Arxiv
6 mart 2015, 11:08 | AKTUAL
Azərbaycan qadını cəmiyyətdə layiqincə təmsil olunur - Deputatın MƏQALƏSİ

Hadi RƏCƏBLİ,
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri, professor

Bəşər sivilizasiyanının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olmuşdur. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəfəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin. Lakin tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı mərhələlərdə qadına münasibətdən asılı olaraq cəmiyyətdə zərif cinsin rolu da müxtəlif olmuşdur. Çünki qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü büruzə vermişdir. Bütün bunlara rəğmən qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakı daim bəşəriyyəti düşündürən sosial problem olaraq diqqəti çəkmişdir.

Dünyada qadin hərəkatının tarixi-nəzəri aspektləri

Müasir sivilizasiya bir neçə tarixi mərhələdən keçmişdir. Əgər ilk dövrlərində qadının fəaliyyət dairəsi dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri  ilə məhdudlaşırdısa, zaman-zaman bu fəaliyyət dairəsi genişlənməyə doğru istiqamətlənmişdir. Yəni, təkcə ən qədim tarixdə deyil, orta əsrlərdə də hüquqsuz vəziyyətdə olan qadınlar tədricən idarəetməyə cəlb olunur, hətta dövlət işlərində bilavasitə və müstəqil şəkildə iştirak edir, həm də cəmiyyət həyatının müxtəlif sferalarında qadınların rolu artırdı. Uzağa getmədən elə Azərbaycanın dövlətçilik tarixində qadınların həm dövlətin idarəolunmasında, həm də cəmiyyətin mədəni-mənəvi yüksəlişində iştirakına dair orta əsrləri əhatə edən kifayət qədər faktlar göstərmək olar.

Artıq XX-ci əsrdə həyat özü cəmiyyətin quruluşunun təkmilləşməsinə yönəlmiş yeni yanaşmaların axtarışına rəvac verdi. Belə şəraitdə “qadın məsələsi” kənarda qala bilməzdi. Müasir dövrün bir çox qərb futuroloqları (Nesbitt, Şaff, Toffler, Ferrarati və digərləri) bəşəriyyətin özünü qoruması üçün ictimai həyatın bütün sahələrində qadının rolunun mütləq şəkildə artmasına ehtiyac olduğunu qeyd edirdilər.

Lakin bu o demək deyildir ki, qadınların hüquqi azadlığı məsələsi ilk dəfə Qərbdə meydana gəlmişdir. Xalqımızın da qəlbən tapındığı İslam dinində də qadına, qıza və ana­ya yüksək ehtiram və hörmət ifadə edilmişdir. Müqəddəs hədislərdə və «Qurani-Kərim»də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öh­də­lik kimi qoyulmuşdur. Əminliklə deyə bilərik ki, səmavi dinlərin arasında ən gənci və ən takəmülü islam dinidir. İslamın mütərəqqililiyinin aydın sübutu olaraq Qurani-Kərimdə qadına verilən dəyər, ona bəxş edilən haqqları göstərmək olar. Hələ 14 əsr əvvəl nazil olmuş Qurani Kərimdə qadınlara ithaf edilmiş 2 böyük surə (“Nisa” və “Məryəm” surələri) vasitəsilə islam dini qadınların sıxıntılarını aradan qaldırmağa başladı. Məhəmməd Peyğəmbər (s.ə.s) hə­­dislərinin birində buyurur: «Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır».

 İslam dini qadınların evə qapanmasını deyil, əksinə, onların cəmiyyətin bütün sahələrində üzərlərinə düşəni etmələrini buyurur. İslamda kişilər və qadınlar eyni dərəcədə söz azadlığına sahibdirlər.  Yəqin ki, islam dininin qadına yanaşmasını dərk etdikdən sonra, bəşər tarixində ilk feminist filosofun məhz müsəlman şərqində yetişməsi faktı bizə o  qədər də təəccüblü görünməz. XII-ci əsrdə qadınların haqqlarını müdafiə edən böyük alim İbni-Rüşd dünyanın qurtuluşunu qadına olan münasibətin dəyişməsində görürdü.

Qərbdə isə bu proses bir qədər sonra vüsət aldı. XII-ci əsrdə Avropada ədəbiyyat dərnəkləri yaradan “Mavi corablılar” (təhsilli qadınlar) ortaya çıxdılar və ədəbi gecələr təşkil edərək qadınları sosial həyata dəvət etdilər. Onların arasından hətta siyasətə qatılanlar da oldu. XIX-cu əsrdə isə feministlər daha böyük nailiyyət əldə etdilər, onlar müxtəlif təhsil qurumlarına daxil olmağa nail oldular.  Lakin dünya qadın hərəkatlarının xüsusi inkişafı XX-ci əsrin ikinci yarısına təsadüf edir. Bu da cəmiyyətlərdə müşahidə olunan böyük siyasi, iqtisadi və sosial dəyişikliklərlə bağlı idi. Nəticədə dünyanın müxtəlif ölkələrində 200-dən artıq qadın təşkilatları yaranır.

Azərbaycanda qadın fəallığı tarixən yüksək olmuşdur

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutmuşdur. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasıda və inkişafında da qadınlarımızın böyük rolu olmuşdur. Eyni zamanda Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermişlər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə hərflərlə yazılmışdır.

 Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtiram parlaq təcəssümüdür.

Məğrur hökmdar Tomris, Şir­va­na hücum edən Krım xanın qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadı­nın həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gən­cəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəz­ləş­dirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xa­nın həyat yoldaşı Tuti Bikə, Şuşa­da ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan və adları unudulsa da, fəaliyyət­ləri əfsa­nəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşün­­cələr bu rəngarəng palitranı daha da əlvan­laşdırır. Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında həyat yoldaşlarının si­ahdaşı, arxa-dayağı olmuşlar.

Bəli, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rənga­rəngdir. Azərbaycanın zəngin tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Orta əsrlər Azərbaycan qadını gözəl ana olmaqla yanaşı klassik poeziyanın ən gözəl nümunələrini yaratmış, at belində qılınc çalmış, dövlət idarəçiliyində öz sözünü demişdir.

Qeyd etdiyimiz kimi  XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalmışdır. Azərbaycan qadını da bu dövrdə istər Xalq Cümhuriyyəti dövründə, istərsə də, sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə etmişdir.

Birinci dünya müharibəsindən sonra qadınların səsvermə hüququ 21 ölkədə tanındı. Bu ölkələrin içərisində Azərbaycan Xalq Cumhuriyyəti də yer alırdı. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Beləliklə, Azərbaycan şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir.

Sovet hakimiyyəti illərində Azərbaycan qadını həm elm, həm mədəniyyət sahələrində bir çox nailiyyətlər qazanmışvə qısa müddət ərzində böyük inkişaf yolu keçmişdir. Lakin əldə edilmiş nailiyyətlərlə yanaşı sovet dövründə formalaşan stereotiplər milli və ənənəvi xüsusiyyətləri, sırf qadına məxsus cəhətləri bəzən nəzərə almırdı. Qadın məsələlərinin həlli və qadın inkişafı haqqında sovet konsepsiyasında bir çox amillər diqqətdən kənarda qalırdı. Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyətli, qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əməkdə öz potensialını ifadə etmək imkanları unudulurdu.

1988-ci ildən respublikamızda cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. Qarabağın Azərbaycandan qoparılmasına çalışan sovet rəhbərliyinə etiraz edən insanların, müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında Azərbaycan qadınları da var idi. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı daha çox qadınların üzərinə düşdü.

1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qlobal addımlar atıldı və qadın hərəkatına dövlət tərəfindən qayğı xeyli dərəcədə artdı. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: «Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər».

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyi­nin tə­mini istiqamətində mühüm addımlar atıl­dı. Ulu ön­dər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender si­ya­­səti­nin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komi­təsi ya­radıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə «Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.

2000-ci ildə həmçinin Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliy­yət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın prob­le­minə daim diqqət yeti­rilməsi, qadın problemləri ilə bağlı təxirəsalın­maz konkret tədbir­lə­rin həyata keçiril­məsi, dövlət proqramlarının hazırlanması öz əksini tap­dı.

Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.


Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvadlığı təbrik dövlətimizin başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Dövlətimizin başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: «Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhfələr verirlər. Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir».

2006-cı ildə Prezident İlham Əliyevin sərən­camı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komi­təsi kimi yenidən forma­laşdırılmışdır. Hazırda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Gender siyasətinin tələblərinə uyğun olaraq ölkədə qadın­larla ki­şi­lərin hüquq  bərabərliyi təmin olunmuş, bütün dövlət strukturlarında qadınların dövlət idarə­çiliyində rolunun artırılması istiqamə­tində ciddi ad­dımlar atılmışdır. Hazırda Azərbaycan qadınları dövlət idarəçiliyində və seçkili orqanlarda fəal təmsil olunurlar.  Bu gün Milli Məclis sədrinin bir müavini, üç nazir müavini (İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Səhiyyə Nazirliyi), bir Dövlət Komitəsinin (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) sədri, bir Dövlət Komissiyasının (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) sədri, dörd ali təhsil mərkəzinin (İnşaat və Memarlıq Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı) rektoru, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin müavini və Naxçıvan Muxtar Respublikasının Ombudsmanı qadındır.

Qadınların Milli Məclisdə iştirakına gəldikdə qeyd edilməlidir ki, 2010-cu ildə keçirilmiş son seçkilər zamanı qadın deputatların faiz nisbəti 16 faiz təşkil etmişdir.

Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınının ən gözəl obrazını formalaşdırır

Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur.

Azərbaycanın birinci xanımı özünə xas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalarası dialoq prosesinə öz töhfəsini verir. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Bu gün mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları dünyanı bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Mehriban Əliyevnın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, dövlətimizin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən mədəni tədbirlər, reallaşdırılan layihələrlə Azərbaycan özü bu prosesin ən fəal iştirakçısı qismində çıxış edir.

Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən ictimai təşəbbüslərin əhəmiyyətli bir hissəsinin ailə və uşaq sağlamlığı, yeniləşən Azərbaycan üçün yeni məktəblərin tikilməsi məsələlərini əhatə etməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın müxtəlif regionlarında tikilən, təmir edilən, ən müasir tələblərə uyğunlaşdırılan məktəblər bu bölgələrdə təhsilin, maarifin aparıcı amilə çevrilməsi, insanların təhsilə marağının stimullaşdırılması deməkdir. Hər bir gənc ana, ata bu məktəblərə, onların müasir görkəminə balalarının gələcəyi ilə bağlı böyük bir ümid kimi baxır. Sirr deyil ki, paytaxt və bölgələr arasında inkişaf fərqi ümumtəhsil məktəblərinin səviyyəsində, onların gənclərə verdiyi biliklərdə də nəzərə çarpır. Bu baxımdan bölgələrimizdə müasir dövrün tələblərinə uyğun məktəblərin inşası, onların ən müasir texnologiyalarla təchiz olunması bu fərqin aradan qaldırılmasına, regionların tarazlı inkişafına, ümumilikdə isə Azərbaycanın sosial-iqtisadi tərəqqisinə istiqamətlənmişdir. 

Beləliklə, Mehriban Əliyeva öz mənəvi və intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar güşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban Əliyevanın şəxsində ümumilikdə Azərbaycan qadınına böyük etimad  göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız bir daha dərk etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir, YAP-ı təmsil etmək qürurdur. Əqidəli yeni azərbaycanlı olmaq ali mənəviyyat və yüksək ləyaqətdir.

Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. O, sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur və istər humanitar, istər elm və təhsil, istərsə də digər  sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.

Hüquqi baza təkmil və mütərəqqidir

Azərbaycanda qadınlarla bağlı qanunvericilik bazası kifayət qədər təkmildir. Qeyd etdiyim kimi Ana Qanunumuz olan Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləş­diril­mə­si, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə bey­nəl­xalq təcrübə də də­rindən öyrənilmiş, habelə Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq pakt­lara, sazişlərə qoşularaq buё sahədə qanunvericiliyini təkmilləşdir­mək im­kanı əldə et­mişdir. Bu müddətdə respublikamız «Qadınların siyasi hüquqları» üzrə 1952-ci il ta­rix­li, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formaları­nın ləğv olunması haqqında» 1979-ci il tarixli, «Nigaha daxil olma, nigaha daxil olmaq üçün minimal yaş həddi, nigah­ların qeydə alınması haqqında» 1962-ci il tarixli beynəlxalq konvensiyalara imza atmış, eyni zamanda 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun «Zorakı­lıqsız Həyat» Regional Məlumat­lan­dırma Kam­pani­yasına, 2002-ci ildə isə «Qafqazda gender zora­kılığına qarşı 16 günlük fəaliyyət» aksiyasına qoşulmuşdur. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlü üzvü­nə çevrilmiş res­publikamız təşkilat çərçivəsində qadınların və­ziyyətinin yaxşı­laşdırılm­ası ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasi­bət­lə­rini geniş­lən­dirmişdir. 

Konkret qanunlarımıza gəldikdə isə onu qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bəra­bərli­yinin təminatları haqqında» Azərbaycan Respublikasının Qanunu da bu baxım­dan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzim­ləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahə­lərin­də bəra­bər imkan­la­rın təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün forma­larının aradan qaldırıl­masıdır. Gender bərabərliyinin təmin olunması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Ailə və Əmək Məcəllələrində də təsbit olunmuşdur.  Bu Qanununun hərtərəfli həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının təhsil qanunvericiliyə dövlət tərəfindən bütün təhsil müəssisələrinə qəbul zamanı kişilərlə qadınlara bərabər hüquqların verilməsi, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanların yaradılmasının təmin edilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir.

2010-cu ildə təsdiq olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanun qadınların şərəf və ləyaqətlərinə hörmət bəsləmək məqsədi daşıyır, məişət zorakılığı hallarının qarşısının alınması kimi geniş və əhatəli müddəaları, zorakılıq qurbanları üçün sığınacaqlar, məsləhət xidmətləri, reabilitasiya, cinayətkarların cəzalandırılması və s. də daxil olmaqla müdafiə tədbirlərini ehtiva edir. Bu Qanunun qəbul olunmasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çox böyük diqqəti və rolu olmuşdur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində qadın-kişi bərabərliyi hüquqi müstəvidə həll edilmiş, qadınların şəxsi və əmlak hüquqlarının qorunması üçün təminatlar nəzərdə tutulmuşdur. Dövlətin səhiyyə sahəsində siyasətinin əsaslarını müəyyən edən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda qadın, uşaq və ailənin sağlamlığının qorunması üçün bir sıra müddəalar nəzərdə tutulmuşdur. Dövlət ailə üzvlərinin sağlamlığının qorunması qayğısını öz üzərinə götürür. Qanunda göstərilir ki, hər bir qadın hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla təmin olunurlar.

Bütün bunlarla yanaşı insan alverinə qarşı mübarizənin möhkəm hüquqi və təşkilati əsasını təşkil edən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun qəbulu, Cinayət Məcəlləsinə qadınların müdafiəsinin möhkəmləndirilməsini nəzərdə tutan bir neçə mühüm dəyişikliyin (İnsan alveri, məcburi əmək, insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma) edilməsi qadınların sosil müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə isə “Seksual qısnamaya məruz qalmış işçilərə qarşı təzyiqin göstərilməsi” adlı 60-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən hər hansı cinsi təqib xarakterli hərəkətlərdən şikayət etmiş istənilən işçiyə qarşı təzyiq göstərmiş vəzifəli şəxslər ağır cərimə ilə cəzalandırılacaqlar.

Ümumiyyətlə, gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri bunlardır: cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanlar yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi, məişət zorakılığının qarşısının alınması, insan alverinə qarşı mübarizə, qadınların ictimai həyatda, xüsusilə qərar qəbul etməklə bağlı sahələrdə rolunun artması, qadınların ailədə hüquqlarının, o cümlədən, analıqla bağlı hüquqlarının təmin olunması, çoxuşaqlı, əlil, məcburi köçkün və s. qadınların sosial müdafiəsinin həyata keçirilməsi və s.

Göründüyü kimi Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün üzərinə bütün gərəkən addımları atır. Lakin təəssüflə qeyd etməliyik ki, problemlər hələ də qalmaqdadır. Ən ciddi problemlərdən biri qızların təhsildən yayınmaları və erkən nikah məsələsidir. Bu, onların orta təhsili bitirməsinə və ali təhsil almasına, həmçinin də müvafiq işlə təmin edilməsinə maneə yaradır.

Azərbaycan hökuməti qadınların sağlamlığının mühafizəsi məsələsinə prioritet sahə kimi diqqət yetirir. Dövlət nəinki qadınlar üçün səhiyyə xidmətlərindən istifadə etməyə bərabər hüquqları təmin edir, həm də qadınların sağlamlıqla bağlı ehtiyaclarına da xüsusi diqqət yetirir. Lakin qadınlar arasında daha çox reproduktiv sağlamlıq, abort, qanazlığı, hamilə və süd verən qadınların düzgün qidalanmaması ilə bağlı problemlər yaşanmaqdadır. Hesab edirəm ki, bütün bu problemlərin həlli üçün hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yüksək səviyyyədə yerinə yetirməli, xüsusən maarifləndirmə tədbirlərinin keyfiyyəti yüksəldilməlidir. Əminəm ki, həyata keçirilən uğurlu dövlət siyasəti qadınların cəmiyyətdəki yeri və rolu ilə bağlı bütün köhnəlmiş stereotipləri tezliklə tamamilə aradan qaldıracaq.

Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu, daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

Bayramınız mübarək, əziz qadınlar!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:25 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30