Milli Məclisin deputatı Eldar Quliyev Novruz Bayramı günləri Bakı kəndlərinin sakinləri ilə görüşüb. Bu barədə Modern.az saytına məlumat verən deputat deyib ki, hər il olduğu kimi bu ildə bayram vaxtı seçicilərim ilə görüşüb, onların problemlərini dinləyib: “Mən hər həftə sonu seçicilərim ilə görüşürəm, onların problemləri ilə maraqlanıram. Bunu hər bir seçici təsdiqləyə bilər. Bayram günlərində isə davamlı olaraq, onların yanında oldum. Seçicilərim ilə görüşdə ölkədə vəziyyəti müzakirə edirik. Deyə bilərəm ki, birmənalı olaraq, Bakı kəndləri ölkə prezidentinin siyasətini dəstəkləyirlər. Seçicilərlə görüşdə Bakıda keçiriləcək I Avropa oyunlarından da danışdıq. Bakı kəndlərində yaşayan insanlar ölkəmizdəki keçiriləcək I Avropa Oyunlarını dəstəkləyirlər. Burda yaşayan insanların hamısı bilir ki, bu yarışın birinci dəfə Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu, Azərbaycanın gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır və ölkəmizin təbliğatı məsələsində əvəzsiz xidməti olacaq . Buna görədə Bakı kəndləri birmənalı şəkildə Birinci Avropa Oyunlarını dəstəkləyirlər”.
Deputat onu da vurğulayıb ki, müəyyən qüvvələr var ki, onlar Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə qarşıdırlar: “Buna görə də müxtəlif vasitələrlə bu oyunun miqyasını və ölkəmiz üçün dəyərini qiymətdən salmağa çalışırlar. Mən əminəm ki, bütün bu işlərin arxasında erməni lobbisi durur. Çünki hər bir azərbaycanlı bilməlidi ki, yayda keçiriləcək I Avropa Oyunları öz miqyasına görə beynəlxalq aləmdə müsbət mənada səs-küyə səbəb olacaq. Azərbaycanın təbliğində mühüm rol oynayacaq və təbii ki, erməni lobbisi bunun qarşısını almağa çalışır. Ona görə də deyə bilərəm ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı olanlar Azərbaycana qarşı olan, dövlətimizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrdir. Bu oyunların keçirilməsinə qarşı olanlar ölkəmizin milli maraqlarına qarşı olan qüvvələrdir. Bakı kəndlərinin sakinləri ilə görüşlərimiz zamanı bu məsələlərə də toxunduq”.
Deputat bildirib ki, Azərbaycanı dini radikalizmə bağlamaq istəyən qüvvələr var: “Əvvəla belə fikir formalaşdırmaq istəyənləri Azərbaycana dəvət edirəm. Gəlib hər şeyi öz gözləri ilə görsünlər. Görsünlər ki, Azərbaycan həm dini tolerantlığa, həm demokratik dəyərlərə görə dünyaya örnək olacaq ölkədir. Bəli, Azərbaycanda ən qatı dindarlar Bakı kəndləri hesab olunursa, buyursunlar, baxıb görsünlər həmin kəndlərdə insanların I Avropa Oyunlarına münasibəti necədir? Bizi istəməyən qüvvələrin bu məsələdən istəklərinə çatmaq istəkləri gözlərində qalacaq. Əgər bunu dini amillə bağlayırlarsa, Azərbaycanda dini kəsim bu oyunları ciddə şəkildə dəstəkləyirlər və bunun bariz nümunəsi kimi Bakı kəndlərini göstərmək olar. O qüvvələr ki, Avropa oyunlarının ölkəmizdə keçirilməsindən narahatırlar, onlar müstəqilliyimizi istəməyən şəxslərdir. Mən o insanlara Bakı kəndlərinin sakinləri adından bildirmək istəyirəm ki, Azərbaycan tolerant, demokratik bir ölkədir. Azərbaycan hüquqi bir dövlətdir, kim qanunlara əməl edirsə o şəxs çox sərbəst şəkildə ölkəmizdə yaşayacaq. Əgər kimsə dövlətimizin əleyhinə çıxarsa, qanunları tapdalayarsa, təbii ki bu hüququ çərçivədə həll olunacaq”.
Eldar Quliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan qarayaxmalar heç bir nəticə verməyəcək, ölkəmiz I Avropa Oyunlarını dünya tarixində bir ilk kimi keçirəcək, bir ilkə imza atacaq.
Pərvin ARZUQIZI