Modern.az

“Xaricdəki tələbəmiz” - “Fransadakı təhsil mənə intizam öyrətdi” - MÜSAHİBƏ

“Xaricdəki tələbəmiz” - “Fransadakı təhsil mənə intizam öyrətdi” - MÜSAHİBƏ

Aktual

2 Aprel 2015, 16:12


Modern.az
saytı “Xaricdəki tələbəmiz” rubrikasını davam etdirir. Bu dəfə bir az haşiyədən kənara çıxdıq. Belə ki, bu dəfəki müsahib artıq magistr təhsilini bitirərək, Qafqaz Universitetinin Beynəlxalq münasibətlər kafedrasında çalışmağa başlayıb. Bakalavr pilləsini üç ilə bitirən Nurtac Abdullayeva mikroiqtisadiyyat və makroenerji, siyasət fənlərini tədris edir.

- Qafqaz Universiteti  Hüquq fakültəsi Regionşünaslıq bölümündə təhsil almışam. 5 illik universitetdən 3 il müddətində məzun oldum. Həm univeritet daxilində, həm də xaricdə təşkil olunan konfranslarda yaxından maraqlanıb, onların hər birində iştirak etməyə çalışırdım. Düşünürəm ki, hazırda Qafqaz Universitetində işləməyimdə  də müəllimlərimin məni tanımasının böyük rolu oldu.

- “Qafqaz”dan sonra xaricə üz tutdunuz. Bu haqda da təəssüratlarınızı bölüşərdiniz...

-  Qafqaz Universitetindən məzun olduqdan sonra düşündüm ki, bu sahə ilə bağlı təcrübi biliklərimi artırmaq lazımdır. Ona görə də Fransanın Aix Marsielle Universitetində təhsilimi magistr pilləsində davam etdirdim. Bu universitet Fransanın üçüncü böyük universitetidir.  Xarici tələbələri çıxmaqla 60 000-dən çox tələbəsi var. Qeyd etmək istərdim ki, magistr pilləsi də iki il olmasına baxmayaraq, mən burada da təhsilimi bir ilə tamamladım.

- Fransa təhsil sistemi sizdə hansı təəssüratı yaratdı?

- Fransada təhsil sistemi Azərbaycan təhsil sistemindən fərqlidir. Bu fərqlilikləri çox da xırdalamaq istəmirəm. Çünki  digər Avropa ölkələrinin təhsili ilə eynilik təşkil edirdi. Xüsusilə onu qeyd etmək istərdim ki, orada tələbələr 4 saat boyunca dərsdə otururlar və bu müddətdə də əgər vacib ehtiyacları olarsa bayıra çıxa bilərdilər. Bəzən tələbələr çay, kofe alıb dərsə qayıda bilərlər. Ancaq dərsin müddəti dəyişməz qalır.

- Təhsil aldığınız müddətdə yəqin müşahidə etmisiniz, Fransada bizim tələbələr özlərini təsdiq edə bilirdilər?

- Azərbaycan gəncləri təhsillərini bir çox xarici universitetlərdə davam etdirsələr də, təəssüf ki, oxuduğum universitetdə təhsil alan yeganə azərbaycanlı  mən idim. Ancaq xarici ölkələrdən də tələbələr var idi. Mənim olduğum sinifdə 20 nəfər tələbə vardı və bunların çoxu xarici idi. Kanadadan, Amerikadan və digər ölkələrdən tələbələr də təhsil alırdılar.



- Fransada hansı çətinliklərlə qarşılaşdınız?

- Dil problemi yaşadım. Çünki mən Azərbaycandan gedərkən ingilis dilini bilirdim. Ancaq fransızlarda belə bir xüsusiyyət var ki, ölkələrində öz dillərindən başqa bir dili qəbul etmirlər. Hər hansı dili danışıb başa düşsələr də ondan istifadə etmirlər. Buna görə də ilk vaxtlar çox çətinliyim oldu, ancaq fransızların bu xüsusiyyəti mənə fransız dilini öyrətdi.

- Bəs Fransada magistr təhsilindən əlavə nəyə yiyələndinz?

- Fransada keçirdiyim tələbəlik mənə intizam öyrətdi. Mən orada olduğum bir il müddətində işlərimi, dərslərimi, hətta istirahətim belə planlı şəkildə həyata keçirməyi öyrəndim. Çünki orada tələbələr daha aktivdirlər və dərsdən çıxıb evə getmirlər. Tələbələr kinoya, gəzməyə çox vaxt ayırılır. Bu da insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bəzən biz düşünürük ki, cibində pulun yoxdursa gəzə bilməzsən. Ancaq heç də elə deyil, əksinə insanın öz çevrəsi ilə açıq havada bir müddət zaman keçirməsi belə insana çox şey öyrədə bilər. Çünki ondan elə informasiya əldə edə bilərsən ki, bu sənə nə zamansa lazım olar. Həmçinin kitab oxumaq vərdişinə də mən Fransada keçirdiyim zamanda yiyələndim. 

- Siz İspaniyada da oxumusunuz. Uzunmüddətli təhsil olmasa belə İspaniya sizə nə öyrətdi?

- Mən İspaniyaya Erasmus- Mundus Backis proqramı vasitəsilə Pais del Vasco Universitetində 1 ay müddətinə getdim. Xarici tələbələrin çoxluq təşkil etdiyi bu ölkədə də tək azərbaycanlı idim. İspaniyada magistratura tələbələrinə seminar verdim. Qeyd edim ki, onlar məndən yaşca çox böyük idilər. Hətta belə bir maraqlı hadisə baş vermişdi ki, mən ilk dəfə auditoriyaya girəndə tələbələr məni də tələbə zənn etdilər. Əcnəbi vətəndaş olduğum üçün köməklik göstərməyi də təklif etdilər. Yeri gəlmişkən onu da deyim ki,  ispanlar çox yardımsevər millətdirlər. Ancaq müəllimləri məni müəllim  kimi təqdim etdiklərində tələbələr çox təəccübləndilər. Hətta məni tələbə zənn etdikləri üçün üzr istədilər. Ümumiyyətlə ispan gəncləri bakalavr təhsili aldıqdan sonra bir neçə il hər hansı bir sahə üzrə fəaliyyət göstərirlər. Əgər təhsillərini artırmaq istəsələr daha sonralar, yəni, təxminən 30 yaşdan sonra bunun üçün çalışırlar. Düşünürəm ki, bu, əslində  yaxşı bir haldır. Çünki, bakalavr təhsili zamanı aldıqları nəzəri bilikləri bu illər ərzində tətbiq etdikdən sonra magistr pilləsinə davam edirlər.

-Bu günün gənclərinə nəyi məsləhət görərdiniz?

- Məsləhət verməyi sevmirəm. Ancaq yaxşı olardı ki, tələbələr oxuduqları kitabları, görüşdükləri insanları diqqətli seçsinlər. Çünki bir insanın necə yetişməsi daha çox onun ətrafındakı insanlardan asılıdır. Dünyagörüşünün formalaşması üçün əllərindən gəldiyi qədər gəzib səyahət etsinlər və dil bilgilərini artırsınlar. Yalnız öz sahələri ilə deyil, digər sahələrə də maraq göstərsələr bu onların bir addım öndə olması deməkdir. Ən əsası isə mütaliə ilə məşğul olsunlar. Çünki mütaliə etmək insanı yetişdirən ən böyük məktəbdir.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!