Modern.az

Partiyalar büdcədən ayrılan pulun azlığından şikayətlənirlər: “Bəs eləmir” - SORĞU

Partiyalar büdcədən ayrılan pulun azlığından şikayətlənirlər: “Bəs eləmir” - SORĞU

Təhsil

16 Aprel 2015, 16:35

Artıq bir necə ildir dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait ayrılır.  

Görəsən, ayrılan vəsait partiyaları qane edirmi?

Modern.az saytı bu sualla parlamentdə təmsil olunan partiya nümayəndələrinə müraciət edib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: “Dövlətin bizə belə bir yardım etdiyi üçün minnətdarıq. Amma vəsait kifayət eləmir. Partiyanın işini daha yüksək səviyyədə qurmaq üçün daha çox vəsaitin ayrılmasına ehtiyac var”.

Ümid Partiyasının sədr müavini Ramin Hacılı: “Bir necə ildir siyasi partiyalara vəsait verilir. Bu vəsait nə partiyaları, nə də dövlətin özünü məmnun edəcək bir səviyyədə deyil. Hər şeyin düzəlməsi üçün zaman lazımdır. Milli Məclisdə təmsil olunan siyasi partiyalara təklif edərdim ki, onlara ayrılan vəsaitlərin istifadə olunma şərtləri dəyişdirilsin. Çünki şərtlərə görə bu vəsait daha çox fəaliyyətlərə xərclənməlidir. Fəaliyyət üçün ən əsas birinci tələb isə resursların mövcud olmasıdır. Əgər onlar olmasa fəaliyyət uğurlu alınmır. Xüsusən də ofisin və işçi heyətinin olması fəaliyyətə təsir edən faktlardır. Ona görə də vəsaitin ən azı 50 faizi bu, digər qismi isə başqa istiqamətlərdə xərclənməlidir”.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa: “Təbii ki, dövlətin ayırdığı vəsait bizi qane etmir. Hesab edirəm ki, daha geniş fəaliyyət üçün daha böyük məbləğdə maliyyə ayrılmalıdır. Amma yenə də dövlətin siyasi partiyalara maliyyə ayırması müsbət haldır. Partiyalar həmin vəsaitlə özünün mənzil-qərargahının və rayon təşkilatlarının saxlanmasında müəyyən problemləri həll edir. Daha çox vəsaitin ayrılması partiyaların seçki prosesində də daha aktiv iştirak etməsinə təminat verərdi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli: “Şübhəsiz ki, istənilən siyasi partiya öz imkanlarını genişləndirmək və təşkilatlanmaq üçün daha çox vəsaitin ayrılmasını arzulayır. Çünki partiyaların formalaşması üçün ayrılan maliyyə vəsaiti yetərli deyil. Amma dövlətin siyasi partiyalara maliyyə ayırmasının özü də çox önəmli bir faktdır. Biz bunu çox müsbət dəyərləndiririk”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli: “Ayrılan vəsait o qədər də böyük məbləğ deyil. Partiyanın bütün xərcləri o pulla təmin olunmur. Çünki partiyanın xərcləri daha çoxdur. Ayrılan pulla yalnız bəzi məsələlər həll olunur”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: “Partiyaya ayrılan vəsaitlə biz bəzi işlər görə bilirik. Təbii ki, ölkədə partiyaların dövlət tərəfindən maliyyələşməsi müsbət haldır. Amma bu vəsait çatmır. Biz nə rayon şöbələri ilə işləyə bilirik, nə də müəyyən tədbirlərdə iştirak edə bilirik. Ayrılan vəsait yalnız partiyanın kommunal xərclərinin ödənməsi, baş qərargahın və orda çalışanların saxlanmasına sərf olunur. Vəsait ayrılsa da, bu pulla çox işlər görmək mümkün deyil”.

Sevinc Yasinqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə