“Olur , olur, belə işlər də olur” silsiləsindən
Son vaxtlar sosial mediada, telekanallarda dəbdə olan mövzulardan biri də məşhur elm və sənət adamlarının, ictimai-siyasi xadimlərin respondentlər tərəfindən tanınıb-tanınmaması ilə bağlı keçirilən sorğulardır. Çox acınacaqlı, ürəkağrıdan faktlardır ki, bəzi soydaşlarımız Cəfər Cabbarlını, Hüseyn Cavidi, Mikayıl Müşfiqi, adı dünyanı dolaşan rəssam və aktyorlarımızı tanımır, heç bir uyarı olmayan kəslərlə dəyişik salırlar. Ölkənin mühüm struktur rəhbərlərinin kim olduğunu bilməyən yaşlı və orta nəslin nümayəndələrinin kamera qarşısında gözlərini necə döydüyünü görəndə məlumatsızlığın və savadsızlığın bunca boy verdiyinə xeyli təəssüflənirsən.
Şəxsiyyətlərin kimliyinin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi istəyi ilə keçirilən sorğular, zənnimizcə, kiminsə dəyərini aşağılamaq niyyətindən uzaqdır və indiki nəslin daha çox mütaliə etməsinə, keçmişi öyrənməsinə, bu günün hadisələrindən baş çıxarmasına və perspektivə yönəlik çalışmalarına bir növ dəstək vermək, ruhlandırmaq arzusu ilə bağlıdır. Əgər hansısa estrada müğənnisi ötən əsrin axırlarında uzaq Amerikada belə tanınan, sevilən ustad sənətkar Vaqif Mustafazadənin fəaliyyətindən xəbərsizdirsə, bir-iki qəzəl əzbərləyib teleekranlarda özünü dartıb qəribə əda ilə “Segah” oxuyan birisi Cabbar Qaryağdı oğlunu, Zülfü Adıgözəlovu, Yaqub Məmmədovu tanımırsa, belələrini barsız ağaca bənzətməyib neyləsəyən?!
Bu yaxınlarda istedadlı qələm sahibi, şair Vaqif Yaquboğlu ilə bu mövzuda xeyli söhbətimiz oldu və Vaqif müəllim dünyadan xəbərsiz insanlara yalnız indi deyil, illər öncəsi də rast gəlindiyini yada saldı.
-Ötən əsrin 80-ci illərinin əvvəlləri idi. İncəsənət İnistitutunda oxuyurdum. Tarixdən semestr imtahanı vaxtı qrup yoldaşlarımdan biri heç bir suala düz-əməlli cavab verə bilmirdi. İnsafən babat səsi vardı, muğamat və xalq mahnılarını da yaxşı oxuyurdu. Opera və Balet Teatrı ilə əməkdaşlıq edən xanımı rəhmətlik Lütfiyar İmanov tapşırdığından mütləq ona yaxşı qiymət yazmalı idilər. Bu fikir açıq-aşkar ortada idi və xanıma ən sadə suallar verirdilər ki, çulunu sudan çıxarsın. Çox təəssüf ki, o, sadə sualların heç birini cavablandıra bilmirdi. Nəhayət müəllimlərdən biri soruşdu ki, qızım, bilmirsən Leonid İliç Brejnev kimdir? Qız şəstlə ucadan səsləndi ki, bəs Brejnev yoldaş SSRİ-nin direktorudur.
Təsəvvür edirsinizmi ki, auditoriyada hansı ab-hava yarandı. Xanım isə bunun fərqində deyildi və “yaxşı” qiymətlə otağı tərk etdi. İllər keçdi həmin xanım, yaxşı ad-san qazandı, ödüllər aldı, opera tamaşalarında əsas rollarda çıxış etdi. Amma bilmirəm, səhv etdiyi üçün utanmaq demirəm, heç olmasa təəssüf hissi keçirdi ya yox...
Mən nə deyə bilərəm, Vaqif müəllim. Çox istərdim ki, sənin tələbə yoldaşının səhvini heç kim heç zaman təkrar etməyəydi - Sovet dönəmində də, müasir dövrümüzdə də. Kimliyindən, sosial vəziyyətindən, tutduğu vəzifədən, qazandığı şan-şöhrətdən asılı olmayaraq heç bir soydaşımıza arzulamıram ki, özlərini “korifey” adlandıra-adlandıra milli mədəniyyətimizin, söz-sənət dünyamızın nəhəng simalarını dəyişik salsınlar, onların ömürlüyünə, tale yoluna nabələd olsunlar. Qaldı ki, Brejnevin vəzifəsinin Baş katiblikdən direktorluğa endirilməsinə , bunu da orijinal bir lətifə kimi yadımızda saxlayarıq.