Baş vermiş hər hansı mürəkkəb cinayət hadisələrinin üstünün açılması üçün bəzən özəl detektiv xidmətlərindən istifadə edilir.
Xəfiyyələrin məntiqi, hadisələri uzlaşdırma sahəsindəki heyrətamiz bacarığı, peşəkar cinayətkarların qurduğu labirintdən baş çıxarması haqqında xeyli sayda əsərlər yazılıb.Bu gün dünyada detektivlərin fəaliyyətindən yararlanan insanlar az deyil. Azərbaycanda isə hələlik bu mümkün deyil. Çünki detektivlərin fəaliyyətini tənzimləmək üçün ayrıca bir qanun yoxdur. Bir neçə dəfə özəl detektivlərin fəaliyyətini tənzimləyəcək qanunun qəbulu gündəmə gəlsə də, bu hələ reallaşmayıb.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda detektiv xidməti ilə bağlı qanunun qəbuluna ehtiyac yoxdur.
Ümumiyyətlə, Azərbaycanda detektiv xidmətinin əleyhinə olduğunu deyən deputat hesab edir ki, xəfiyyələrə şərait yaradılması mentalitetə bağlı insanların narazılığına səbəb olar.
“Bizim dəyərlər imkan vermir ki, detektiv xidmətlərindən istifadə edək. Ola bilər ki, avropalılar üçün hansısa bir faktın aşkarlanması adi bir hal olsun. Amma detektiv sayəsində bizdə belə bir şey olarsa, bu, qanla nəticələnə bilər. Bizdə vətəndaşlardan kiminsə hüququ pozulursa, hüquq-mühafizə orqanları bunu araşdıra bilər. Detektivlərin hamısı özəl həyata müdaxilə edirlər. Bizdə bu alınmaz. Çünki əksər adam mentalitetə, İslam dəyərlərinə bağlıdır ”.
Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan qanunvericiliyində özəl həyata müdaxilə etmək qadağandır:
“Ona görə də hesab edirəm ki, detektivlərin fəaliyyəti haqqında qanunun qəbulu Azərbaycan üçün yad olan bir şeydir”.
Aqşin Kərimov