Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun işin üzrə hazırlıq iclası keçirilib.
Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Fərəc Kərimov da iştirak edib: “Prosesdə hal şahidləri dindirildi. Təqsirləndirilən şəxsin ifadə verməsi üçün proses aprelin 15-nə qədər təxirə salındı”.
Fərəc Kərimov iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Onun iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır. Fərəc Kərimov Bakı İstintaq Təcridxanasında saxlanır.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin Müsavat Partiyasının üzvü Sirac Kərimliyə çıxardığı hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilib.
Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Sirac Kərimliyə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, şikayət bu həftə təqdim olunub: “Apelyasiya Məhkəməsindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə verilməsinin tanınması), 5-ci (müvafiq hüququn pozulması, qanunsuz həbsdə saxlanma), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 14-cü (siyasi baxışlara görə ayrı-seçkiliyin qoyulması) maddələrinin pozuntusunun tanınmasını xahiş etdik. Şikayət ərizəsində hökm ziddiyyətli sübutlarla çıxarılmasın və məhkəmənin nəyə görə o sübutlara üstünlük verdiyini, digər sübutların rədd olunmasın bildirdik. Məhkəmədən Sirac Kərimlinin həbsinin əsassız sayılması və bəraətverici əsaslarla işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişəm”.
Sirac Kərimli iyulun 17-dən həbsdədir, narkotik ittihamı ilə tutulub. Onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunub.
Yeganə OQTAYQIZI