Modern.az

Mədəni soyqırımı və məhv edilən tarixi şedevrlər – FOTOLAR

Mədəni soyqırımı və məhv edilən tarixi şedevrlər – FOTOLAR

18 Aprel 2015, 10:05

Müasir dünyanın qarşısında duran qlobal məsələlərdən biri qədim tarixi olan maddi-mədəniyyət abidələrinin qorunmasını təşkil etməkdir.

İkinci Dünya Müharibəsindən sonra dünya birliyi abidələrin qorunmasının çox önəmli olduğunu anladı. Bu səbəbdən də ötən əsrin 70-ci illərində YUNESKO-nun tərkibində Ümumdünya Mədəniyyət və Təbiət İrsi Komitəsini təsis etdi. 1972 və 1976-cı illərdə isə dünyanın müxtəlif guşələrinə səpələnən tarixi abidələrin qorunması ilə bağlı beynəlxalq konvensiya qəbul etdi. İllərin fəaliyyəti mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq sisteminin formalaşmasına səbəb oldu.

Bəşəriyyətin inkişafını və zəkasını göstərən tarixi abidələr YUNESKO tərəfindən qorunsa və təmir edilsə də, qeyri-sabit siyasi mühit və kataklizmlər bəzi abidələrin əbədi məhvinə səbəb oldu. Son illərdə İraqın şimalında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının həyata keçirdiyi “mənədi soyqırımı” buna nümunədir.

Dini fanatiklər 5 min ildir açıq səma altında yerləşən və antik dövrlərdə Yaxın Şərqin ən nüfuzlu dövləti olan Assuriya imperiyasının keçmiş qüdrətini sərgiləyən Nimrud və Xatra şəhərlərini “bütpərəstlik” qalığı bəhanəsilə yerlə bir etdilər. Evlər, heykəllər, sərdabələr və digər əvəzsiz arxeoloji incilər əbədi olaraq dünya mədəniyyət xəzinəsini tərk etdilər. BMT-nın baş katibi Pan Gi Mun, YUNESKO-nun sədri İrina Bokova, İraqın Mədəniyyət Nazirliyi və dünya elm dairələrinin narahatlığına baxmayaraq, bu “mədəni soyqırım”nın və vandalizmin qarşısını almaq heç cür mümkün olmadı.

Tarixi abidələrin qorunması sahəsində effektiv əməkdaşlığın olmaması və dünya liderlərinin laqeydliyi XXI əsrdə də mədəni abidələrin qorunmasında boşluqların olduğunu ortaya qoydu. Qanlı müharibə və inqilabların sardığı Yaxın Şərq ölkələri daha böyük mədəni itkilər veiblər.

Modern.az əvvəlki illərdə mədəniyyət sahəsində insan laqeydliyinin və vandalizminin qurbanına çevrilən mədəni abidləri təqdim edir.  

 Troya (Türkiyə)  

 

XIX əsrdə Avropa alimləri Homerin ölümsüz “İliada” əsərində təsvir edilən Troya şəhərinin mövcudluğuna inanmırdılar. Bunun əksini sübut etmək üçün Osmanlı İmperiyasına səfər edən həvəskar alman arxeoloqu Henrix Şliman qazıntılar üçün dinamitdən istifadə edərək Troyanın qalıqlarını torpağın dərinliklərində aşkar etmişdi. Amma dinamitin dağıdıcı gücü əfsanəvi şəhərin qalıqlarına dağıdıcı təsir göstərmişdi. 

Buddanın Bamian heykəlləri (Əfqanıstan)


Əfqanıstanın Bamian vadisində yerləşən və hündürlükləri 37 və 55 metr olan Budda heykəlləri ölkədə hakimiyyəti ələ alan Taliban hərəkatı tərəfindən məhv edilmişdi. Hərəkatın lideri Ömər Məhəmmədin göstərişi ilə 2001-ci il martın 9-da dünyanın ən böyük Budda heykəlləri  tank və top atəşindən sonra yerlə-yeksan edilib.


Babilin qalıqları (İraq)  


Britaniya muzeyinin məlumatına görə, 2003-cü ildə ABŞ İraqa hərbi müdaxilə edən zaman 2000 illik tarixə malik Babil şəhərinin 150 hektar sahədə yerləşən qalıqları məhv edilib. İraq ordusu ərazidəki tikililərdən müdafiə sədləri düzəltməkdə istifadə etdiyindən və Amerika aviasiyasının hava zərbələrinə görə qədim tarixi şəhər bəşəriyyət üçün itirilib.    

 

Timbuktu mavzoleyi (Mali)  


2012-ci ildə Malidə dövlət çevrilişi baş verdikdən sonra ölkədə vətəndaş müharibəsi baş qaldırır. “Əl Qaidə” ilə sıx əlaqədə olan “Ənsar əs din” qruplşamsı ümumi xaosdan istifadə edərək Malidə bütpərəstlik qalığı kimi baxdıqları tarixi abidələrin məhvinə başlayırlar. Nəticədə orta əsrlərin ən qüdrətli şəhəri Timbuktu da tarixi abidələri, o cümlədən 600 illik Sidi Mahmud mavzoleyini məhv edirlər.  

Mayya piramdiası (Beliz)  


2300 il əvvəl ucaldılan “Nox Mux” piramidası isə Beliz hakimiyyətinin laqeydliyinin qurbanı olur. Hündürlüyü 30 metrə çatan piramida yol tikintisi zamanı maneə törətdiyi üçün 2013-cü ilin mayında buldozerlə məhv edilib.      

Vüqar İsmayılov   

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi