Arxiv
18 Aprel 2015, 11:31 | MÜSAHİBƏ
“Nazir müavini təyin olunmağım haqda xəbəri Milli Məclisin zalında eşitdim” - MÜSAHİBƏ

“Azərbaycanda Rusiya Baş Kəşfiyyat İdarəsinin yüzlərlə əməkdaşı var idi”


AXC hakimiyyəti illərində (1992-1993) milli təhlükəsizlik nazirinin müavini olmuş, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Modern.az saytına müsahibə verib.

- 1989-cu ilin iyulunda təsis edilən Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin ilk üzvlərindən biri olmusunuz.  Maraqlıdır, ümumiyyətlə, milli- azadlıq hərəkatının başlanmasından qabaqkı dövrün siyasi mənzərəsində Sülhəddin Əkbərin yeri necə idi?

- SSRİ zamanı, Mixail Qorbaçov hakimiyyətə gəlməzdən öncə də Azərbaycanda ictimai-siyasi dərnəklər fəaliyyət göstərirdi. Bunların bəziləri mədəni, bəziləri ictimai, bəziləri isə siyasi xarakter daşıyırdı. O zaman Naxçıvanda məhkəmə-tibbi eksperti çalışırdım. Naxçıvanda da həmin gizli dərnəklər var idi. Elə oldu ki, həmin gizli dərnəklərdə fəaliyyət göstərənlərlə rastlaşdım və onlarla bir yerdə işləməyə başladım. Məni o insanlarla Sərdar Cəlaloğlu tanış etmişdi. Yenidənqurma başlayandan sonra fəaliyyətimiz daha da aktivləşdi. Əvvəlcə qeyri-leqal, gizli fəaliyyət göstərirdiksə, sonradan yarıqapalı, yarıaçıq fəaliyyətə keçdik.

Artıq bizim dərnəyin sıraları genişləndiyindən buna dərnək də demək olmazdı. Hiss olunurdu ki, tədricən ictimai-siyasi təşkilata çevrilmə prosesi gedir. Dərnək içərisində bunu siyasiləşdirməklə bağlı diskussiyalar gedirdi. İki cərəyan var idi. Biri deyirdi ki, artıq siyasiləşdirmənin zamanıdır. Mən də bu qrupda idim. Digərləri bunun vaxtından tez olduğu qənaətində idilər. Biz SSRİ-də gedən prosesləri ciddi izləyirdik. Məlumat aldıq ki, Estoniyanın Tartu şəhərində Tartu Şəhər Xalq Cəbhəsini yaratmaq istəyirlər.

Biz Tartu Xalq Cəbhəsinin proqram və nizamnaməsini əldə etdik. Həkim dostlarımızdan birini Tartu şəhərinə ezam etdik. O, Estoniyada bir sıra görüşlər keçirəndən sonra Naxçıvana qayıtdı və bundan sonra qrup daxilindəki siyasi qanad daha da güclənməyə başladı. Biz artıq prosesləri siyasiləşdirməyi və Naxçıvanda Xalq Cəbhəsinin yaradılmasını təklif etdik.

- Təklifləriniz əlavə müzakirələrə səbəb olmadı?

- Bu zaman ikinci bir diskussiya başladı. Bəziləri dedi ki, AXC yaranandan sonra Naxçıvanda belə bir təşkilat yaranmalıdır. Digərləri bunun əleyhinə idi. Buna baxmayaraq, Naxçıvan Xalq Cəbhəsi AXC-dən əvvəl yarandı. Əbülfəz bəy də o zaman Naxçıvana gəldi və təsis konfransında iştirak etdi. Bu addım müəyyən şəxslər tərəfindən yanlış qiymətləndirilirdi. Bizi separatçılıqda ittiham edirdilər. Bu təşkilatda sədr yox idi və kollegial şəkildə idarə olunurdu.

- Naxçıvandan söz düşmüşkən, siz naxçıvanlıların bir araya toplaşdığı və Naxçıvanda 1991-ci ildə təsis edilən Azərbaycan Demokrat Partiyasının həmsədri olmusunuz. Necə oldu bu partiyaya gəldiniz? AXC-dən ADP-yə keçid ziddiyyətli deyil?

- Burada ziddiyyətli heç nə yoxdur. Həmin dövrdə AXC daxilində də müxtəlif siyasi, ideoloji görüşlü insanlar və qruplar var idi. Biz, ümumiyyətlə, siyasiləşməyin tərəfdarı idik. Həm Azərbaycan Xalq Cəbhəsi, həm də Naxçıvan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları güclü idi. Biz həmfikir olanların bir partiyada birləşməyinin daha düzgün olduğu qənaətinə gəldik. Bundan sonra ADP-ni yaratmaq qərarına gəldik.

- Bir az qaranlıq qaldı və istərdik növbəti sualımıza verdiyiniz cavabla bu qaranlıq məqamlara aydınlıq gətirəsiniz. Siz ADP-ni yaradanda hələ də AXC İdarə Heyətinin üzvü olaraq qalırdınız?

- Özümdən danışmağı çox sevmirəm. Ancaq sualınıza aydınlıq gətirmək üçün vadar edirsiniz ki, özüm barədə bəzi məlumatları verim. Azərbaycanda ilk istefa mədəniyyətini ortaya qoyanlardan biri mənəm. 1989-cu il dekabrın 10-da AXC İdarə Heyətindən istefa vermişəm. SSRİ DTK-nın prosesləri zorakılığa doğru yönləndirməsi və AXC rəhbərliyinin bunun qarşısını ala bilməməsi mənim istefama səbəb oldu. İstefamdan 40 gün sonra 20 Yanvar faciəsi baş verdi. Moskva AXC-nin artan gücündən, nüfuzundan qorxuya düşərək düşünülmüş şəkildə provakasiyalar həyata keçirirdi.

Ancaq AXC rəhbərliyi hadisələri düzgün qiymətləndirə bilmirdi. Həmin dövrdə “Azdrama”da keçirilən konfransdakı çıxışımda açıqlama verib istefamın səbəbləri barədə danışmışam. Onu da deyim ki, AXC İdarə Heyətinin üzvü kimi çıxış etməyimə qarşı olanlar məni tribunaya buraxmaq istəmirdilər. “KQB”nin agenturası, xarakterinə görə ekstremizmə meylli insanlar çıxışıma qarşı idilər. Bunlar da yekcins deyildi.

- O zaman Naxçıvanda bir qrup Heydər Əliyevin gəlişinə qarşı olsa da, bunu dəstəkləyənlər də az deyildi. Sülhəddin Əkbər hansı tərəfdə yer alırdı?

- Naxçıvan Xalq Cəbhəsinin rəhbərliyində də bu bölünmə var idi. Bəziləri lehinə, bəziləri əleyhinə, bəziləri isə neytral idi. Mən, Sərdar Cəlaloğlu və Elman Cəlilov Heydər Əliyevin gəlişinin əleyhinə olan cəbhədə yer alırdıq.

- AXC içərisində liberallar və qatı millətçilər var idi. Belə güclü ideoloji meyllənmələr də sonradan parçalanmalara gətirib çıxardı.  Siz hansı cəbhədə idiniz?

- Mən həmişə liberal görüşə üstünlük vermişəm. O vaxt da liberal idim.

- AXC-nin proqram və nizamnaməsində Azərbaycanın müstəqilliyə nail olması üçün hədəflər məsələsi öz əksini tapmamışdı. Siz necə, Azərbaycanın müstəqil olacağına inanırdınız?

- Biz nəinki inanırdıq, həm də Azərbaycanın bütövləşməsi, birləşməsi məsələsini ortalığa atmışdıq...

- Bu məsələlər niyə AXC-nin proqramına salınmamışdı?

- Bu proqram balanslaşdırılmış şəkildə hazırlanmışdı. Bu, siyasi görüşlərin bir sintezi idi. Dediyiniz məsələlərin proqrama daxil edilməməsinin obyektiv səbəbləri var idi. Çünki DTK, Kommunist Partiyası Mərkəzi Komitəsi zəifləsə də, hələ mövcud idi. Həm də əksəriyyət müstəqillik ideyasını mənimsəməmişdi. Heç kim inanmırdı ki, SSRİ yaxın perspektivdə dağılacaq və Azərbaycanın müstəqilliyi üçün əlverişli şərait yaranacaq.

- Həkimlikdən siyasi həyata adlamanızın tarixi barədə qısaca məlumat verdiniz. Dediniz ki, AXC-dən istefa vermişdiniz və ADP-ni yaratmışdınız. Ancaq nəticədə AXC hakimiyyəti illərində milli təhlükəsizlik nazirinin müavini postuna təyin olundunuz. İxtisasca həkim olan bir insan üçün belə böyük yükün altına girmək çətin deyildi?

- Təbii ki, çətin idi. O zaman deputatlığa namizədliyimi irəli sürdüyüm dairədə məni dəstəkləyirdilər. Yalnız bir kənddə parçalanma var idi. Mən o zaman ADP üzvü idim. Vəzifəyə təyinatımla bağlı isə danışıqlarda iştirak etməmişdim. Mənə heç bir xəbərdarlıq edilməmişdi. Bunu danışıqlarda iştirak edən şəxslər də təsdiqləyə bilərlər.

Milli Məclisin iclas zalında əyləşmişdim. Rəhmətlik Aslan Aslanov yaxınlaşdı və məni təbrik etdiyini bildirdi. Açığı məni niyə görə təbrik etdiyini bilmirdim. Sən demə, mənim təyinatımla bağlı danışıqlar olub və Aslan Aslanovun da bundan xəbəri var imiş. İlk dəfə o, milli təhlükəsizlik nazirinin müavini olacağımı xəbərini verdi. Nazir müavini təyin olunmağımla bağlı danışıqlar Yaqub Məmmədovla aparılıb.

AXC rəhbərliyi daxili işlər naziri postuna İsgəndər Həmidovun namizədliyini irəli sürəndə, Yaqub Məmmədov da Fəxrəddin Təhməzovu milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmasını istəyib.

Sonradan əldə etdiyim məlumatlara görə, İsa Qəmbər də Fəxrəddin Təhməzovun birinci müavini vəzifəsinə mənim namizədliyimi irəli sürüb.

Bu vəzifənin öhdəsindən gəlmək mənim üçün elə də asan deyildi. Yeni müstəqilliyini bərpa etmiş bir dövlətdə, müharibə və xarici müdaxilələrin olduğu bir şəraitdə xüsusi xidmət orqanına rəhbərlik etmək çox çətin idi. Amma bu çətinlik 5-6 ay çəkdi. Strukturu, təlimatları, əmrləri öyrənənə qədər problemlər ortaya çıxırdı.  Əsas problemlərdən biri də kənardan gələn adam kimi kollektivin məni qəbul etməsi idi.

Ancaq rəhbər şəxsi heyətlə apardığım işin nəticəsi olaraq artıq bir müddətdən sonra məsələlərə peşəkar yanaşmağa başladım. Mənim təşəbbüsümlə xüsusi xidmət məktəbinin açılışı oldu. Sərhəd qoşunlarının yaradılması, əks-kəşfiyyatın qurulması, xüsusi təyinatlı dəstənin təşkil edilməsi mənim şəxsi heyət tərəfindən qəbul olunmağıma yol açdı.


- Hüquq sistemin içərisində yetişən şəxslər dura-dura və  AXC-də olmaya-olmaya İsa Qəmbər niyə görə sizin təyin olunmağınızı təkid etmişdi?

- Görünür, mənim təyinatımda etibar məsələsi ön plana çıxmışdı. Həm də o dövrdə peşəkar kadr yox idi.

- O dövr təhlükəsizlik sistemi üçün qeyri-peşəkar olduğunuzu etiraf etsəniz də, çoxlu işlər də görmüsünüz. Bu işlər üçün strategiya lazım idi. Bu strateji təcrübəni siz necə qazanmışdınız?

- Məsələlərə kompleks yanaşmam, sistemli düşünmə tərzim buna imkan verirdi. Hərəkata qoşulduğum illərdə təhlükəsizlik məsələləri ilə maraqlanmışam.

- Güc strukturunun rəhbərliyində təmsil olunduğunuz vaxtlarda həm də DTK arxivlərinin açılmasının əleyhinə olmusunuz...

- Prinsipcə əleyhinə deyildim. Sadəcə olaraq, hansı şərtlərdə və şəraitdə arxivlərin açılmasını göstərmişəm. O zaman siyasi rəhbərlik istəsəydi, arxivlər açılardı. Təsəvvür edin, dövlət müstəqilliyini yenicə bərpa etdiyi, ölkə müharibə şəraitində olduğu, xarici ölkələrin kəşfiyyat orqanları aktiv təxribatla məşğul olduğu bir zamanda arxivlər açılır. Onsuz da agentura şok vəziyyətində idi və demək olar ki, çalışmırdı. Üstəgəl, Azərbaycanda o zaman sirlərin müxtəlif  kateqoriyaları üzrə heç bir qanun yox idi.

Sirlərlə bağlı hüquqi mexanizmin olmadığı belə bir şəraitdə MTN rəhbərliyindən də operativ informasiyaların verilməsi tələb olunur. Təklif edirdim ki, arxivlərin hansı şəraitdə və necə açılması barədə qanun qəbul olunmalıdır. Bundan sonra müstəqil komissiya yaradılmalı və arxivlər açılmalı idi. Arxivlərin açılacağı halda biz Azərbaycanın milli təhlükəsizliyinə xidmət edən şəxslərin qorunacağına zəmanət verməli idik. Əks halda, demək olar ki, MTN öz işini uzun müddətə dayandırmalı olacaqdı. Siz peşəkar deyilsiniz və bilmirəm nə dərəcədə məlumatınız var.

Amma sizə aydın olması üçün bəzi məsələləri aydınlaşdırmaq istəyirəm. Bir anlıq təsəvvür edin ki, ölkədə agentura şəbəkəsi işləmir. Belə olan halda MTN siz jurnalistlərin də əldə edə biləcəyi açıq qaynaqlardan öz məlumatlarını alacaqdı. Yəni məxfi, gizli informasiya kanalları bağlanacaqdı.

SSRİ DTK-sı ilə əməkdaşlıq edən şəxslər barədə bütün arxivlərin açılmasından sonra MTN üçün yeni baza yaratmağa illərlə vaxt sərf olunmalı idi. Digər tərəfdən, biz müharibə aparırdıq. Təsəvvür edin ki, bizə düşmən tərəfdən çox qiymətli məlumat gətirən mənbə var. Arxivlərin açılmasından sonra həmin mənbələr ifşa olunacaqdı. Onun şəxsi taleyi bir tərəfə qalsın, bu milli təhlükəsizliyə də böyük zərbə vuracaqdı. Belə həssas məsələlər var idi.

- AXC hakimiyyəti daxilində qruplaşmalar olub və hətta bu konfliktlərlə nəticələnib. Maraqlıdır, Sülhəddin Əkbər hansı qruplaşmanın tərkibində idi?

- Bilirsiniz ki, AXC hakimiyyətə gələndən sonra prezident seçkiləri keçiriləcəkdi. O vaxt prezident səlahiyyətlərini İsa Qəmbər icra edirdi. Mən İsa Qəmbərlə daha sıx çalışırdım. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onunla işləməyə başladım. Müəyyən məsələləri isə ümumi komanda şəklində müzakirə edirdik. Təbii ki, İsa Qəmbərlə daha intensiv müzakirələrimiz olurdu. Aramızda etibarlı münasibət var idi.

- O zaman ölkədə AMİP, ASDP kimi radikal müxalifət mövcud idi. Amma bunları həm də konstruktiv adlandırmaq olardı. Çünki ən azından silahlı müxalifət deyildilər. Bununla paralel olaraq ölkədə silahlı müxalifət də var idi. MTN dəhlizlərində olan şəxs kimi nə düşünürsünüz, silahlı müxalifətin əl-qol açmasında o vaxtkı hakimiyyətin özü maraqlı idi, yoxsa onlar həqiqətən də xaricdən idarə olunurdu?

- Bu məsələlər elə də sadə, birmənalı deyil. O vaxt bilirsiniz ki, yerli özünümüdafiə batalyonları var idi. Bunu yaradanlara siyasi qərarların qəbul olunmasına təsir etmək imkanları baxımından muxtariyyət verilirdi. Mərkəzi hakimiyyət də yeni formalaşdırılırdı. Buna görə də yerli özünümüdafiə batalyonları, onların rəhbərləri, onların arxasından duran qüvvələr siyasi qərarlara təsir edirdi. Onlar əməliyyat planlarının sızmasına da təsir edirdi.    

Tədricən Silahlı Qüvvələr formalaşdıqca, biz özünümüdafiə batalyonlarının işinin koordinasiyasına və onların Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərməsinə çalışırdıq. Ancaq bəziləri o qədər güclənmişdi ki, öz muxtariyyətlərini tam olaraq qoruyub saxlamışdı. Digərləri isə siyasi ambisiyalarla çıxış edir və siyasi proseslərə qarışırdı. Onlar bəzən kənardan da qızışdırılırdı. Onlara deyirdilər ki, siz burda döyüşürsünüz, o birilər də Bakıda hakimiyyətdə oturub. Xarici qüvvələr tərəfindən qızışdırıcı, yönləndirici işlər aparılırdı. Bəzisi əvvəldən Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq içərisində idi. Rusiya kəşfiyyatının isə müxtəlif strukturları var idi və hərəsi də öz strategiyasına, xəttinə  uyğun olaraq təxribat planları həyata keçirirdilər və onların Azərbaycanda böyük bazası var idi. Onlar həm orduda, həm daxili işlər orqanlarında, həm Nazirlər Kabinetində, həm Müdafiə Nazirliyində, həm də MTN-də vardılar.

- Siz xüsusi xidmətə rəhbərlik edən nazirin birinci müavini idiniz. Çox güman ki, kimin hara işlədiyindən də məlumatınız olurdu.  Niyə bunun qarşısını almırdınız? Ən azı, məncə, həbslər ola bilərdi...

- Bu elə də asan deyildi. Milli təhlükəsizlik nazirinin müavini təyin olunmaq o demək deyildi ki, bu vəzifəyə təyin olunan ilk gündən ölkədəki bütün operativ vəziyyəti  nəzarətə götürməsi mümkündür. Ola bilər ki, uzun müddət vəziyyətə nəzarət etmək mümkün olmur. Çünki bəzən bizə dezinformasiyalar da verilirdi. Mən bunları deməklə özümüzü sığortalamaq istəmirəm. Təbii ki, həmin dövrdə baş verən proseslərdə mən də öz səlahiyyətlərim çərçivəsində cavabdeh idim. Bu məsuliyyətdən bu gün də qaçmıram.

- Dediniz ki, Rusiyanın müxtəlif kəşfiyyat strukturları Azərbaycanda fəallaşmışdılar. Belə məlumat var ki, siz Rəhim Qazıyevin Rusiya Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsindən xəbərdar olmusunuz...

- Bizim hansı məlumatınız olurdusa, bu barədə siyasi rəhbərliyə məruzə edirdik. Bu məlumatlar xüsusi əhəmiyyət daşıyırdı. Həmin dövrdə Azərbaycan dövlətinə sədaqətli olan keçmiş DTK işçiləri var idi. Onlar siz dediyiniz xüsusi xidmət orqanının Azərbaycanda yüzlərlə məxfi əməkdaşını üzə çıxarmışdı. Bu, təbii ki, Rusiya kəşfiyyatına ağır zərbə idi. Hətta siyasi rəhbərlikdə belə bir fikir yaranmışdı ki, Rusiya bunun əvəzini bizdən çox pis çıxacaq. Üstüörütül eyhamlar var idi ki, bir az yavaş gedək. Rəhim Qazıyev haqqında isə zamanında qərar qəbul olunub və bir də bu məsələlərə qayıtmaq istəmirəm.

- AXC iqtidardan iyun qiyamı nəticəsində devrildi. Siz qiyamçı polkovnik Surət Hüseynovun siyasi ambisiyalarının qarşısını almaq üçün nazir müavini olaraq şəxsən onunla görüşmüşdünüz?

- Xeyr. Mənim onunla şəxsi görüşüm olmayıb. Çünki mən xüsusi xidmət orqanının rəhbərlərindən biri idim. Onunla görüşləri siyasi rəhbərlik aparırdı.

- AXC hakimiyyəti devrildi və bundan sonra sizin 1993-1995-ci ilə qədər olan fəaliyyətiniz haqqında məlumat yoxdur...

- 1993-cü ilin iyun ayında həbs olundum. Mənə qarşı iki maddə ilə ittiham irəli sürülmüşdü. Birincisi, Silahlı Qüvvələrdən xalqa qarşı istifadə etmək, ikincisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdum. 1994-cü ilin aprel aynda həbsdən buraxıldım. Azad olunandan sonra, sentyabr ayında AXC-nin Prezident Aparatı önündə icazəsiz mitinqi oldu. Mən həmin mitinqdə iştirak etməməyimə baxmayaraq, yenidən həbs olundum. Haradasa 40 gün də onda həbsdə saxlanıldım.

- 1995-ci ildə Müsavat Partiyası başqanının müavini təyin olundunuz. Yenə etibar məsələsi ön plana çıxmışdı?

- Siyasi fəaliyyətimi davam etdirmək istəyirdim. Siyasi görüşlərimə ən yaxın olan Müsavat Partiyası idi.

- 2010-cu ildə Müsavat Partiyasının Ali Məclis sədri vəzifəsindən istefa verdiniz. 2012-ci ildə Açıq Cəmiyyət Partiyasına sədr gəldiniz. Siz ACP-yə gələndən sonra bu partiyanın lideri, eks-spiker Rəsul Quliyevlə birgə hərəkət edəcəyiniz anonsunu vermişdiniz. Lakin bu əməkdaşlıq alınmadı. Səbəbləri nə idi?

- Alınmamasının səbəbkarı mən deyiləm. Rəsul Quliyevin Azərbaycana gəlməməsi  və siyasi fəaliyyətini davam etdirə bilməməsi buna səbəb oldu. Rəsul Quliyev çox çalışsa da, nəsə əldə olunmadı. Çünki onun Azərbaycana və qonşu ölkələrə gəlməsinə imkan vermədilər. 2013-cü il prezident seçkilərindən sonra isə Rəsul Quliyev ACP-dən istefa verdi. O, özü istefa verəcəyi barədə mənə bildirmişdi. Səbəbini belə izah edirdi ki, onun müxtəlif partiyalarda çoxlu tərəfdarı var. Rəsul Quliyev deyirdi ki, onun bir partiyanın lideri olması siyasi baxımdan məqsədəuyğun deyil.

- Etiraf edək ki, ACP-də Rəsul Quliyevə görə bir araya gəlmişdilər. O isə istefa verdi, sonra siz Azad Demokratlar Partiyasını yaratdınız və onun sədri oldunuz. Hazırda sizin eloktoratınız kimlərdir?

- Azərbaycanda çox təəssüf ki, partiyalar əsasən liderlər ətrafında formalaşır. Bu isə siyasi partiyadan daha çox dəstəyə oxşayır. Mən isə partiyanın ideologiya əsasında formalaşmasının tərəfdarıyam. Buna görə öz baxışlarıma uyğun siyasi partiya yaratdım. Bu, liberal-demokratik partiyadır. Liberalizm prinsiplərininin, fərdiyyətçiliyin, sərbəst rəqabətə dayanan azad bazar iqtisadiyyatının tərəfdarıyam. Bizim partiyanın üzvləri Sülhəddin Əkbərin yox, ümumi xəttin, ideologiyanın tərəfdarıdırlar.

- Rəsul Quliyevlə şəxsi münasibətləriniz nə yerdədir?

- Bizim əvvəldən də şəxsi əlaqələrimiz olmayıb. Mən, sadəcə ACP-yə gələndə onunla siyasi əməkdaşlığımız var idi. O, istefa verdikdən sonra siyasi münasibətlərimiz də yoxdur.

- İsa Qəmbərlə aranız necədir? Küsülü deyilsiniz ki?

- Siyasətdə küsülü olmaq qətiyyən düzgün deyil.

- Neçə yaşınız var?

- 55 yaşım olacaq.

- Amma yaxşı formadasınız. Deyəsən, idmanla məşğul olursunuz?

- Təşəkkür edirəm. Peşəkar idmanla məşğul olmuram. Amma formada qalmaq üçün hər gün idmanla məşğul oluram. Boş vaxtlarımda ailəmlə gəzintiyə çıxıram.

- Bəzi siyasətçilər kitab yazır.  Yəqin ki, siz də hansısa kitab üzərində işləyirsiniz.

- Bəli. Düşünürəm ki, yeni yazdığım kitab gənc siyasətçilər üçün maraqlı olacaq. Dövlət siyasətinin əsasları haqqında iddialı mövzu ətrafında kitab yazıram. Kitabın strukturu, əsası hazırdır. Ancaq çox məsuliyyətli məsələ olduğu üçün bir sıra məsələlərin üzərindən təkrar-təkrar keçməli oluram. Seçki ilə olduğuna görə kitaba çox vaxt ayıra bilmirəm. İmkanım olanda bədii ədəbiyyat da oxuyuram, filmləri izləyirəm.


Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13