Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Kəlbəcər rayonundan olan Tağıyevlər ailəsi 12 illik uzun və bahalı müalicə prosesindən sonra övlad sahibi olublar. Ailədə ikisi qız, biri oğlan olmaqla üçəm dünyaya gəlmişdi.
Körpələrin anası Pərvanə Tağıyeva Modern.az-a bildirib ki, qızlardan birinin vəziyyəti ağır olduğundan müalicə aldığı xəstəxanada ölüb. Lakin digər iki uşağın səhhəti normaldır:
“Uşaqların vəziyyəti yaxşıdır. Buna görə də həkim bizi evə yazdı, bir neçə gündür evdəyik. Uşaqlar yarımçıq doğulduğundan hər həftə həkim müayinəsindən keçirlər. Qidalanmaları, yatmaqları normaldır. Əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Pərvanə Tağıyeva doğuş sancıları vaxtından əvvəl, hamiləliyinin 7 ayında ikən başladığından müalicə aldığı Mərkəzi Klinikada qeysəriyyə əməliyyatı olunub. Uşaqlar yarımçıq doğulduğundan küveyz altında saxlanılıb. Modern.az saytının müraciətini nəzərə alan Səhiyyə Nazirliyi uşaqları K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürüb.
Modern.az saytı olaraq Səhiyyə Nazirliyinə, xüsusilə qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun kollektivinə dərin təşəkkürümüzü bildirirk.
Gülşən RAUFQIZI