Modern.az

Komitə sədrindən MESAJ: "Qadın məclislərində xurafat çoxdur”

Komitə sədrindən MESAJ: "Qadın məclislərində xurafat çoxdur”

Təhsil

17 Aprel 2015, 16:17


Bu gün Mətbuat Şurasının təşəbbüsü, şura və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sualları da cavablandırıb.

M. Qurbanlı hər məsciddə bir-iki nəfəri ətrafına yığan insanları mətbuatda dini lider kimi təqdim edilməsinin yolverilməz olduğunu deyib. O, Dövlət Komitəsinin yay aylarında jurnalistlər üçün Qubada 3 günlük seminar-treninq təşkil edəcəyini də açıqlayıb.   M. Qurbanlı yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı Dövlət Komitəsi tərəfindən bir müddət əvvəl aparılmış maarifləndirici təbliğatın nəticələri və son dövrlər bu sahədə təbliğatın dayanmasının müşahidə olunmasına da münasibət bildirib: “Bu sahədə təbliğat dayanmayıb, sadəcə, medianın bu sahəyə marağı azalıb. Təbliğatın nəticəsi də oldu. Azərbaycanın bir çox bölgəsində yas mərasimi artıq 3-lə bitir. Bir çox yerdə də yas mərasimlərində yalnız çay süfrəsi açılır”.

Vəzifəli şəxslərin nümunə göstərməsi məsələsinə toxunan M. Qurbanlı ötən dövrdə iki yüksək vəzifəli şəxsin yaxınlarının yas mərasimində nümunə göstərdiyini bildirib: “Bu işdə ən yaxşı yol nümunə yaratmaqdır. Biz ehsan məsələsini yavaş-yavaş azaltmalıyıq. Ərəb ölkələrində, Türkiyədə, İranda yas mərasimində ehsan yoxdur. Biz indi cəmiyyəti buna inandırmalıyıq.

Qafqaz Müsəlmanları İdarəsi də bununla bağlı fətva verib. Biz maarifləndirmə ilə məşğul olmağa davam etməliyik”. M. Qurbanlı QMİ-nin nəzarətində olan Təzəpir məscid-kompleksindəki mərasim zallarında ehsan verilməsi məsələsinə də toxunub: “Mən maraqlandım, dedilər ki, bu, yas sahibinin istəyindən asılıdır. Həmin mərasim zallarında hər kəsə çay süfrəsi ilə ehsan vermək təklif edilir. Amma mərasim sahibinin seçimi də nəzərə alınır".

Dövlət Komitəsinin sədri qadın din xadimlərin çatışmazlığı barədə də danışıb:

“Qafqaz İslam Universitetində qızlar oxuyurlar, ancaq qadın din xadimləri çox azdır. Yaslarda qadın məclislərində xurafat çoxdur. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi ilə də danışacağam”. Dövlət Komitəsinin sədri Azərbaycan üçün dini radikalizmin təhlükə törədə bilməyəcəyini vurğulayıb: “Əsas maliyyələşmə məsələsidir. Biz də həm maliyyə, həm bank sistemi vasitəsi ilə radikal cərəyanların mənbələrini sıradan çıxarırıq. Milli Təhlükəsizlik Nazirliyi də bu istiqamətdə fəaliyyət göstərir”.

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə