Modern.az

Azərbaycanda hüquqşünasın falçı yanına getməsi... - Tanınmış ekspertlər: “Bu, cahillikdir»

Azərbaycanda hüquqşünasın falçı yanına getməsi... - Tanınmış ekspertlər: “Bu, cahillikdir»

Təhsil

6 Aprel 2015, 11:20


Bir müddət əvvəl goranboylu hüquqşünasın Bakıda falçını qətlə yetirməsi ölkədə böyük əks-səda doğurdu. Bu qətl sosial şəbəkələrdə də müzkirələrə səbəb oldu. İnsanların üzləşdikləri hər hansı problemə çarə tapılması üçün falçılara müraciət etməsi tez-tez gündəmə gəlir. Bu məsələ ilə bağlı müzakirələrdə falçılardan yardım umanların, adətən sadə vətəndaşlar olduğu vurğulanır. Amma bu hadisədən sonra məlum oldu ki, falçını öldürən hüquqşünas olub. Onun iddiasına görə, baş ağrısından əziyyət çəkdiyi üçün falçı yanına gedib, onun yazdığı dua isə dərdinə çarə olmayıb.

Hadisədən sonra müzakirəyə səbəb olan məqamlardan biri də adi bir şəxsin yox, hüquqşünasın dərdinə falçı vasitəsilə çarı axtarmasıdır. Görəsən, doğrudanmı falçıların duaları hər hansı şəxsin səhhəti ilə bağlı problemin həllində səhiyyə sisteminin imkanlarından daha güclüdür?

Hüquqşünas Şəfiqə Nağıyeva Modern.az-a bildirib ki, baş verən hadisə cahillikdən başqa bir şey deyil: “Hesab edirəm ki, bu, ilk növbədə cəhalətdir. İkincisi, hər bir insanın yaşamaq hüququ var və heç kimə ixtiyar verilməyib ki, şəxsi bu hüquqdan məhrum edərək onun həyatına qarşı zorakılıq hərəkətləri etsin. Falçı kimdir ki, adama kömək etsin”.

Onun sözlərinə görə, hüquqşünasın hansısa problemlə bağlı falçı yanına getməsi ağlasığmazdır: “Başqalarının hüquqlarını müdafiə etməyi boynuna götürən bir şəxsin bu cür cahil işlərə vaxtı qalmamalıdır. Ola bilər ki, insanın işi düz gətirməsin. O mübarizə aparmalı, məğlubiyyətlə barışmamamlıdır.

Falçı yanına gedib duanın əks təsir göstərdiyini iddia edib onu öldürmək, sadəcə cahillikdir. Əslində kimliyindən asılı olmayaraq insana qarşı qəddarlıq etmək yolverilməzidr”.

Tibb Universitetinin dosenti, tanınmış ekspert Rəşid Mahmudov da baş verənləri cahilliklə bağlayıb:

“Əgər hüquqşünas falçı yanına gedibsə, o hüquqşünas yox, cahildir. Deməli, savadsızdır, geridə qalmışdır, onun bu davranışını izah edəcək başqa söz tapmıram”.

Xatırladaq ki, hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə Tahir Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən Tahir Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.

Onu qətlə yetirən Məhəbbət Cahangirov Səbayel rayon Polis İdarəsi və 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaqa təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Cinayəti törədən 1987-ci il təvəllüdlü Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini M. Vilayət oğlu Cahangirov istintaqa ifadə verib. O, ifadəsi zamanı 1970-ci il təvəllüdlü Tahir Talıbovu ona yazdığı duaya görə qətlə yetirdiyini bildirib. M.Cahangirov qeyd edib ki, din xadimi ona dua yazandan sonra baş ağrıları çoxalıb. O, yazılan duanın nəticəsini görmədiyinə görə din xadimini qətlə yetirdiyini bildirib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə