Modern.az

Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Təhsil

20 Aprel 2015, 15:38


Bu gün respublika fənn olimpiadalarının final mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ekspertləri, müəllimlər, şagirdlər, valideynlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mikayıl Cabbarov ümumtəhsil məktəblərində şagirdlər arasında keçirilən respublika fənn olimpiadalarından danışıb:" Şagirdlər arasında respublika fənn olimpiadasının keçirilməsi, onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək əhəmiyyət daşıyır".

Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb.

“Azərbaycan təhsilinin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzindədir. Bunun əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu şəkildə davam etdirilir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr müstəsna əhəmiyyət daşıyır. Fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird qatılıb”.

Nazir bu il fənn olimpiadalarının keçirilməsinin bir sıra yeniliklərlə müşayiət olunduğunu da  vurğulayıb:”İlk dəfə olaraq 3 mərhələdə keçirilmiş fənn olimpiadalarının I - rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22 min şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilmiş yarım final mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində 240 nəfər mükafatçı sırasına daxil olub. Qaliblər arasında beynəlxalq fənn olimpiadalarına da namizədlər seçicələk”.  

Nazir daha sonra orta məktəb şagirdlərinin olimpiadalara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini vurğulayıb və belə möhtəşəm bilik yarışının keçirilməsində əməyi olan hər kəsə təşəkkürürnü bildirib.  

Sonra çıxış edənlər məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan təhsilinin uğurlarının ilbəil artdığını vurğulayıb, bütün bu nailiyyətlərin Təhsil Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində qazandığını bildiriblər.

Qeyd edək ki, Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədaləti qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə