Modern.az

Cingiltili qayaların əks-sədası - Kəlbəcərli XATİRƏLƏR

Cingiltili qayaların əks-sədası - Kəlbəcərli XATİRƏLƏR

Aktual

1 Aprel 2015, 22:57

Rəşid Fətəliyev,
geologiya - mineralogiya üzrə fəlsəfə doktoru

İstəkli dostum, səmimi insan, professor Vaqif Ramazanovun əziz xatirəsinə

Kəlbəcərin işğalından düz 22 il ötür. Deməli 22 ildir ki, o dağlar-dərələr, o çəmənlər-meşələr düşmən tapdağında inləyir, “bizi qurtarın” deyə haray çəkirlər. Hələlik onların bu haraylarına cavab verə bilməsək də ümidsiz deyilik, iqtisadi qüdrətimiz getdikcə yüksəlir, ordumuz güclənir və bir vaxt o yerlərə qayıtmaq ümidimiz, inamımız gün-gündən artır. O xoşbəxt günü görəcəyimizə mən  əminəm və qəti olaraq inanıram ki, Kəlbəcəri, bütün Qarabağı düşmənlərdən təmizləyəcək, yurd yerlərimizi bərpa edəcək, o cənnət-məkan yerləri yenidən gəzəcək və təbiət gözəlliklərini seyr edəcəyik. Amma çox-çox əfsuslar olsun ki, minlərlə Vətən övladına  bu xoşbəxtlik heç vaxt qismət olmayacaq, çünki onlar artıq haqq dünyasına qovuşmuşlar. Onlardan biri də Kəlbəcər dağlarının vurğunu, bir neçə ay bundan əvvəl dünyasını dəyişmiş dəyərli insan Vaqif Ramazanovdur. O, Bakı Dövlət Universitetinin faydalı qazıntılar kafedrasının professoru,  geologiya-mineralogiya elmləri doktoru və yüzlərlə tələbənin sevimli müəllimi idi.

Vaqif Ramazanov haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Onu belə tezliklə itirəcəyimizə heç inanmırdım. Amma bu həyatdır, barışmağa məcburuq. İstənilən halda yaxın adamı, yaxşı insanı, dostu itirmək ağırdır, üzücüdür. Təsəllimiz onun qoyub getdiyi xeyirxah əməlləri, xoş xatirələridir.

Çox gözəl insani keyfiyyətləri ilə bərabər, Vaqif Ramazanov həm yaxşı geoloq, həm yaxşı alim, həm də yaxşı pedaqoq idi. Onu düz 40 il əvvəl - 1975-ci ildən, Kəlbəcərdə Kiçik Qafqaz Ekspedisiyasının Ağduzdağ geoloji-axtarış dəstəsində çöl təcrübəsi keçən zamandan tanıyırdım. O, həmin dəstənin baş geoloqu idi. Geoloji dəstə Ketidağ, Dəlidağ tərəflərdə, İstusuyun ətraflarında, Bağırsaq dərəsində, Tutqun dərəsinin yuxarılarında – Qazıxanlı, Qaraxançallı, Ağzıbir, Qalaboynu sahələrində qızıl yataqlarının axtarışını aparırdı.

 Kəlbəcəri, onun füsunkar təbiətini, qarlı zirvələrini, bənzərsiz çəmənlərini, gur çaylarını sevmək üçün kəlbəcərli olmaq şərt deyil, cəmi bir dəfə görmək yetərdi ki, o yerlərə həmişəlik vurulasan. Vaqif müəllim isə o dağlarda  illərlə geoloq işləmiş, Fərhad kimi külüng (çəkic) çalmış, Kəlbəcər torpaqlarını qarış-qarış gəzmiş, onun altında yatan filiz (qızıl, mis, civə, molibden və s.) yataqlarının üzə çıxarılmasında dəyərli xidmətlər göstərmişdir.

Bu günlər Kəlbəcərin işğalı günüdür və bu gün mən, xəyalən də olsa, 22 ildir düşmən tapdağında əzilən Kəlbəcər torpaqlarına, onun əsir düşmüş dağlarına, möhtəşəm qayalarına, orada yaddaşıma hopmuş şirin xatirələrə qayıtmaq istəyirəm. Geri dönmək ümidimiz sönməsin deyə, o yerləri bir daha xatırlamaq, yada salmaq istəyirəm. Kəlbəcəri yad etməklə Vaqif müəllimin də ruhunu şad etmiş olaraq, çünki o da Kəlbəcəri, onun təbiətini, qarlı dağlarını, dəlisov çaylarını, güllü-çiçəkli geniş çəmənliklərini çox sevirdi. Onun namizədlik dissertasiyasının mövzusu da Kəlbəcərin filiz yataqlarının öyrənilməsi ilə bağlı idi. Çoxlu kəlbəcərli dostu-tanışı vardı, uzun müddət onlarla əlaqəsini kəsməmişdi.

Kəlbəcərdə çöl təcrübəsi keçərkən, digər geoloqlar kimi, biz də məzəli, bəzən gülməli, bəzən də qorxulu hadisələrlə rastlaşırdıq. Bir gün İstisuyun yuxarısında Bağırsaq adlı dərədə axtarışa çıxmışdıq. Adından göründüyü kimi  əyri-üyrü dərə Dəlidağın ətəklərinə doğru uzanıb gedir.  Günorta vaxtı idi, sakitlikdə təkcə dərə boyu axıb Tərtər çayına qovuşan çayın şırıltısı eşidilirdi. Birdən yuxarıdan səs gəldi. Kimsə:

- Ay incinar, ay incinar, əə, bir bəridən gəl, bəridən gəl, - deyə bizi haraylayırdı. Yuxarı baxanda dərənin qaşında oturmuş bir adamın qışqıra-qışqıra əl etdiyini gördük. Səs zəif eşidildiyindən onun nə dediyi tam anlaşılmırdı. Vaqif müəllimə dedim:

- Çobandır, yəqin nə isə maraqlı bir şey tapıb, bizə göstərmək istəyir. Bəlkə gedək, baxaq?

- Yaxşı, gedək görək, bu çoban qardaş nə deyir? – o, mənim təklifimi yerə salmadı və - onsuz da o tərəflərə də baxmalıyıq, amma sən  bizim bu çobanların dediklərinə çox da fikir vermə, - deyə əlavə etdi.

 Dərə dərin, yamac isə dik idi. Xeyli əziyyətdən sonra çobanın yanına gəlib çatdıq, çöl çantamızı (ryukzak), çəkicimizi yerə qoyub, heç nəfəsimizi dərməyə macal tapmamış çoban irişə-irişə:

- Ay incinar, bir papros ver, çəkək, - dedi.  Mən sanki qulaqlarıma inanmırmış kimi çobanın üzünə baxıb, qəzəbimi güclə boğaraq:

- Nə deyirsən, a kişi? – deyə soruşdum. O, isə heç əhvalını pozmadan:

- Heeç, deyirəm bəlkə, paprosunuz ola, mənimki qurtarıb, - dedi.

Pərt olmuşdum, çobana nə deyəcəyimi bilmirdim. Vaqif müəllimi isə gülmək tutmuşdu. Mənim pərtliyimi görüb, çobanı məzəmmət elədi və  çobandan bir qədər aralandıqdan sonra mənim könlümü açmaq üçün gülə-gülə:

- Gördün, çoban bizi necə həriflədi? Sənə dedim, fikir vermə. Bizim çobanlar, maşallah, çox fərasətlidirlər, oxumamış yuristdirlər, qornıy yuristlər, – dedi. Bu sözlərdən sonra məni də gülmək tutdu və biz xoş əhval-ruhiyyə ilə işimizə davam etdik.

Təbii ki, Vaqif müəllimlə Kəlbəcər dağlarında başımıza gələn maraqlı əhvalatların hamısını yazmaq imkan xaricindədir, amma yaddaşıma həkk olunmuş bəzi məqamları yeri gələndə söyləməklə həm  onun nurlu xatirəsini, həm də Kəlbəcəri yad edirəm. Ağzıbirdə qayadan asılı qalmış Musa adlı fəhləni xilas etməyimiz, gecələr Bəhram kişinin nağıllarını dinləməyimiz, Qalaboynu çayında forel balıqları tutmağımız, Qonurdağda çoban itləri üstümüzə cumarkən kürək-kürəyə verib qorunmağımız, İstisu bulaqlarında çimməyimiz, iyun ayında Dəlidağın yamacında qar üstündə sürüşməyimiz və s., və i.a. bu kimi hadisələrin hər biri bir hekayənin mövzusu ola biləcək qədər maraqlı idi.



Yaddaqalan məqamlardan biri də Dəlidağda, təxminən 3000-3300 m yüksəklikdə, sərt, sal qranit qayalardan çıxan cingiltili səslər idi. Nümunə götürmək üçün onlara çəkiclə vuranda güclü, cingiltili səslər çıxırdı və sakit dağlarda, dərələrdə uzun-uzadı, vahiməli əks-səda verirdi. İndi də mənə elə gəlir ki, o səslər qulaqlarımdan heç getməyib, hələ əks-səda verir.

Bəli, həmin il çöl təcrübəm çox zəngin təəssüratlarla başa çatdı və mən Vaqif müəllimlə dostlaşdım. Qısa müddətdə ondan çox şey öyrəndim, həm geologiya, həm də həyat dərsi aldım və bununla həmişə fəxr edirəm.

1978-ci ildə o, istehsalatdan ayrılıb, elmi - pedaqoji fəaliyyətə keçdi, tezliklə dissertasiya müdafiə edərək, elmlər namizədi (1981), daha sonra isə elmlər doktoru (1993) elmi dərəcəsi adını aldı və Bakı Dövlət Universiteti faydalı qazıntılar kafedrasının professoru oldu.

Sonralar mən də geologiya sistemindən bir qədər uzaqlaşdım - məsul dövlət vəzifəsinə dəvət olundum, əlaqələrimiz səngisə də arabir görüşürdük, zəngləşirdik. Dağlarda, xüsusilə Kəlbəcərdə birgə yaşadığımız xoş anları, şirin xatirələri yada salırdıq. Kəlbəcəri itirməyimiz onu sarsıtmışdı, qala kimi bir məkanın düşmənə necə təslim olmasına inana bilmirdi, yana-yana danışırdı. O, vətənpərvər idi, Vətənin hər qarışı onun üçün əziz idi. Ən böyük arzusu isə bir də o yerlərə qayıtmaq, o yerləri görmək idi. Əfsus, qayıda bilmədi, görə bilmədi. 2014-cü ilin may ayının əvvəlində dünyasını dəyişdi. Kəlbəcər isə hələ işğal altındadır...

Amma mən  inanıram ki, biz o yerlərə qayıdacağıq, mütləq qayıdacağıq və bir vaxtlar Vaqif müəllimin tədqiq etdiyi o dağları birər-birər gəzəcək və cingiltili qayaların əks-sədalarını yenidən dinləyəcəyik!

Bakı, 31 mart 2015-ci il.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır