Modern.az

Sabir Rüstəmxanlıdan ETİRAZ: “Danışırsansa, adam balası kimi danış”

Sabir Rüstəmxanlıdan ETİRAZ: “Danışırsansa, adam balası kimi danış”

8 Aprel 2015, 14:12

“Dil birinci növbədə insanların ad və soyadından başlayır. 1992-ci ildə soyadların dəyişilməsi barəsində qərar verildi. Əgər insanlarda milli şüur, o hislər güclü olsaydı, onda gərək bu gün “ov”, “yev” sonluqlu soyadlar Azərbaycanda qalmamalı idi. Amma indi baxın, hətta  birinci sinfə gedən uşaqların da soyadında belə “ov”, “yev” sonluqları var. Halbuki, bu normal deyil. Bu,  dəyişilməlidir”.

Bu sözləri Modern.az saytına açıqlamasında deputat, xalq şairi Sabir Rüstəmxanlı dilimizdəki problemlərlə bağlı bildirib.
“Ziyalılar gənclərə dili sevdirməkdən ötrü hansı vasitələrdən istifadə etməlidir” sualına cavab verərkən xalq şairi bir neçə vacib məqamı qabardıb. Onun fikrincə, əsas diqqət televiziyalara verilməlidir. Çünki televiziyaya çıxan bir qrup məşhur şəxs dil xətaları ilə gənclərə mənfi örnək olur:

“İnsanların çoxu bilgisizlikdən öz ana dilində danışsalar belə,  çoxlu qüsurlar olur. Müğənnilər, sənət adamları televiziyalarda sanki bu dilə öz sözlərini artırmaq istəyirlər. Bilmirəm, müasir, intelligent olduqlarını, çox bildiklərini, yaxud şəhər uşağı olduqlarını - nəyi sübut etmək istəyirlər?! Əslində eybəcər bir vəziyyət yaranır. Bunun qarşısı alınmalıdır. Televiziya bu millətin üzüdür. Ona  hər yerdə baxırlar. Deməzlər ki, ay bala, bu nədir danışırlar?  Rus dilində danışırsansa, danış, amma adam balası kimi danış. Yaxud rusca danışmırsan, öz ana dilində danış. Analarımız, uşaqlarımız uşaqlarına ana dilini öyrətməlidirlər, sevdirməlidirlər. Amma bunu etmirlər. Özləri nə cür eybəcər danışırlarsa, uşaqlara da o cür öyrədirlər”.

Sabir Rüstəmxanlı dili sevdirən və inkişaf etdirən  başqa bir vasitə - bədii mətnlərin də bu gün o işi yetərincə görə bilmədiyini qeyd edir:

“Dilin inkişafı o dildə yeni bədii əsərlərin yaranmasından çox asılıdır. Bədii dil ümumi danışıq dili və ədəbi dili zənginləşdirən ən başlıca mənbədir. Orada da çox təəssüf ki, normal, gözəl sözlər əvəzinə nə qədər ictimaiyyətdə qəbul olunmayan biədəb sözlər var. Onları gətirənlər elə bilirlər ki, bununla zənginləşdirirlər. Bu tərbiyəsizlikdir.”

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır