Modern.az

Müharibələr çoxalır

Müharibələr çoxalır

Təhsil

21 Aprel 2015, 08:50

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Sevinc Fətəliyeva AŞ PA-da çıxışında bildirib ki, bu gün dünyanın hər bir yerində eskalasiya və xoşagəlməz hadisələr müşahidə olunur.

Modern.az az saytı xəbər verir ki, deputat Yaxın Şərq, Ukraynadakı hadisələr, dünyanın müxtəlif ölkələrində terror aktları və iğtişaşlar buna nümunə çəkib: “Hər sessiyamizda mövzu ilə əlaqəli müzakirə olunan ölkələrin siyahısı çoxalır. Lakın bir sual yaranır: Bu mübarizə nəyin naminə aparılır? İnsan qanı nəyin naminə tökülür?

Təbii ki, bütün bu hadisələrin hamısı hər ölkənin öz tarixinə və ümumiyyətlə dünya tarixinə düşəcək. Lakın tarixdə hansı adla əksini tapacaq ? Təcrübə göstərir ki, eyni hadisələr illər öncə baş verməsindən asılı olmayaraq müxtəlif aspektlərdə interpretasiya olunur və yüz illər sonra qeyri-real, həqiqəti özündə əks etdirməyən tarixi qiymət alır. Qəddarlıq, etnik və dini dözümsüzlük, ərazi iddiaları, hakimiyyət uğrunda mübarizə dünyada hökm sürür. Nədən bəzi hallarda bu qurbanların qanı yerdə qalır, tarixi qiymətini tapmır, digər hallarda isə müharibədə həlak olanlar şəhidlərə çevrilir? Tarixi hadisələr heç vaxt öz tarixi mahiyyətini itirib müəyyən siyasi maraqlara xidmət etmək üçün dəyişə bilməz.

Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlar qarşısında Xocalı soyqırımına siyasi qiymət vermək məsələsini qoyur. İyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, qəbul edilən qərarlara baxmayaraq, hələ də gərginlik ocağı kimi qalır. Hər gün dinc vətəndaşlar həlak olur. Bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi hələ də qeyri-müəyyəndir.

Biz tez-tez AŞPA-da insan haqları mövzusunu müzakirə edirik. Çox nadir hallarda öz doğma torpaqlarından didərgin düşən həmin insanların hüquqlarının pozulması gündəmə gətirilir. Sual yaranır, haradadır o zaman insan haqlarının müdafiəçiləri?

Nə qədər ki, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtmayacaq və onların hüquqları bərpa edilməyəcək, dünyanın müxtəlif ölkələrində qaçqınların sayı artacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayana qədər, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq”.

S.Fətəlieyeva AŞPA-ya üzv ölkələrin nümayəndələrini siyasi preferensiyalarda daha diqqətli olmağa, baş verən hadisələrə daha həssas yanaşmağa və insan həyatının nə qədər dəyərli olduğunu həmişə xatırlamağa çağırıb.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə