AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun akademiyanın informasiya xidmətinə verdiyi məlumata görə, aprelin 4-də Yer sakinləri “Qanlı Ay tutulması”nın şahidi olacaqlar. Belə ki, Ay tutulması zamanı Ay Yerin kölgəsinə şimal hissədən girəcək.
Modern.az xəbər verir ki, tutulma saat 15:17-də başlayacaq, 17:02-də maksimum olacaq, 18:45-də isə başa çatacaq. 3 saat 28 dəqiqə ərzində davam edəcək bu təbiət hadisəsini Asiya, Avstraliya, Sakit okean və Amerikadan müşahidə etmək mümkün olacaq. Ay tutulması hadisəsi Azərbaycandan müşahidə edilməyəcək.
Qeyd edək ki, bu il iki dəfə Günəş, iki dəfə Ay tutulması baş verəcək. İlk Günəş tutulması martın 20-də qeydə alınıb. Növbəti Günəş tutulması sentyabrın 13-nə, ilk Ay tutulması aprelin 4-nə, növbəti Ay tutulması isə sentyabrın 28-nə təsadüf edəcək.
Elmin NURİ