filologiya üzrə elmlər doktoru, professor
Pis vərdişlər insanın pis əməllərini artırır, çoxaldır. İş o yerə gəlib çıxır ki, pis vərdişlərdən əl çəkmək olmur. Pis vərdişlər insanın başına bəlalar gətirir. Pis vərdişlər insanın axırına çıxır. Bu barədə həyatda yüzlərlə nümunələr var. Belə nümunələr olub və olacaqdır. Pis vərdişlərdən biri oğurluqdur. Biri xırda oğurluqdan başlayır və bu pis vərdişi genişləndirərək daha böyük oğurluğa keçir. Əvvəlcə yumurta oğurlayır, sonra cücə oğurlayır, sonra toyuq oğurlayır. Bu oğurluqlar insanda oğurluq vərdişini yaradır. Sonralar bu pis vərdiş insanı heç zaman əldən buraxmır. Ona görə də belələri oğurluğunu günü-gündən daha da artırır: quzu, qoyun oğurluğuna keçir. Sonra bununla kifayətlənməyib dəvə oğurluğuna keçir. Dəvə oğurluğuna qədər etdiyi bütün oğurluqları gizlədə bildiyi halda, dəvə oğurluğunu gizlədə bilmir. Axı dəvə oğurluğu daha böyük oğurluqdur. Ona görə də dəvə oğurluğunu gizlətmək mümkün olmur. Beləliklə, oğrunun bütün oğurluqlarının üstü açılır. Dəvənin yiyəsi həm dəvəni, həm də dəvəni oğurlayan oğrunu tapır.
Xırda oğurluqdan böyük oğurluğa gedənlər oğurluğun üstünün tez-gec açılacağını bilməlidirlər. Həm də insanlar bir çox məsələləri, o cümlədən aşağıdakıları bilməlidir:
İnsan həm də dünyanın sirlərini açmaq üçün yaranıbdır.
***
Bəzilərinin qəlbi zülmət ruhları ilə o qədər doludur ki, onu təmizləmək mümkün deyildir.
***
Günəş şüası olan yerdə ulduzlar da, buludlar da yox olur.
***
Təbiətdəki ağaclar, binalar, evlər... nələrin şahidi deyildir. Axı aylı gecədə bir-birini sevənlər də aylı gecənin şahidliyi ilə bir-biri ilə əhdü-peyman bağlayırlar.
***
İnsanlar təbiətin sirlərini sona qədər öyrənməklə təbiəti kölə halına salırlar.
***
Dünyada olan canlıların hər birinin öz azarı vardır. Birinə yaşıl çəmənlik lazımdır. Birinə su lazımdır. Birinə hava lazımdır. Birinə azadlıq lazımdır. Birinə, hətta oğurluq lazımdır.
***
Görəsən ulduzlar çıxanda birinci ulduz hansı olur?! Bəs sönəndə sonuncu ulduz hansı olur?! Birinci çıxan və sonuncu sönən ulduzlar darıxırmı? Birisi çıxmağa, digəri sönməyə tələsirmi?!
***
Dünyada borcu olmayan adam varmı? Söhbət maddi borcdan getmir...
***
Həyatda bəzən canavardan yox, tülküdən qorxmaq lazımdır.
***
Biz təzə tanıdığımız adamların keçmişdə kim olduğunu bilmirik.
***
İnsan heç olmasa, xəyalən kimlərləsə zarafat etməyi bacarmalıdır.
***
Tülkünün də tələsi var.
***
Dünayada çoxlu sayda səslər var. Ancaq gecənin səsi daha maraqlıdır. Gecənin səsi həm də səssizlikdir.
***
Bir anlıq fikirləş: sevmisənmi? Onda insanları da, həyatı da, canlıların hər birini də, təbiəti də sev.
***
Qulaq as və qulaq asmağı öyrən. Qulaq asmaq dünəndən, bu gündən və gələcəkdən xəbər verir.
***
Ağrıdan, acıdan cəhalətdən, əzab və əziyyətdən xilas olmağın yolu qalib gəlməkdir. Qalib gəlmək, udmaq çıxış yoludur.
***
Həyatda hər bir kəs yaşayır. Kimi quruda, kimi suda, kimi mağarada, kimi sarayda... Ancaq bir atəş açıb hər kəsi oyatsalar, yaşayış yerləri dəyişə bilər.
***
Divarın dibində bitən kol-kos çox zaman heç kəsin diqqətini cəlb etmir. Ancaq o da divarın dibində kefdədir.
***
Körpə uşaq kimi təmiz qalanlar azdır.
***
Körpə uşaq kimi rahat yatanlar azdır.
***
Körpə uşaq kimi ağlayanlar azdır. Ağlayanlar da ağlına söykənərək ağlayırlar...
***
Gül-çiçək olmayan yerdə süpürgə kolu da çəmənliyə bənzəyir.
***
Təbiətdə çoxlu gül-çiçək var. Ancaq onların içərisində heç birinə bənzəməyən, qeyri-adi bir çiçək də var. Onun adı inci çiçəyidir. Bu çiçəyi çoxları görmür, görə bilmir. Bunu görənlər çox azdır.
***
Qızılgül də tikanın içərisində olur.
***
Xəstəliyin özünü azarlatmaq lazımdır. Onda xəstəlik yoxa çıxacaqdır.