələrə verilən təqaüdlər haqqında yalnız onu deyə bilərəm ki, ən azı 50 manat təşkil edir. Universitetimizdə həmçinin təhsil haqqı ilə bağlı ödənişdə güzəşt var. Bunun üçün tələbələr dekanalığa, ya da tələbə təşkilatına müraciət edə bilərlər”.

 

Xəzər Universitetinin ictimai əlaqələr üzrə koordinatoru Əlövsət Əmirbəyli: “Bizim universitetdə imkansız tələbələrə üç cür yardım olunur. Maliyyə yardımı: bu yardımın ən aşağı həddi 100 manat, ən yuxarı həddi 300 manatdır. Tələbənin 30 faizədək təhsill haqqından azad olunması. Bundan başqa, dekanlıqlar yığışıb pul toplayaraq imkansız tələbəyə yardım da göstərirlər”.

 

Qafqaz Universitetinin əməkdaşı İsa Qasımov: “Bizim universitet dünya universitetləri sırasına gəlmək üçün həddən artıq xərc çəkir. Alətlər, laboratoriya cihazları, ləvazimatları və daim yenilənən texnologiyanın təchizatı üçün həddən artıq maddi vəsait tələb etdiyindən, bizim ürəyimizcə yardım etmək imkanımız olmur. Bu səbəbdən bizdə elə çox maddi yardım yoxdur. Amma şəhid, köçkün və imkansız ailələrin övladlarına təhsil haqqı ödənişində 10 faiz güzəşt edirik. Bundan başqa, biz onların təhsilinə kömək üçün sponsor tapırıq”.

 

Pedoqoji Universitetin Həmkarlar İttifaqının sədri Vurğun Məmmədov: “Bizdə illik standart var, hər il 15 imkansız tələbəyə yardım olunur. Bu tələbələr hər gün nahar yeməyi ilə təmin olunur. İmkansız tələbələrə illik 3000 dollar məbləğində ümumi yardım ayrılır və onların hər birinə müəyyən miqdarla pul ödənilir”.

 

Tibb Universitetinin Həmkarlar İttifaqının sədri, tibb elmlər doktoru Surxay Musayev: “İmkansız, qaçqın və məcburi köçkün ailələrindən olan və ya valideyninin birini itirən  tələbələrə universitetin rektorluğunun xətti ilə maddi yardım göstərilir. Bu, tələbələrin və dekanlıqların müraciəti əsasında qərar qəbul olunur və hər il onlara yardım olunur. Belə tələbələr birinci növbədə yataqxana ilə təmin olunurlar. Bundan əlavə, elə tələbələr olur ki, hər iki valideynini itirib, ya da valideynin biri yoxdur, digəri isə əlildir. Belə tələbələr isə 200-280 manat məbləğində yardım alırlar. İldə bir dəfə də vəsait ayrılır ki, onlar dəftər-kitab ala bilsinlər”.

 

Bakı Dövlət, Qərb, İqtisad, Texniki universitetlə dəfələrlə əlaqə saxlasaq da, bu ali təhsil ocaqlarından sualımıza cavab verilmədi.

Vüqar Ağamalıoğlu

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?