Modern.az

Putin xalqın iqtisadi durumundan danışdı: “Siz buna dözməli olacaqsınız”

Putin xalqın iqtisadi durumundan danışdı: “Siz buna dözməli olacaqsınız”

16 Aprel 2015, 15:44


Rusiya prezidenti Vladimir Putin 13-cü dəfə canlı efirdə sadə vətəndaşların suallarını cavablandırır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsas suallar beynəlxalq situasiya ilə deyil, Rusiyanın indiki iqtisadi çətinlikləri ilə bağlıdır.

Vladimir Putin 2014-cü ildə Ümum Daxili Məhsul istehsalının 0,8 faiz artdığını, ölkə tarixində ən böyük taxıl məhsuldarlığının (105 milyon ton) əldə olunduğunu, doğumun artmasını, neft hasilatının pik həddə çatmasını, istifadəyə verilən mənzil sahəsinin çoxluğunu və orta yaşayış həddinin artmasını xatırladıb.

Ukrayna böhranına qısaca toxunan Putin rəsmi Kiyevin “Minsk razılaşması”na riayət etmədiyini deyib.

Vətəndaşların gəlirlərinin azalması ilə bağlı suala cavab verən Putin vətəndaşların buna dözməli olduğunu deyib:

“Dözməli olacaqsınız, həm də bu il kənd təsərrüfatı məhsullarının istehsalı artacaq. Əmək haqlarının azalmasına gəldikdə, bu iqtisadi sanksiyalar olmadan belə qaçılmaz idi”.

Hökumətin neftin qiymətlərinin dünya bazarlarında bahalaşmasını gözlədiyin deyən vətəndaşa isə Vladimir Putin bunun qərəzli yanaşma olduğunu xatırladıb:

“Biz geniş tədbirlər həyata keçiririk. Sizi anlayıram, amma qiymətlər də hələ ki qorunub-saxlanılıb. Rubl da sabitləşib və dəyər əldə edir. Hökumətin heç nə etmədiyini demək, ən azı ədalətsizlikdir”.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin isə studiya efirindən Putinə tənqid dolu sual verir. Keçmiş nazir Putinin prezident kimi 3-cü səlahiyyət müddətində ilk dəfə iqtisadi geriləmə ilə üzləşdiyini və geriləməni əksinə çevirmək üçün iqtisadi planın olmamasını önə çəkib.

Ona cavab verən Rusiya prezidenti isə keçmiş dostu olan Kudrinə zarafatyana cavab verib: “Sizin mövqeyinizi yaxşı bilirəm, amma, axı siz də Rusiya-2020 layihəsinin müəlliflərindənsiniz. Əgər biz nəyisə nəzərə almamışıqsa, bu həm də sizin günahınız olacaq. Əsas ürəklə işləməkdir”.

Canlı bağlantı ilə Rusiyanın müxtəlif bölgələrindən Putinə sual verən sakinlər isə Rusiyanın Qərb ölkələrinə qarşı tətbiq etdiyi ərzaq embarqosunun effektiv olmadığını, xarici məhsulların “tanış”lar vasitəsilə Rusiya bazarına yol taparaq baha qiymətə satıldığını deyiblər.

Putin cavabında milli istehsalçıları dəstəkləyəcəyi ilə bağlı ənənəvi sözlərini deyib.

Hazırda davam edən canlı yayıma ümumilikdə, 2,5 milyon sualın ünvanlandığı bildirilir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?