Modern.az

CHP-dən Modern.az-a AÇIQLAMA: “AKP Türkiyə kəşfiyyatını oyuncağa çevirib”

CHP-dən Modern.az-a AÇIQLAMA: “AKP Türkiyə kəşfiyyatını oyuncağa çevirib”

10 Mart 2015, 15:05

PKK probleminin həll edilməsi ilə bağlı Türkiyə hökumətinin apardığı çözüm sürəci (həll prosesi) siyasəti bu ölkənin ana müxalifətində ciddi narazılıq yaradır. Türkiyə baş nazirinin müavini Yalçın Akdoğanın PKK-ya yaxınlığı ilə seçilən Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələri ilə görüş keçirməsi bu ölkənin siyasi mühitində yeni ittihamlara yol açdı.

Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) bu görüşü Türkiyə hökumətinin PKK ilə müzakirə aparması kimi dəyərləndirir.  

CHP başqanının beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Faruk Loğoğlu Modern.az saytına açıqlamasında bildirib ki, həll prosesi ilə bağlı danışıqlar hakim Ədalət və İnkişaf Partiyasının (AKP)  PKK ilə razılaşmasıdır.

“Buna görə də çözüm sürəci siyasətini inandırıcı və səmimi hesab etmirik. Çünki bu, ortaya heç bir müsbət nəticə qoymayıb”,-deyə Faruk Loğoğlu söyləyib.  

CHP rəsmisi  AKP və HDP-nin PKK ilə bağlı atdığı addımların parlament seçkiləri qabağı kampaniyaya xidmət etdiyini deyib.

Millət vəkilinin sözlərinə görə çözüm sürəci ilə əlaqədar yürüdülən siyasət Türkiyə cəmiyyətinə heç bir xeyir verməyəcək.  

CHP təmsilçisi millət vəkilliyinə namizədliyini irəli sürmək üçün Milli İstihbarat Təşkilatının (MİT) rəhbərliyindən istefa verən Hakan Fidanın yenidən bu vəzifəyə qayıtmasına da münasibət bildirib.  

Məlumat üçün deyək ki, Hakan Fidan AKP-dən milllət vəkilliyinə namizədliyini geri götürdüyünü bəyan edib. Türkiyə baş nazirinin müavini Bülənt Arınç isə ötən gün bildirib ki, Hakan Fidan yenidən bu ölkənin kəşfiyyat qurumunun rəhbəri vəzifəsinə təyin olunub.

Faruk Loğoğlu Hakan Fidanın yenidən MİT başçısı olmasının Türkiyə qanunlarına zidd olduğu barədəki iddialarla razılaşmadığını bildirib. O qeyd edib ki, Hakan Fidanın bir daha MİT başçısı təyin edilməsində nəzəri cəhətdən Türkiyə qanunlarına zidd bir şey yoxdur.

“Dövlət məmuru millət vəkilliyinə namizədliyini irəli sürə bilər. Əgər seçkidə qazanmasa, keçmiş vəzifəsinə qayıda bilər. Belə məsələlərdə qanunlara zidd nəsə yoxdur”.

Lakin MİT-in sıradan bir qurum olmadığına diqqət çəkən Faruk Loğoğlu bildirib ki, Hakan Fidanın birdən-birə mövqeyini dəyişməsi AKP-nin dövlət orqanlarına münasibətinin bariz nümunəsidir. “Hakan Fidan məsələsində göründü ki, dövlət qurumları AKP-nin oyuncağına çevrilib. AKP bu qurumlarla bağlı istədiyini edə bilir”.

Aqşin Kərimov      


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?