“Narinci inqilab” ların sponsoru, məşhur birja maxinatoru və milyarder Circ Sorosun maliyyələşdirdiyi Amerika portalı Azərbaycanın Mədəniyyət və Turizim Nazirliyinin Avropa oyunları ərəfəsində otellərdə səhər yeməyinə dair irəli sürdüyü layihəni əsassız olaraq tənqid edib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev Modern.az saytına açıqlamasında bunu Qərbin bəzi dairələrinin Azərbaycana qarşı yürütdükləri məkirli siyasətin davamı olduğunu vurğulayıb:“Qərbin ikili standartlar siyasəti artıq bütün sahələrə sirayət edir. Ənənəvi olaraq insan haqqları, söz azadlığı, demokratik azadlıqlardan bəhs edən üzdəniraq demokratlar indidə Azərbaycanın Mədəniyyət və Turizim Nazirliyinin Avropa Oyunlarında ölkəmizə gələcək iştirakçılara, turistlərə Azərbaycanın milli səhər yeməyi verilməsi ilə bağlı irəli sürdüyü layihəni hədəfə alıblar. Əslində bu Qərbin bəzi dairələrinin Azərbaycana qarşı yürütdükləri məkirli siyasətin davamıdır”.
Deputat bildirib ki, Mədəniyyət və Turizim Nazirliyinin təşəbbüsü ilə «Azərbaycan brekfast» adlı layihəni həyata keçrilməsində məqsəd ölkəmizə gələcək hər bir turistə milli mətbəximizin müxtəlif nemətlərinin təqdim olunmasıdır.
“Dünya təcrübəsi göstərir ki, bütün turistlər getdikləri məkanlarda həmin ölkənin yeməklərindən istifadə edirlər. Bu layihə otellərə tövsiyə olunacaq. Layihədən istifadə etməyə isə otellər özləri qərar verəcəklər. İlk Avropa Oyunlarının keçiriləcəyi vaxt yaxınlaşdıqca Azərbaycanın əldə etdiyi uğurları həzm edəbilməyənlərin gücü ancaq belə ürəkbulandıran yazıları çap etməyə çatır. Bizim bədxaqların bütün cəhdlərinə baxmayaraq İlk Avropa Oyunları Azərbaycanda böyük uğurla keçiriləcək” deyə deputat vurğulayıb.
Modern.az