“Hər dəfə vətəndaşları qəbul edərkən qəribə bir xahişlə rastlaşıram. Sayını itirmişəm, hər halda 50-ni ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar. Deyirəm müraciət edin, yəqin ki, verilişə alarlar. Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim var. Deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək”.
Modern.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. Millət vəkili əhalinin bir qisminin televiziyaların qabağında növbəyə durmasından təssüfləndiyini vurğulayıb.
“Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki, "insanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar". Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür”.
Modern.az