Azərbaycanın sabiq deputatı, akademik Əfrand Daşdəmirov vəfat edib. Modern.az saytı xəbər verir ki, 73 yaşlı Daşdəmirov aprelin 7-də dünyasını dəyişib.
Əfrand Firudin oğlu Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib. O, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində rəhbər vəzifələr tutub, keçmiş Bakı Ali Partiya Məktəbində kafedra müdiri işləyib.
Ə.Daşdəmirov müxtəlif illərdə Bakıda, Moskvada, Orta Asiyanın, Baltikyanı və digər xarici ölkələri şəhərlərində nəşr olunmuş elmi-tədqiqat xarakteri daşıyan çoxsaylı məqalə və kitabları var.
O, Rusiya Federasiyasının Millətlər Nazirliyində şöbə müdiri işləyib, RF prezidenti yanında Rusiya Dövlət Xidməti Akademiyasının Rusiya xarici siyasəti kafedrasında professorluq fəaliyyəti göstərib, Ümumrusiya Azərbaycan Konqresinin vitse-spikeri, daha sonra “Ümumrusiya konqresi” Ümumrusiya qəzetinin baş redaktoru olub.
Fəaliyyəti ərzində Ə.Daşdəmirov AMEA-nın müxbir üzvü [1983] və həqiqi üzvü, eləcə də Rusiya Federasiyasının Pedaqoji və Sosial elmlər Akademiyasının həqiqi üzvü (akademiki, 1998), dəfələrlə Azərbaycan SSR-ın Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyasının MK-nin üzvü seçilib, MK-nin təbliğat və təşviqat üzrə şöbəsinin müdiri vəzifəsini tutub.
Respublika siyasəti sahəsində fəal iştirakına görə dəfələrlə orden və medallar ilə təltif edilmişdi.
Modern.az