Modern.az

Üçrəngli bayrağı Qız qalasında dalğalandıran şəxsin faciəsi

Üçrəngli bayrağı Qız qalasında dalğalandıran şəxsin faciəsi

7 Mart 2015, 09:58

 

“Gündə çağırıb-danışdırırdılar. Xətkeşi elə vururdular ki, dişim qopurdu. Məni camaatın içinə salmadılar. Dedilər, səni zülmlə öldürəcəyik. Qış vaxtı, çılpaq aparıb yekə bir hovuzun içinə saldılar. Neçə gün o suyun içində qaldım. Şişib qarderobdan da yekə oldum... Axırda bir kişi dedi ki, onu çıxarın. Məni çıxaranda hamı qorxudan qaçdı. O qədər şişmişdim ki, enim 2 metr olubmuş. Sonra məni bir otağa saldılar. Yanıma da tibb bacısı qoydular. Müalicəyə başladılar. Yavaş-yavaş özümə gəldim. 10 ildə çox zülmlər gördüm. 3 qənd verirdilər, birini yeyib, ikisini saxlayırdım. Sürgün eləyəndə, bir ovuc qənd saxlamışdım. Gəlib əlimdən alıb ayaqlarıyla əzdilər. Elə itələdilər ki, üzüm qapıya dəyib parçalandı, qanım tökülə-tökülə qatara mindirib sürgünə göndərdilər...”  

Bütün bu əzabları yaşayan adam Modern.az saytının “Qürbətin doğma məzarları” layihəsində haqqında söhbət açdığı milli fəal Çingiz Abdullayevlə çiyin-çiyinə mübarizə aparan və bütün ömrü boyu mərhumiyyət, əzablara məruz qalan Cahid Hilaloğludur.   1928-ci ildə Ağdamda anadan olan Cahid Hilaloğlu 1991-ci ildə elə doğma şəhərində də vəfat edib. Hilaloğlunun ölümündən bir neçə ay sonra uğrunda mübarizə apardığı müstəqillik Azərbaycana da qismət oldu və onun sovet rejiminin ağalıq vaxtlarında Qız qalasının başına qaldırdığı üçrəngli bayraq hər yerdə sərbəst dalğalandı. Amma bunu görmək Cahid Hilaloğluya qismət olmadı.      

Ötən yazıdan məlumdur ki, Teatr İnstitutunda oxuyan bu iki tələbə - Çingiz və Cahid Türkiyədə fəaliyyət göstərən keçmiş Azərbaycan Xalq Cümhuriyyəti aydınlarının yerli nümayəndələri kimi öz vəzifələrini yerinə yetirməyə çalışırdılar. Amma o zamanın NKVD-si hər dəqiqə yeni yaranan tələbə dərnəklərini izləyirdir. Cahid və Çingiz ilk dəfə dərnəkdə o zaman üçün qadağan olunanvərəqləri yaydıqları üçün həbs olunurlar. 

İlk həbsin müddəti 3 il olur. Bu zaman kəsiyində Cahid Hilaloğlu da Çingiz kimi bir çox təzyiq və işgəncələrə məruz qalır.

Həbsxanadan çıxandan sonra yenidən təhsilini Teatr İnstitutunda davm etdirir. 1952-ci ildə təhsilini başa vurandan sonra bir müddət Opera və Balet Teatrında çalışır. Təbii ki, ilk həbs onları mübarizədən daşındırmır. Həm Cahid, həm də Çingiz mühacirətdə olan AXC aydınlarının Bakıdakı təmsilçilərinin nümayəndələri idilər. Həmin aydınlar da Məhəmməd Əmin Rəsulzadə başda olmaqla öz mübarizələrini davam etdirir, birliklər, dərnəklər və jurnallar təsis edirdilər. Bakıdakı tələbə birlikləri ilə gizli əlaqələr saxlayıb orada da dərnəklərin varlığını vacib hesab edirdilər. Lakin çox güclü işləyən SSRİ DTK-nın əlindən bir iş görə bilməyəcəklərinin fərqinə varıb mübarizəni Azərbaycandan kənarda aparmaq fikrinə düşürlər. Araşdırmaçı Əli Şamil onların xaricə getməkləri ilə bağlı bildirir:  

“Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Turkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi.

Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür.

Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Cingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə də, üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə, onların xaricə getmək cəhdi də baş tutmur”.   Bayraq necə qaldırıldı?  


Cahid və Çingizin mübarizəsinin ən pik nöqtəsi təbii ki, üçrəngli Azərbaycan bayrağının 1957-ci ildə Qız qalasının başına qaldırılmasıdır. Tədqiqatçı bu məsələ ilə bağlı araşdırmalarına nəzər salır:  

“1956-cı il martın 6-7-də Tbilisidə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır.

Cahid Hilaloğlu və dostları sovet ordusunun Tbilisi şəhərində onlarla qocanı, qadını, uşağı oldürməsini və həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən heç 7-8 ay keçməmiş sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər.

1957-ci il mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibətilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar. Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri-dəqiqlik var. Yekdil fikir odur ki, bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs, “bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib” sualına xatirələr tam aydınlıq gətirmir.

Cahid Hilaloğlunun əməlləri DTK tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Canid deyirmiş: “Nədən Əfqanıstanda baş verənlər milli-azadlıq hərəkatı, Macarıstandakı isə əks-inqilabi qiyam adlandıılır?” Xüsusi xidmət orqanları isə daha bu gənclərin “nazı ilə oynamaqdan bezib” sərt tədbirlər planlaşdırır.

Cahid Hilaloğlu oğurluqda təqsirləndirilərək həbs edilir. Onu Azərbaycan SSR CM 21-63 maddəsilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 4 iyun 1947-ci il fərmanı ilə anti-sovet təbligatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır”.   Məhz bu hadisədən sonra onların nələr çəkdiklərini Çingiz Badullayev haqqındakı yazıda da görmək olar. Təkcə onu demək kifayətdir ki, Cahid Hilaloğlu da Çingiz Abdullayev kimi ittifaqın ən ağır rejimli həbsxanalarına göndərilir.

Cahid Hilaloğlu Dubrovski islah-əməkdüşərgəsinə göndərilir. Bayrağı sancandan sonra əvvəlcə Hilaloğlunu həbs etmirlər. Çünki o zaman DTK milli fikirli gəncləri birbaşa bu istiqamətdəki fəaliyyətinə görə yox, hər hansı “qayda pozuntusu” səbəbindən şərləyərək tuturdu. Məsələn, Mikayıl Rəfilini palto oğurluğuna görə həbs ediblər.

Cahid Hilaloğlunu da guya Qız qalasındakı bayraq məsələsinə görə yox, başqa bir səbəbdən həbs edirlər. Amma kifayət qədər bacarıqlı olan Hilaloğlu həbsxanada 5 dil öyrənir, orada da öz dünyagörüşünü müəyyən detallardan istifadə edərək inkişaf etdirə bilir.     Amma həbsxanadan çıxandan sonrakı “həbxsana” da onu çox sıxır.
“Deyirdi, mən neyləmişəm ki, düşmən olmuşam? Axırda məni yanına salıb aparırdı kluba, mədəniyyət evinə, deyirdi ki, mənə iş verin, axı mən də insanam, mənim də ailəm var, yaşamaq istəyirəm. Vermədilər. Axırda məcbur olub Ağdam teatrına getdi. Orada işləyən vaxt bütün artistlər Cahiddən ötrü dəli-divanə idi. Camaat yığışırdı başına”.  

Bu fikirlər onun xanımına məxsusdur. Bu keçidi verməkdə məqsədimiz Cahid Hilaloğlunun həbsxanadan çıxandan sonra da ağır həyat yaşamasını göstərmək idi. Həqiqətən də belə olub. 1969-cu ildə uzun illərin işsizliyindən sonra Dram Teatrında işə düzəlsə də, onu bu illər ərzində işsiz saxlayan “KQB” yenə də ondan əl çəkmir. Aktyor kimi canlandırdığı obrazın hər bir replikasına siyasi don geyindirir və onu incidirdilər. Nəticədə yenə işdən çıxmalı olur. 

Sonda əlacsız qalıb 1976-cı ildə Ağdama gedərək orada Dram Teatrında çalışır və ömrünün sonuna qədər burada işləyir.   1991-ci il mayın 28-də “Volqa” maşını qoca, xəstə Hilaloğlunu “təsadüfən” vurur. O zaman SSRİ-də bu cür “təsadüfi” ölümlərə tez-tez rast gəlinirdi. Cahid Hilaloğlunun 1957-ci ildə bircə dəfə üçrəngli bayrağı Qız qalasında qaldırmağı ona bir ömrün mərhumiyyətini yaşadıb. Amma bu gün hər dəfə o üçrəngli bayraq qalxdıqüca, məhz Hilaloğlu və onun kimilər yaşayır...

Elmin NURİ

   


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir