Bir sıra Avropa ölkələrində küçələri qadınlar yox, yalnız kişilər süpürürlər. Qadınlar əllərinə süpürgəni yalnız xüsusi festivallar təşkil olunanda alırlar. Bu da maraqlı görüntülərə səhnə olur. Hətta bütün telekanallar bu səhnəni çəkmək üçün, adətən yarışa girirlər.
Ancaq Azərbaycanda vəziyyət belə deyil. Bu səhnə ilə ilin hər günü, fəslin hər vaxtı, hətta gecə gec saatlara qədər qarşılaşmaq mümkündür. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda bu festivala çevrilmir. Sanki belə olmalıdır. Nəzərə alaq ki, bu il Azərbaycanda I Avropa Oyunları keçiriləcək və Bakıya qadınların küçə təmizləməsinə festival kimi yanaşanlar da gələcək. Əslində necə olsa yaxşıdır?
Modern.az saytı mövzu ilə bağlı Milli Məclisin deputatları Elmira Axundova və Fazil Mustafanın fikirlərini öyrənib.
Elmira Axundova bildirib ki, Azərbaycanda kişilər küçə süpürmür: “Bir sıra Avropa ölkələrində səfərlərdə olmuşam. Xarici ölkələrdə küçə təmizləyənlərin əksəriyyəti kişilərdir. Ancaq Avropada da, Rusiyada da küçə təmizləyən kişilərlə yanaşı, qadınlara da rast gəlmək olur. Amma heç bir rus kişisi və ya rus qadını küçələri təmizləmir. Orda bu işi Asiyadan olan taciklər və başqa millətlər görür. Fransada da belədir, orada Asiya ölkələrindən olan qara dərili kişi və qadınlar küçələri təmizləyir. Fransada görməmişəm ki, avropalı xanımı və ya kişi küçə süpürsün. Orada bu işi mühacirlər edir.
Azərbaycanda miqrasiya qüvvəsi demək olar ki, yoxdur. Biz əmək bazarımızı özümüz tənzimləyirik. Ancaq bu, ağır iş deyil. Tozdur, yarpaqlardır və sair. Bildiyimə görə onlara yaxşı əməkhaqqı da verilir. Burada qəbahətli heç bir şey görmürəm. Avropalılar, başqaları bizə buna görə nə deyəcək, bilmirəm. Bizim öz adət-ənənələrimiz var. Əgər qadın öz xoşu ilə bu işlə məşğuldursa, bunun nəyi qəbahətlidir? Bilirik ki, aztəminatlı, kasıb ailələr bu işlə məşğuldur. Bir kişini götürüb o formada geyindirsək, bu, çox süni görünəcək. Bəlkə də bunu daha çox texniki qüvvələrin vasitəsi ilə edə bilərik.
Parisdə “Disneyland” parkına gündə yüz minlərlə insan gəlir. Hər on metrdən bir böyük, müasir zibil qutuları var və bu qutulara da polietilen paketlər yerləşdiriblər. Hər iki saatdan bir bu paketlər başqası ilə əvəz edilir.
Bununla əlaqədar dəfələrlə Milli Məclisdə çıxış etmişəm. Amma Bakı şəhərində zibil qutuları çatışmır. Müvafiq qanunda yazılıb ki, əgər hər 50 metrdən bir zibil qutuları qoyulmasa, müvafiq qurumlar məsuliyyət daşıyır. Bizdə qanun var, zibil qutuları yoxdur və heç kim də məsuliyyət daşımır. Zibil qutuları, ancaq bulvar ərazisində var. Bakını gəzsən, iki kilometrdən sonra bir dənə köhnə zibil qutusu tapırsan. Əsas problem budur. Qüvvə yoxdur, təcili zibil qutuları qoymaq lazımdır. I Avropa Oyunları zamanı Bakıya xarici azarkeş çox gələcək. Bəlkə bu oyunlar bizi vadar elədi ki, zibil qutularının sayını artıraq. Qanun var, icrası yoxdur, riayət edilmir. Qanunda küçəyə atılan zibilə görə həm vətəndaş, həm də qanunun icrasına əməl etməyən müvafiq qurumlar məsuliyyət daşıyır”.
Fazil Mustafa da qadınların küçə süpürməsini qəbahətli hesab etmir: “Fərq qoymaq doğru deyil. Kimin ehtiyacı varsa, bunu etməlidir. Görünür, küçə süpürmək başqa işlərdən bir qədər daha yüngül xarakterli iş hesab olunduğundan, burda qadınlar daha çox olur. Bilmirəm, bunu dəyişmək nə dərəcədə effektli olar. Əgər qadınlar bu funksiyanı normal yerinə yetirirlərsə və başqa yerdə iş imkanı olmayan insanlar bu işlə məşğuldurlarsa, burda qəbahət yoxdur. Bunu xüsusi irad kimi Azərbaycana bildirə bilməzlər. Belə olması bir narahatlıq doğurmur.
Ola bilər ki, başqa ölkələrdə qadının küçə təmizləməsi bir az fərqli qarşılansın. Amma məncə, bu, qadının hüququnun pozulması demək deyil. Küçə təmizləməkdə məhdudiyyət qoyulmur. Sadəcə, kişilər buna getmirlrsə, bu, başqa məsələdir. Amma bütövlükdə belə bir məhdudiyyət yoxdur”.
Yeganə OQTAYQIZI