Modern.az

“Yol polisinin sürücünü hansısa sığorta şirkətinə yönləndirməsi düzgün deyil”

“Yol polisinin sürücünü hansısa sığorta şirkətinə yönləndirməsi düzgün deyil”

Təhsil

30 Mart 2015, 10:20


Ayrı-ayrı sığorta şirkətləri ilə bağlı narazılıqlara, müxtəlif məzmunlu şikayətlərə tez-tez rast gəlirik. Haqqında söhbət açacağımız olay isə əməkdaşlarımızdan birinin başına gəlib. Yol polisi onun sığortalatdırmadan idarə etdiyi avtomobili saxladaraq sürücüdən avtomobilini məcburi şəkildə “Atəşgah sığorta”da sığortalatdırmasını tələb edib.

Məsələ burasındadır ki, baxış keçirilən zaman avtomobilin sığorta olunmadığı müəyyənləşirsə, sürücünü konkret olaraq hansısa sığorta şirkətinə yönləndirilir. Bu qanunauyğundurmu?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a bildirib ki, polis heç kimi yönləndirə bilməz:

“Ola bilsin ki, polis haqqında məlumatlı olduğu sığorta şirkətlərinin adını çəkib. Vətəndaş isə bunu məcburiyyət kimi qiymətləndirib. Bu gün tələblərə, qanunlara uyğun olaraq “Atasığorta”, “Paşa sığorta”, “Standart İnsuranse”, “AXA MBSK” və digər şirkətlər fəaliyyət göstərir. Kimsə məndən soruşanda bildiklərimin hamısını saya bilərəm, bu ona dəlalət etmir ki, mən səni həmin şirkətlərə məcburi şəkildə yönləndirirəm.

Bu gün sığorta şirkətləri ayrı-ayrılıqda özünün kiçik ofislərini yaradır. Ola bilsin ki, həmin ünvanda da “Atəşgah” sığortanın ofisi olduğu üçün polis sürücünü ora yönləndirib”.

Polis polkovniki bildirib ki, qanun nəqliyyat vasitələrinin 3-cü şəxs qarşısında sığortalanmasını tələb edir: “Bu, icbari sığortadır. Ən azından bu sığortaların edilməsi yol qəza hadisələri zamanı bütün mübahisəli məsələlərin həll edir. Sürücü-yol polisi arasındakı məsələ, yol-qəza hadisəsi ilə bağlı sürücülər arasındakı məsələlərin həllidir. Bu gün avtomobilini sığortalatdırmayan şəxs belə qəza zamanı polisin yaxasından yapışır. Axı, buna polis neyləsin?! Vaxtında avtomobili sığortalatdırmaq lazımdır. Bütün sənədləri, sığorta şəhadətnaməsi yerində olanların isə sığorta haqqı mütləq ödənilir, bundan da sürücülər razı qalır.

Düşünürəm ki, sözügedən məsələdə hadisə yerinə yaxın “Atəşgah” sığorta olduğu üçün yol polisi sürücünü ora da dəvət edib”.

Ekspert Ərşad Hüseynov da saytımıza açıqlamasında sığortaçının seçilməsinin sığortaolunana məxsusluğunu diqqətə açtdırıb:

“Sığorta münasibətlərini Mülki Məcəllə tənzimləyir. Sığortaçının seçilməsi sığorta olunanın hüququdur. Hansısa polisin sürücünü nələrəsə vadar etməsi yolverilməzdir. Avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortasından söhbət gedirsə, o sığortanın özü məcburidir. Qanuna əsasən sığortasız avtomobili idarə etmək qadağandır. İstənilən şəxsin Maliyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən istənilən sığorta şirkətini seçmək hüququ var”.

Ekspertin fikrincə, ümumiyyətlə, yol polisinin sürücünü hansısa sığorta şirkətinə yönləndirməsi düzgün deyil: “Sığorta şirkətləri kommersiya təşkilatlarıdır. “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən onlar sığorta agentləri, brokkerlər vasitəsilə sərbəst fəaliyyət göstərir.

Qanunda qeyd olunub ki, sığortası olmayan nəqliyyat vasitəsi yola çıxmamamlıdır. Bu o deməkdir ki, sığorta olunmadığınız təqdirdə yol polisi sizi postda saxlayır və cəriməni ödəyib yola davam edirsiniz.

Belə olan təqdirdə qarşıdakı postlarda sizə məhz sığortasız avtomobil idarə etdiyinizə görə yenə də cərimə yazılmayacağınıa təminat verilmir. Çünki qanun imkan verir ki, 50 manatlıq cərimə yazılmasına baxmayaraq, qarşıdakı postlarda belə sizi bir neçə dəfə saxlayıb sığortaya görə cərimələsinlər.

Məsələn, texniki baxış da belədir. Yəni texniki baxış olmadan avtomobili sürmək olmaz. Həmin şəxsə cərimə yazılır və 10 gün vaxt verilir. Cəriməni ödədiyiniz təqdirdə 10 gün müddətinə texniki baxışa görə cərimələnməyəcəksiniz.

Düşünürəm ki, polislərlə sığorta şirkətlərinin qeyri-rəsmi iş birliyi var, çünki rəsmi işbirliyindən söhbət gedə bilməz. Polis heç bir halda heç kimi, heç bir şirkəti reklam edə bilməz. Konkret reklam üçün kiminsə yönləndirilməsi yolverilməzdir”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə