Modern.az

2014-cü ildə əsgər ölümünü gizlədən Ermənistan 2015-ci ildə niyə dəyişdi - TƏHLİL

2014-cü ildə əsgər ölümünü gizlədən Ermənistan 2015-ci ildə niyə dəyişdi - TƏHLİL

10 Aprel 2015, 07:50

2015-ci ilin yanvar ayından etibarən Ermənistan silahlı bölmələri cəbhə istiqamətində çox sayda hərbçiləri məhv edilir. Ermənistan mətbuatı demək olar ki, hər gün əsgər ölümü ilə bağlı müxtəlif informasiyaları dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Bundan fəqli olaraq, 2014-cü ilin iyul-avqust ayında qoşunların təmas xəttində yaranan gərginlik zamanı Ermənistan itkilərinin sayını gizlədir və bu barədə erməni ictimaiyyətinə məlumat verilmirdi.

Həmin vaxt Azərbaycan ordusunun da itkisi oldu. Ancaq Ermənistan tərəfi Azərbaycandan çox sayda itki versə də, bunu məharətli gizlətməyi bacardı. 

Bunun bir neçə səbəbi var idi. Birincisi, 2014-cü ildə Ermənistan rəhbərliyi yaxşı başa düşürdü ki, ordudakı hərbçilərin Azərbaycan tərəfindən məhv edilməsi haqqında məlumatlar yayılsa, bu faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Yerevan hakimiyyətinin biabırçılığı olacaq. Eyni zamanda işğalı edilmış Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər qaçacaqlar.

İkincisi isə cəbhədə qanlı insident olmamışdan bir müddət öncə soydaşlarımız Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal altındakı torpaqlarına getməsi amilini də Ermənistan nəzərdən qaçırmamışdı. Azərbaycanlıların Kəlbəcərdə erməni hərbçiləri tərəfindən girov götürülməsindən sonra (Həsən Həsənov öldürülmüşdü –red) Ermənistan müdafiə naziri Seyran Ohanyan döyüş postlarında boşluqların olması ilə bağlı narahatlığını aşkar şəkildə bəyan etdi. Seyran Ohanyanın Kəlbəcərə gedən bütün yolların minalanması ilə bağlı açıqlaması məhz bu qəbildəndir.


Əslində isə bu, Ermənistan hakimiyyətinin adi Azərbaycan vətəndaşlarından qorxduğunun bariz nümunəsi idi. Məcburi köçkünlərin öz dədə-baba qəbirlərini ziyarətə getməsi, bunun ardınca cəbhədə baş verən toqquşmalar fonunda erməni cəmiyyətində yaranmış ajiotajdan doğan ruh düşkünlüyünü kompensasiya etmək üçün Ermənistan hakimiyyəti təcili tədbirlər görməli idi.  

Yerevan çalışırdı ki, ən pis halda itkilərini qeyri-döyüş şəraitində baş vermiş hadisə kimi təqdim etsin. Çünki həmin zaman Ermənistana özünün qəhrəman obrazını yaratmaq zəruri idi ki, erməni ictimaiyyətinin gözündə yüksəlsin. İndi isə, qondarma erməni soyqırımının 100 illik tədbiri ərəfəsində Ermənistanın informasiya strategiyası 180 dərəcə dəyişiklik müşahidə edilir.

Təbii ki, bu, başa düşüləndir, çünki Ermənistan “soyqırımı” naləsini dünyaya çatdırmaq üçün özünün məzlum surətini ortaya qoymalıdır.  

Məhz bu səbəbdəndir ki, Ermənistanda cəbhə xəttində ordusunun qeyri-döyüş şəraitində həlak olan hərbçilərinə görə də Azərbaycanı ittiham edir. Düzdür, Azərbaycan bu ilin ilk aylarından bəri bir Ermənistan kəşfiyyat-diversiya hərəkətlərinin qarşısını alarkən, ərazilərimizə daxil olmağa çalışan bir neçə erməni hərbçini məhv etməsi təbii qarşılanmalı normal hərəkətdir.

Ermənistan tərəfinin isə az qala bütün itkilərinin məsuliyyətini Azərbaycanın boynuna atması yalnız bir məqsədə xidmət edir: 24 aprelə qədər maksimum dərəcədə özü haqqında “yazıq, fağır imitasiyası yaratmaq və Azərbaycanın dünya ictimaiyyətinin gözündə “qəddar” təsəvvürünü formalaşdırmaq.


Lakin ermənilərin azərbaycanlılara etdikləri vəhşilikləri beynəlxalq aləm də yaxşı dərk edir. Buna görə də, Ermənistanın 24 aprel ərəfəsində ordusu ilə əlaqədar apardığı informasiya siyasəti öz nəticəsini verməyəcək.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir