Modern.az

Ernest Heminquey: roman, povest hekayə müəllifliyindən Nobel mükafatına

Ernest Heminquey: roman, povest hekayə müəllifliyindən Nobel mükafatına

Ədəbi̇yyat

13 Aprel 2015, 11:55

filologiya üzrə elmlər doktoru, professor

Ernest Miller Heminquey 1899-cu ilin 21 iyulunda Çikaqo yaxınlığındakı Ouk – Park şəhərciyində doğulmuşdur. Onun anası opera müğənnisi, atası isə həkim olmuşdur. Ailədə altı uşağın böyüyü Ernestin təbiətə böyük marağı və həvəsi vardı. Ona görə də o, kiçik yaşlarından təbiətdəki bütün ağacları, gülləri, heyvanları tanıyırdı və adlarını bilirdi. Ernest kiçik yaşlarından sərrast güllə atmağı da öyrənmişdi. Hətta balıq ovuna da marağı böyük idi. O, ovçuluq qabiliyyəti sayəsində bəzən gün ərzində 400 dovşan, 2 minə yaxın balıq ovlaya bilibdir. O, balıqçılığı özü üçün əyləncə hesab edibdir. Onun fikrincə, “Əgər heyvan öldürmək istəyin yoxdursa, onu yemək haqqın da yoxdur”. Bir dəfə balıq ovu zamanı qarmaqla üzünü yaraladığına görə atası onun yarasını tikməli olur. Həm də bununla bir növ Ernesti ağrıya, əzaba dözməyə hazırlayır. Belə ki, balaca Ernestin üzünü qarmaq yaraladığı üçün ağlayır. Atası isə onun üstünə qışqırır ki, ağlama. Ernest isə deyir ki, üzünün yarası onu ağrıdır. Atası deyir: 

- Nə olsun ki, ağrıdır, sən ağlama.

- Bəs nə edim?

- Fit çal, oğlum. Ağrıdan göz yaşlarını saxlaya bilməyəndə fit çalmağa başla və ağrı yox olacaq, başa düşdün?

Bu sözlər Ernestin yaddaşına ömürlük həkk olunur. Onun düşüncəsində və yaddaşında həmişə belə qalır: kişilər ağlamırlar, kişilər yalnız məyus olurlar.

Ernest Heminquey bir neçə dəfə özünü intihar etmək istəmişdir. Verdiyi müsahibələrin birində deyirdi: “Əsl kişi yataqda ölə bilməz. O ya həlak olmalıdır, ya da güllə ilə alnına atəş açmalıdır”. 1961-ci ilin iki iyulunda o, ov silahı ilə öz alnına atəş açır. Bununla da həyatla vidalaşır.

***

Ədəbiyyat üzrə Nobel mükafatçısı Amerika ədəbiyyatının şöhrətini bütün dünyaya yayan Ernest Heminquey “Qadınlarsız kişilər” (1927), “Əlvida, silah” (1929), “Kilimancaro qarları” (1938), “Əcəl zəngi” (1940), “Qoca və dəniz” (1952), “Afrikanın yaşıl təpələri”, “Fırtınadan sonra”, “Qorxulu yay fəsli”, “Məğlubedilməz”, “Qatillər”, “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” və s. əsərlərinə görə dünya ədəbiyyatında əbədi yaşayacaqdır. Ernest Heminqueyin həyatı və yaradıcılığı dəfələrlə yüksəliş və tənəzzül dövrünü yaşayıbdır. Məsələn, onun həyatında dəfələrlə təhlükə, ölümlə üzləşməsi, könüllü olaraq Birinci Dünya müharibəsinə  yollanması, Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etməsi, ayağından yaralanması, igidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olması, müharibə ilə bağlı bir sıra hadisələri, personajları öz gözü ilə görüb yazdığı əsərlərə gətirməsi bir daha təsdiq edir ki, o, təhlükəli, ziddiyyətli bir həyat yaşamışdır. Onun həyat tərzindəki qəribəliklər, qeyri-adiliklər yaradıcılığında da görünür, müşahidə olunur. 1929-cu ildə yazdığı “Əlvida, silah”  romanında gözü ilə gördüyü hadisələri, müşahidə etdiyi hadisələri yazmışdır. Bu, onun ən yaxşı əsəri kimi ədəbi yaradıcılığının yüksəlişini, yüksəliş mərhələsini təşkil edir. Ancaq bu əsərdən sonra onun yaradıcılığında tənəzzül dövrü başlamışdır. 1930-cu illərdə onun yaradıcılığı tənəzzül dövrünü yaşayan yaradıcılıq kimi xarakterizə olunur. Ernest Heminqueyin yaradıcılığında belə yüksəliş və tənəzzül mərhələləri dəfələrlə olmuşdur.

O, 1927-ci ildə çap etdirdiyi “Kişilərsiz qadınlar” (bəzən bu əsərin adı “Qadınlarsız kişilər” kimi də verilir) kitabında toplanmış hekayələrindən xeyli qonorar alır. Bu hekayələr toplusundan ibarət olan kitabını atasına göndərir və fikirləşir ki, atası onunla fəxr edəcəkdir. Ancaq belə olmur. Atası bərk əsəbiləşir. O vaxtdan oğlunu danışdırmır. Kitabları isə geri qaytarır. Ona görə ki, personajların vulqar dili, baş qəhrəmanın qoneraya xəstəliyindən əziyyət çəkməsi Heminqueyin atasını əsəbiləşdirir. Atası oğluna belə bir məktub yazır: “Mən ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəstəliklərini yalnız həkimin kabinetində açıqlaya bilmək ağlında olmağına kifayət edib. Görünür, yanılmışam”.

Ernest Heminquey “Əcəl zəngi” romanını Con Donnun bu sözləri ilə başlayır: “Dünyada elə bir insan yoxdur ki, Ada kimi tək-tənha dayanıb dursun: hər insan Qitənin bir hissəsi, Qurunun bir parçasıdır; Dalğalar sahildəki qayanı yuyub aparsa – Avropa bir qaya qədərində kiçilər, Tufan sənin, ya dostunun evini yerlə yeksan eləsə - dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən”.

Ernest Heminqueyin “Əcəl zəngi” əsəri XVII əsr ingilis şairi Con Donun yuxarıda qeyd olunan şeiri ilə başlayır, daha doğrusu, həmin şeir roman üçün epiqraf seçilir.

Ernest Heminquey “Əcəl zəngi” romanında “Məğlubiyyətə uğramış məğlubedilməz insan” obrazının – Robert Cordanın simasında həm də öz qələmini süngüyə çevirmişdir. O, qələmini faşizmə qarşı süngüyə çevirmişdi. Ona görə də ustalıqla qeyd edirdi: “Yalnız bir siyasi sistem var ki, heç vaxt yaxşı yazıçı yetirə bilməz, bu – faşizmdir. Faşizm – yalan deməkdir, buna görə də o, əbədi qısırlığa məhkumdur. Keçmişə gömüləndən sonra onun qanlı qəlblər tarixindən başqa, heç bir tarixi olmayacaqdır”. Ernest Heminquey insanı məğlubedilməz sayır. Hətta “Qoca və dəniz” povestindəki qoca balıqçı Santyaqonun simasında, onun həyat eşqini qoruyub saxlayan simasında “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür” qənaətinə gəlir. Onun bu qənaətini müasiri, həmyerlisi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folkner də Nobel kürsüsündən bütün dünyaya bəyan etmişdi: “Mən insanın ölümü fikrini rədd edir, buna inanmıram; insan nəinki duruş gətirəcək, mən qəti əminəm ki, o – qalib gələcək”.

Ernest Heminquey “Qoca və dəniz” əsəri barədə jurnalistlərə qısaca olaraq bunu söyləmişdir: “Mən əsl qocanı və əsl uşağı, əsl dənizi, əsl balığı və əsl akulaları göstərmək, onların necə olduğunu vermək istəmişəm. Hərgah bunu kifayət qədər yaxşı və düzgün göstərməyə nail olmuşamsa, onda onları müxtəlif cür yozmaq da mümkündür”. Təsadüfi deyil ki, Folkner Ernest Heminqueyin “Qoca və dəniz” əsərini yüksək qiymətləndirmişdir: “Bu əsər Heminqueyin ən yaxşı əsəridir, çünki bu əsərdə Heminquey əvvəllər tapa bilmədiyi Allahı tapıb. Buna qədər onun qəhrəmanları vakuumda hərəkət edirdilər, onların keçmişi yox idi, lakin qəfildən – “Qoca və dəniz”də Heminquey Allahı tapdı. Orada nəhəng balıq var; Allah bu nəhəng balığı yaradıb ki, onu ovlasınlar. Allah qocanı da yaradıb ki, bu nəhəng balığı tutsun. Allah bu balığı yeməli olan akulanı da yaradıb və Allah onların hamısını eyni məhəbbətlə sevir”. Deməli, Ernest Heminqueyin qənaəti belədir ki, hər şeyi Allah yaradıb və Allah yaratdıqlarının hər birini eyni məhəbbətlə sevir.

Ernest Heminqueyin “Qoca və dəniz” povesti onun Nobel mükafatına layiq namizəd kimi seçilməsində ciddi rol oynayıb və həm də bu mükafatı almaq üçün stimullaşdırıcı povest olub. O, “Qoca və dəniz” povestində təhkiyə ustalığını nümayiş etdirməyi bacarıb. Odur ki, Ernest Heminquey Nobel mükafatına “Qoca və dəniz” povestində nümayiş etdirdiyi təhkiyə ustalığına, həm də müasir nəsrə göstərdiyi təsirə görə layiq görülmüşdür.

Bədii əsərlərdə bədii təsvir və ifadə vasitələri güclü olmalıdır. Belə olmasa, bədii əsər quru və solğun olar. Bir sözlə, bədii əsərlərdə bədii təsvir yerində olmalıdır. Bu mənada “Qoca və dəniz” povestində (hətta tərcümədə) bədii təsvir və ifadə vasitələri güclü olan bədii detallar var. Məs.: Dənizdən ağır, nataraz balıqları dartıb çıxarmaqdan kəndir əllərini kəsib çat-çat, yarıq-yarıq etmişdi. Bu yarıqların heç biri təzə deyildi; onlar susuz səhralardakı köhnə çatlara oxşayırdı.

Gözlərindən başqa, onun hər şeyi köhnəlib qartımışdı, təkcə dəniz kimi mavi gözləri gənclik ehtirasından alışıb-yanırdı; bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi”. (Qoca və dəniz. – Ernest Heminquey. Seçilmiş əsərləri. “Şərq-Qərb” Bakı, 2010, s.574)

İnsan bəzən özündə olan müsbət keyfiyyətləri saxlamaqla yanaşı, başqalarında olan müsbət cəhətləri də özünə arzulayır. Məsələn, Heminqueyin “Qoca və dəniz” povestindəki qoca kimi: “Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca özündən soruşdu, - yəqin, necə nəhəng olduğunu mənə göstərmək istəyirdi. Çox yaxşı, gördüm, niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən də necəliyimi ona göstərəm. Görəsən, qıc olan əlimi görsəydi, neylərdi? Kaş o, mənim barəmdə əslində olduğundan daha yaxşı düşünəydi, mən də onun arzuladığı kimi olmağa çalışardım. Elə mən özüm də belə bir nəhəng balıq olmaq istərdim: bir şərtlə ki, məndəki iradə, ayıqlıq, zəka da özümdə qalaydı, balıqdakı güc də məndə olaydı” (Qoca və dəniz. – Ernest Heminquey. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2010, s.612). Deməli, Ernest Heminquey insan üçün arzu etdiyini, insanın olmaq istədiyini və özündə görmək istədiyini ondan əsirgərmir. “Qoca və dəniz” povestində hər şeyin insan naminə olduğunu bədii bir formada təqdim edir.

Ernest Heminquey həm də dahiyanə hekayələr müəllifidir. Onun “Kilimancaro qarları”, “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi”, “Təmiz, işıqlı yerdə”, “Fırtınadan sonra”, “Hindu qəsəbəsi”, “Qoca kişi körpüdə” hekayələri ədəbi-bədii dəyərləri baxımından çox orijinaldır. Təsadüfi deyil ki, Markes “Fırtınadan sonra” hekayəsini hekayə janrının ən mükəmməl nümunəsi hesab etmiş və bu hekayə barədə belə demişdir: “İlk baxışda bəsit görünən hekayələrin gücü onların görünən tərəfində deyil, bütün bunların arxasında gizlənmiş görünməyən hissədədir, yəni qısa bir hekayə üçün lazım olan materialın həcmindədir; aysberq də elə budur – bütün əzəməti ilə gözümüzə görünən yaşıl buz parçası; halbuki bu nəhəng parça ümumi kütlənin səkkizdəbir hissəsidir, səkkizdən yeddisi isə suyun altındadır və hamısını da saxlayan odur...”

Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsində Harri obrazı, onun aiqbəti bir növ Heminqueyin öz aqibətidir. Ona görə də ömrünün son illərini ruh düşkünlüyü ilə yaşayan Heminquey barədə bəzən deyilir ki, onun aqibəti yaratdığı Harri obrazının aqibətidir.

“Kilimancaro qarları” hekayətində deyilir: “...Orada, irəlidə o, göz önünə pərdə çəkib bütün dünyanı görünməz edən, günəşin şəfəqləri altında bəyazlığı göz deşən ağlasığmaz dərəcədə parlaq, başı göylərə qalxıb dirənmiş kvadrat şəkilli nəhəng Kilimancaro zirvəsini gördü. Onda başa düşdü ki, bu yer elə onun üz tutub getdiyi həmin yerdir...” Harrinin də, Heminqueyin də üz tutub getdiyi yer elə həmin yerdir.

Ernest Heminqueyin 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı alması yazıçının sənətinə olan diqqət və ehtiram olmuşdur. Onun Nobel mükafatı ilə bağlı Nobel nitqi maraqlıdır. Yeri gəlmişkən qeyd edək ki, Heminquey səhhəti ilə bağlı olaraq Nobel nitqini oxumağı ABŞ-ın İsveçdəki səfiri Con Kebota tapşırmışdır. Nobel medalını isə Kubanın tarixi müqəddəs yerlərindən olan El Kobre kilsəsindəki Müqəddəs Karidada bağışlamışdır. 

Ernest Heminqueyin Nobel nitqi:

“İsveç Akademiyasının üzvləri, xanımlar və cənablar!

Nitq söyləmək ustası olmasam da, öyüd-nəsihət verməyi və natiqlik sənətini bacarmasam da, bu mükafata görə Alfred Nobelin səxavətli bəxşişini idarə edənlərə təşəkkürümü bildirmək istəyirəm.

Əvvəllər bu mükafatı necə böyük yazıçıların almadığını bilən hər bir yazıçı onu təvazökarlıq hissiylə qəbul edir. Həmin böyük yazıçıları sadalamağa ehtiyac yoxdur – burada olanların hər biri öz biliklərindən və öz vicdanından çıxış eləyib şəxsi siyahısını tərtib eləyə bilər.

Vətənimin səfirindən yazıçının bütün qəlbindəkiləri tökdüyü nitqini oxumaq üçün xahiş eləməyi mümkün saymıram. İnsanın yazdıqlarında ilk qavrayışda nəzərdən qaçan fikirlər ola bilər, bəzən də bu, yazıçının xeyrinə işləyir; amma gec-tez həmin fikirlər tamam açıq-aydın üzə çıxır. O fikirlərdən də, eyni zamanda, yazıçının qismətinə düşən istedaddan da onun adının əbədiyyətə qovuşacağı, yaxud unudulacağı asılıdır.

Ucalıqda olanda yazıçının həyatı tənhalıq içində keçir. Yazıçı təşkilatları onun tənhalığını bəzəyib-düzəyə bilər, amma çətin ki, işinin keyfiyyətini yaxşılaşdırsın. O, tənhalıqdan canını qurtarıb ictimai fiqur kimi ucalır, çox vaxt da bu, onun yaradıcılığına ziyan vurur. Çünki tək yazıb-yaradır, əgər kifayət qədər yaxşı yazıçıdırsa, onun işi, günlər keçdikcə irəlidə əbədiyyətin, yaxud boşluğun olduğunu görməkdir.

Əsl yazıçı üçün hər kitab başlanğıc, əlçatmaz bir şeyə yetməyə yeni cəhddir. O, həmişə hələ heç kəsin gerçəkləşdirmədiyinə, yaxud başqalarının gerçəkləşdirməyə səy göstərib, amma bacarmadıqlarına can atmalıdır. Bu zaman əgər bəxti çox gətirərsə, uğur qazana bilər.

Əgər bundan ötrü yalnız qələmə alınanlar, həm də yaxşı yazılanlar barədə yeni tərzdə yazmaq tələb edilsəydi, ədəbiyyat yaratmaq çox asan olardı. Məhz ona görə ki, əvvəllər çox böyük yazıçılar olublar, müasir yazıçılar çox uzağa, əlçatmazlıq hüdudundan o tərəfə, kimsədən yardım ala bilməyəcəyi yerə getməyə məcburdur.

Hə, budur, mən artıq həddən çox danışdım. Yazıçı adamlara söyləmək istədiyi hər şeyi danışmamalıdır. Bir daha təşəkkür edirəm”. (Ernest Heminquey. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2010, s.14-15)

Ernest Heminqueyin Nobel nitqindəki məqamlar bunlardır: hər bir Nobel mükafatçısı bilməlidir ki, bu mükafatı almayan böyük yazıçılar da vardır. Bundan başqa, ədəbiyyat üzrə Nobel mükafatını alanlar yaxşı bilir ki, bu ada layiq olan digər yazıçılar kimlərdir. Eyni zamanda yaradıcılıq tənhalıq içərisində keçən bir prosesdir. Ancaq yaxşı yazıçının işi irəlidə bir əbədiyyətin olduğunu təsdiq edir. Ernest Heminqueyə görə, əsl yazıçının bir kitabı yazmağa başlaması əlçatmaz bir işə cəhd etməsidir. Bu cəhddə onun bəxti gətirirsə, təbii ki, uğur qazana bilir. Onun fikrincə, ədəbiyyat yaratmaq asan deyildir. Ona görə ki, hər bir yazıçının yazdıqlarından çox-çox qabaq böyük yazıçılar ədəbiyyatı yaradıblar.

Ernest Heminqueyin Nobel nitqindəki bu məqamların hər biri yazıçılar üçün, eləcə də ədəbi mühit üçün gərəkli və dəyərli fikirlərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır