Modern.az

“Bu, atmosferin gərginləşməsinə xidmət edir”

“Bu, atmosferin gərginləşməsinə xidmət edir”

Təhsil

16 Aprel 2015, 22:39


“Avropa Parlamenti uydurma erməni soyqırımı ilə bağlı qətnaməni erməni lobbisinin təsiri ilə qəbul edib. Bu qətnamə regionda sülhə xidmət etmir, əksinə bölgədəki atmosferin gərginləşməsinə əsaslar verir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Avropa Parlamentinin qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

Deputat bildirib ki, sənəddə əksini tapan bəndlər Azərbaycanın da milli təhlükəsizliyinə aid olan məsələlərdir:

“Azərbaycan qardaş Türkiyə ilə bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi kimi, bu məsələdə də eyni fikirləri bölüşür. Bu sənəd hər ki dövlətin milli maraqlarına ziddir. Ümumiyyətlə, tarixə zidd olan, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır”.

Azərbaycanın Avropa İttifaqı ilə dialoqu və əməkdaşlığı hər zaman dəstəkləyəcəyini deyən Sevinc Fətəliyeva vurğulayıb ki, bu prosesdə bərəbərhüquqlu yanaşma öz əksini tapmalıdır və əməkdaşlıq qarşılıqlı olaraq səmimiyyət, obyektivlik üzərində qurulmalıdır.

Sevinc Fətəliyevanın fikrincə, son hadisə Avropa Parlamentinin nüfuzuna zərbə vurmaqla yanaşı, onun obyektivliyinə də ciddi şəkildə şübhələr yaradır. O bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti və digər qurumlarla dialoq reallıqlar əsasında davam etməlidir.

“Tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Bütövlükdə, təşkilatın hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir. Biz neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması üçün kampaniya aparırıq.

Bu soyqırımının ermənilər tərəfindən hansı vəhşiliklərlə törədildiyi haqda konkret faktlar, real sübutlar var. Əgər Avropa Parlamenti obyektiv təşkilatdırsa, bəs niyə onun Xocalı soyqırımı haqqında sənəd qəbul etməsini görmürük? Bu təşkilat uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməklə obyektivlikdən uzaq bir addım atdığını təsdiqlədi. Amma belə sənədlər tarixi həqiqətləri dəyişdirə bilməz”,- deyə o söyləyib.

Modern.az


 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə