Modern.az

“Şeyx qadına dedi ki, sən şeytana xidmət etmisən” - AÇIQLAMA

“Şeyx qadına dedi ki, sən şeytana xidmət etmisən” - AÇIQLAMA

Təhsil

17 Aprel 2015, 16:08


"Yas mərasimlərində ehsan verilmə prosesi dayanmayıb. Sadəcə Azərbaycan xalqı borca düşüb ehsan verməyi çox sevir" 

  “Qafqazinfo” xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı media rəhbərləri ilə görüşü zamanı yas mərasimlərində ehsan verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən səsləndirib. 

O qeyd edib ki, medianın bu məsələyə yanaşması zəifdir:

“Bizim irəli sürdüyümüz tövsiyələr nəticə verir.  Artıq əksər rayonlarda yas mərasimi üçlə bitir. Bir çox yerlərdə yas mərasimlərində yemək verilmir, çay  süfrəsi ilə tamamlanır. Dövlət bunu zorla etmir, etmək də iddiasında deyil  Bu milli adət- ənənəyə aid məsələdir”. 

Onun sözlərinə görə, bu prosesin qarşısını almaq üçün nümunələr çoxalmalıdır: “Çox vaxt vəzifəli şəxsləri nümunə gətirirlər. Amma bu yaxınlarda Bakıda iki vəzifəli şəxsin ailəsində ehsan çay süfrəsi ilə verildi.  

Biz Azərbaycan xalqında yeməyin ehsan olması anlayışını aradan qaldırmalıyıq. Burada din amili də rol yanayır. Eyni zamanda  tarixi keçmişizlə bağlı məsələ də burada əksini tapır. Bu yaxınlarda şeyxlə görüşümüz oldu. Bir qadın  Şeyxə (QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə)  yaxınlaşıb bildirdi ki, borca düşüb.  

Məlum oldu ki, buna səbəb ərinə ehsan verməsidir. Şeyx isə dedi ki, sən ehsan verməmisən, şeytana xidmət etmisən. Bu xalq borca düşüb ehsan verir”. Təzəpir məscidində dəbdəbəli ehsan süfrələrinin təşkil edilməsi məsələsinə gəlincə isə Komitə sədri vurğulayıb ki, bununla bağlı məscidlə danışıb: 

“Onlar deyirlər ki, biz mərasim sahiblərinə deyirk ki, bizdə ehsanlar çay süfrəsi ilə olur. Amma ev sahibi israrla deyir ki,  mənim adamlarım gələcək, ona görə də  heç olmasa bir yemək olsun. O zaman biz məcbur oluruq ki, buna imkan verilsin.  Bir sözlə, ölkədə bu kampaniya dayanmayıb, davam etməkdədir”.

Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə